"Azərbaycanın təhvil verdiyi əsirin Yerevan aeroportunda gülünc çıxışı Ermənistan xüsusi xidmət orqanlarının növbəti şousudur"
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan KİV-də Azərbaycan tərəfindən üçüncü ölkəyə təhvil verilən erməni hərbi əsir barədə yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Ermənistan kütləvi informasiya vasitələri 2013-cü ilin avqust ayında qoşunların təmas xəttində hərbiçilərimiz tərəfindən saxlanılan və cari ilin avqust ayında Azərbaycan tərəfindən üçüncü ölkəyə təhvil verilən hərbi əsir Akop İnciqulyanın Yerevana geri qayıtması barədə birtərəfli qaydada, faktları təhrif etməklə və erməni ictimaiyyətini çaşdıran, təəccüb və təəssüf doğuracaq məlumatlar yayıblar.
Müdafiə Nazirliyi bildirir ki, A.İnciqulyan şüurlu surətdə döyüş postunu könüllü tərk edərək silahı ilə birlikdə Azərbaycan həbçilərinə təslim olduqdan sonra ona qarşı heç bir təzyiq və təsir göstərilmədiyini, Ermənistana geri qayıtmayacağını və üçüncü ölkədə yaşamaq istədiyini dəfələrlə bəyan edib: "A.İnciqulyan Cenevrə Konvensiyasının tələbləri ona tətbiq edilmək şərtilə müəyyən olunmuş qaydada və müvafiq yerdə saxlanılıb, ona qarşı nə beynəlxalq, nə də insani qanunlara zidd olan hərəkətlər tətbiq edilməyib. O müvafiq beynəlxalq təşkilatların qayğısı ilə əhatə edilib, onunla bağlı həyata keçirilən bütün tədbirlər həmin təşkilatların nəzarəti altında icra olunub".
Qeyd olunub ki, A.İnciqulyan və onunla bir yerdə saxlanılan digər 5 nəfər Ermənistan vətəndaşından ibarət ailənin Ermənistana geri qaytarılması barədə rəsmi Bakının dəfələrlə və təkidlə beynəlxalq təşkilatlar, o cümlədən, erməni tərəfi qarşısında məsələ qaldırmasına baxmayaraq, hər dəfə rəsmi Yerevanın hərbi-siyasi rejimi öz vətəndaşlarına qarşı etinasızlıq nümayiş etdirərək onların taleyinə biganə münasibət sərgiləyib: "Bu səbəbdən də hazırda Azərbaycanda saxlanılan ermənilər Ermənistandan imtina edərək üçüncü ölkədə sığınacaq tapmaq niyyətindədirlər. Erməni mətbuatının yaydığı şəkillərdə gümrah və sağlam A.İnciqulyanla guya "ona qarşı Azərbaycanda təzyiqlərin və işgəncələrin verilməsi" fikri arasında uyğunsuzluq açıq-aydın görünür və bu, ermənilərin növbəti uydurması kimi qiymətləndirilməlidir".
Nazirlik bildirir ki, eynəlxalq təşkilatın himayəsi altında olan və bu kimi şəxslər barədə konfidensial hesab edilən məlumatların, konkret olaraq hansı ölkəyə verilməsi kimi informasiyanın gizli saxlanılması tələb olunsa da, bu barədə məlumatın Ermənistan tərəfinə ötürülməsi xeyli şübhə doğuran məqamlardandır: "Şübhə yox ki, A.İnciqulyanın yerini müəyyənləşdirən, bu məqsədlə kriminal qruplaşmalarla sıx əlaqədə olan erməni diasporunun xidmətlərindən istifadə edən Ermənistan tərəfi, onun ailə üzvlərinə və yaxınlarına təzyiq göstərməklə Yerevana guya könüllü olaraq geri qayıtdığını deməyə məcbur ediblər".
Müdafiə Nazirliyi bir daha bildirir ki, A.İnciqulyanın Yerevan aeroportunda əvvəlcədən hazırlanmış formada təmtəraqlı qarşılanması, Azərbaycana qarşı nifrət, Ermənistana isə məhəbbət dolu müsahibəsi, bu prosedurların erməni kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılması, onun yenidən orduya qayıdaraq xidmətinin qalan hissəsinin də çəkilməsi kimi gülünc təşəbbüslə çıxış etməsi eyni mərkəzdən, özü də Ermənistanın xüsusi xidmət orqanları tərəfindən ssenariləşdirilən və həyata keçirilən növbəti şoudur.
Ayxan