Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə Azərbaycan vətəndaşlarından dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. Vətəndaşlarımız Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər.
Teleqraf.com Prezidentin saytına istinadla dövlətimizin başçısına ünvanlanan məktubların bir qismini təqdim edir.
Laçın rayonundan məcburi köçkün, 2-ci qrup Qarabağ müharibəsi əlili Müseyib İbrahimov yazır:
“Cənab Prezident, dünyanı cənginə alan koronavirusun ölkəmizə təsirinin minimuma endirilməsi üçün görülən tədbirlər Sizin hər bir azərbaycanlının Prezidenti olduğunuzu sübut edir. Bu infeksiyanın dünyanın ən qüdrətli ölkələrində ciddi tələfatlara səbəb olsa da, Azərbaycana ciddi ziyan vura bilməməsi bir daha göstərdi ki, respublikamızda görülən tədbirlər səmərəlidir. Bu da ölkəmizin əmin əllərdə olduğunu bir daha nümayiş etdirir, xalqımızı qürurlandırır.
Cənab Prezident, hər bir vətəndaşın qayğısına qalaraq ölkəmizin inkişafı, xalqımızın rifahı üçün yorulmadan çalışdığınıza görə Sizə və Mehriban xanım Əliyevaya dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Allah Sizi və ailənizi qorusun!”.
Neftçala rayonunun Ərəbqardaşbəyli kəndindən Qarabağ müharibəsi veteranı Naib Məmmədovun məktubunda deyilir:
“Möhtərəm cənab Prezident, Siz bizim güvən yerimiz və dayağımızsınız. Sizə təşəkkür etməklə az da olsa, borcumdan çıxmağa çalışdım.
Əziz Prezidentimiz, hazırda dünyada baş verən hadisələr hamıya bəllidir. Belə bir çətin dövrdə Sizin pandemiya ilə qətiyyətlə mübarizə apardığınızın şahidiyik. Eyni zamanda, ədalətsiz, rüşvətxor məmurlara qarşı apardığınız mübarizə də göz qabağındadır. Bir Qarabağ qazisi olaraq hər zaman Sizin yanınızdayam, möhtərəm cənab Prezident!
Koronavirus kimi qlobal məsələlər fonunda əhalinin sosial rifahı üçün atdığınız addımlar Sizin nə qədər güclü və qayğıkeş Prezident olduğunuzun göstəricisidir. Qonşu Bala Surra kəndinin qazlaşdırılması istiqamətində görülən işlərə görə bütün kənd sakinləri adından Sizə təşəkkür edir, gələcək işlərinizdə uğurlar arzulayıram”.
Goranboy rayonunun Meşəli kəndindən gənc müəllim Elçin Nurməmmədov dövlətimizin başçısına minnətdarlığını bu sözlərlə ifadə edir:
“Hörmətli cənab Prezident, koronavirus pandemiyasının geniş yayıldığı bir dövrdə xalqımıza göstərdiyiniz diqqət və qayğıya görə gənc müəllim olaraq öz adımdan və ailəmizin adından Sizə təşəkkürümü bildirirəm. Pandemiyanın qarşısını almaq məqsədilə görülən bütün tədbirlər alqışalayiqdir. Sizin daim diqqət mərkəzində saxladığınız sahələrdən biri də təhsildir. Biz müəllimlər təhsilin, həmçinin qaçqınların və məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılmasının hər zaman diqqətinizin mərkəzində olmasının şahidiyik.
Cənab Prezident, əmin ola bilərsiniz ki, "Biz birlikdə güclüyük!" çağırışınızı biz müəllimlər də yaşam amalına çevirmişik. Bundan sonra da əlimizdən gələni əsirgəməyəcək, müstəqil, güclü Azərbaycan dövlətinin və xalqının etibarlı və firavan gələcəyinə, sosial rifahına hesablanmış uzaqgörən siyasətinizi daim dəstəkləyəcəyik. Ulu Tanrı xalqımızın daha sağlam və firavan sabahı naminə Sizi və ailənizi qorusun!”.
Göyçay rayonunun sakini Ceyhun Mütəllimov yazır:
“Hörmətli cənab Prezident, xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir. Bu sözlər Ulu Öndərimiz Heydər Əliyevə məxsusdur. Bu gün xalqımızın üzləşdiyi çətin günlərdə Sizin həyata keçirdiyiniz işlər hər bir vətəndaşın taleyinin dövlət üçün nə qədər qiymətli olduğunu göstərdi. Xalq-iqtidar birliyini yaratdığınıza görə Sizə bir Azərbaycan ziyalısı kimi öz minnətdarlığımı bildirirəm. Sizin gördüyünüz bütün işlər xalqın həyat səviyyəsinin yaxşılaşdırılması üçündür. Fəaliyyətiniz göz qabağındadır. Xalq Sizi sevir, daxili və xarici siyasətinizi alqışlayır, xoş və çətin günlərdə Sizinlə birgə olduğunu bildirir.
Cənab Prezident, biz Sizinləyik, biz birlikdə güclüyük!”.