Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə Azərbaycan vətəndaşlarından dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. Vətəndaşlarımız Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər.
Teleqraf.com Prezidentin saytına istinadla dövlətimizin başçısına ünvanlanan məktubların bir qismini təqdim edir:
Siyəzən rayonunda yaşayan məktəbli Seyidzəhra İsmayılova:
“Əziz və hörmətli Prezidentimiz, mənim 12 yaşım var. Bir məktəbli olaraq Sizinlə fəxr edirəm. Çox sevinirəm ki, ölkəmizə Sizin kimi uzaqgörən siyasi xadim rəhbərlik edir. Bizim ailəmiz Sizi daim dəstəkləyib, bundan sonra da dəstəkləyəcək. Dünyada yayılmış koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi. Lakin Sizin tapşırığınızla görülən işlər bu bəlanın qarşısını almağa kömək etdi. Qaydalara tam riayət edirəm. Bir məktəbli olaraq əminəm ki, Sizin müdrik rəhbərliyinizlə biz tezliklə bu bəladan xilas olacağıq. Əminəm ki, tezliklə məktəblər açılacaq və biz təhsilimizi davam etdirəcəyik. Allah Sizi və xalqımızı qorusun!”.
Kürdəmir rayonunda yaşayan 71 yaşlı təqaüdçü müəllim Elza Yunusova xalqımıza göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edərək yazır:
“Əziz və hörmətli Prezidentimiz, mən 71 yaşlı təqaüdçü müəllim, tələbə, əsgər nənəsi olaraq Sizə və Mehriban xanıma xalqımıza qayğı ilə yanaşdığınıza görə təşəkkür edirəm. Dünyanı qəflətən bürüyən koronavirus bəlasının yaratdığı çətin dövrdə Siz hamımıza hərtərəfli dayaq oldunuz, hər bir vətəndaşı ayrı-ayrılıqda diqqət və qayğı ilə əhatə etdiniz. Xalqına daim böyük qayğı göstərən, onun yolunda hər bir çətinliyə sinə gərən ulu öndər Heydər Əliyevin varisi, düşünürəm ki, belə də etməlidir. Allahdan Sizə möhkəm cansağlığı arzu edirəm. Bu xeyirxah əməllərinizdə yolunuz daim açıq, işiniz avand olsun”.
Yevlax rayonunun Ərəş kəndinin sakini Mais Mehdiyevin məktubunda qeyd edilir:
“Hörmətli cənab Prezident, dünyanı öz əsarətinə almış koronavirus xəstəliyi Azərbaycana çox zəif təsir göstərə bildi. Sizin uğurlu daxili və xarici siyasətiniz dünya ictimaiyyəti tərəfindən hörmətlə qarşılanır. Pandemiya dövründə Azərbaycanda xalqın maarifləndirilməsi, karantin rejiminin düzgün həyata keçirilməsi, həkimlərin, tibb işçilərinin gərgin fəaliyyəti ilə dövlətimiz koronavirus xəstəliyinə qalib gəlməkdədir. Bu işlərin hamısı Sizin və Mehriban xanımın sayəsində həyata keçirildi. İşləməyən insanlara birdəfəlik 190 manat verilməsi də bütün xalqın sevincinə səbəb olub. Mən bir zəhmətkeş insan kimi deyirəm ki, Sizin adınız tarixə qızıl hərflərlə həkk olunur.
Möhtərəm Prezident, bizim kənd da daxil olmaqla üç kəndin əhalisi yolumuzun yaxşı vəziyyətdə olmaması ilə əlaqədar Sizə məktub ünvanlamışdıq. Sizin tapşırığınızla bu kəndlərin yoluna geniş və keyfiyyətli asfalt döşənib, 5-6 yerdə dayanacaqlar quraşdırılıb. Həmin kəndlərin əhalisi də Sizə uzun ömür, cansağlığı arzulayır”.