Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) rəhbəri Helen Klark Azərbaycana səfəri çərçivəsində rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdə nazir Əli Abbasov BMTİP ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, eyni zamanda bütün sahələrdə, o cümlədən, rabitə və yüksək texnologiyalar sferasında qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.
Həyata keçirilən milli və regional layihələrdən söz açan nazir xüsusilə TASİM-ə toxunaraq, Birləşmiş Millətlər Təşkilatı tərəfindən layihəyə göstərilən dəstəyi, eyni zamanda BMTİP rəhbərliyi ilə keçirilən müxtəlif səviyyəli görüşlərdə Helen Klarkın ölkəmizə münasibətini yüksək qiymətləndirib.
BMTİP rəhbəri də, öz növbəsində Dünya İqtisadi Forumu (DİF) tərəfindən hazırlanmış “Qlobal informasiya texnologiyaları hesabatı 2014”-də informasiya texnologiyaları sahəsində inkişafı əks etdirən “Şəbəkələşmə hazırlığı indeksi” göstəricisinə görə Azərbaycanın ötənilki mövqeyindən 7 pillə irəliləyərək, 49-cu pillədə qərarlaşmasını yüksək dəyərləndirib.
Ölkəmizin donor kimi aktiv fəaliyyətinə də böyük önəm verən Helen Klark xüsusən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin BMTİP-lə tərəfdaşlığı çərçivəsində Əfqanıstandan olan həmkarlarına göstərdiyi dəstəyi diqqətə çatdırıb. Ölkəmizin İKT sahəsində həyata keçirdiyi uğurlu layihələrin mütərəqqi təcrübə kimi digər ölkələrə də yayılmasının vacibliyinə toxunan BMTİP rəsmisi təşkilatın Azərbaycanla qurulan əməkdaşlıq istiqamətlərini daha da genişləndirmək niyyətində olduğunu vurğulayıb.
İlhamə