Artıq iki aydır ki, pandemiya səbəbilə karantin şəraitində yaşayırıq.
Teleqraf.com xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib:
"Bu, Bakı şəhər icra hakimiyyəti strukturları qarşısında yeni mərhələ qoyur. Bu çağırışlara strukturlarımız hazır olur. Azərbaycanda yaranmış dövlətin iqtisadi siyasi modeli bu mərhələdə öz səmərəliyini göstərdi. Bu səbəblə nazirlər kabineti yanında Operativ Qərargah yaradıldı, sərhədlər bağlandı, ərzaq bazası yaradıldı. Bu, bizim uğurumuzun göstəricisidir" .
Eldar Əzizov bildirib ki, ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq dezinfeksiya işləri ölkədə virus aşkarlanmamış başlayıb: "Bakıda 11700 bina var və bu binaların hər biri dezinfeksiya olunur. Eyni zamanda küçə və prospektlərində güclü dezinfeksiya aparılır. Azərbaycanın siyasi modeli güclüdür və bunun göstəricisidir ki, ölkə strukturlarının güclü maddi-texniki bazası var" .
O bildirib ki, təmizlik dezinfeksiyadan başlayır: "Bakı mürəkkəb amillərdən formalaşıb və belə şəhəri təmiz saxlamaq çətin. Lakin görülən işlər nəticəsində, paytaxtımız təmizdir. Bu işlərdə hər gün 2000 nəfər iştirak edir və İcra Hakimiyyətinin müxtəlif strukturlarında çalışırlar".
Eldar Əzizov qeyd edib ki, kooperativ binaların sayı 11000-dən çoxdur və onların hər biri icra hakimiyyəti tərəfindən dezinfeksiya olunur: "Bu gün bizim dezinfeksiya işlərimiz davam edir. Problemimiz yalnız sakinləri inandırmaqdır. Virus bu gün də fəaliyyətdədir. Onun əsas çıxış yolu özünü təcrid etməkdədir. Maarifləndirmə işlərini gücləndiririk. Dezinfeksiya işləri və digər tədbirlər köməkçi xarakter daşıyır. Amma vətəndaşlar özünü təcrid qaydalarına riayət etməsələr, qoruyucu vasitələrdən istifadə etməsələr, biz ikinci dalğanın öhdəsindən gələ bilmərik".
Eldar Əzizov bildirib ki, bu gün qaydaların yumşaldılması o demək deyil ki, qaydaları pozmaq lazımdır: "İki aydır təbliğat aparılır, lakin avtobuslarda sıxlıq davam edir. Biz başa düşməliyik ki, bəşər tarixində belə epidemiyalar hər zaman olub. Bütün ölkələr virusa tabe olub. Qaydalara riayət etmək vacib məsələdir. Əks halda biz yay aylarında da epidemiyanın ikinci dalğası ilə üzləşəcəyik. İstirahət zamanı da sosial məsafəni qoruyub, maskalardan istifadə etməliyik".