20 May 2020 13:23
2 987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə havaların isti keçməsi bizə təsir edə bilər, bu ehtimal var. Bu, hava kütləsinin hansı istiqamətdə hərəkət etməsindən asılıdır. Ölkəmizə müxtəlif istiqamətlərdən - şimal, cənub, qərbdən hava kütlələri hərəkət edir. Prosesin inkişafına uyğun olaraq hava kütlələri ölkəmizin iqliminə təsir göstərə, temperaturu bir neçə dərəcə artıra bilər.

Bunu Teleqraf.com-a açıqlamasında hidroloq Rafiq Verdiyev deyib.

O bildirib ki, konkret hava kütləsindən, onun hərəkət istiqamətindən, atmosfer cəbhələrindən asılı olaraq qonşu ölkələrdəki hava kütləsinin bizə təsirini və təsir dərəcəsini müəyyən edirik:

"Ona görə də Türkiyədəki hava kütlələrinin ölkəmizə daxil olması ilə bağlı dəqiq fikir söyləmək çətindir. Bunun üçün xəritələrin, müxtəlif materialların köməyi ilə hesablama aparmaq lazımdır.

Doğrudur, elə hallar olur ki, bəzən soyuq hava kütlələri gələndə temperatur 7-8 dərəcə aşağı düşə bilər. İsti hava kütləsi soyuqdan sonra gəldikdə isə temperatur 8-9, hətta 10 dərəcəyədək yüksələ bilər. Bu, adi haldır".

Hazırda 10 dərəcədən yuxarı istiliyin ölkəyə gələ biləcəyini əsaslandırmağın çətin olduğunu bildirən Rafiq Verdiyev adətən temperaturun il ərzində normadan bir neçə dərəcə yuxarı ola biləcəyini qeyd edib: "Ümumiyyətlə, normadan 2-3 dərəcə yuxarı temperatur ölkə ərazisində davamiyyətli şəkildə müşahidə olunmayıb. Orta hesabla, axırıncı 20-30 ildə norma ilə müqayisədə həm qlobal, həm də ölkə səviyyəsində temperatur 1 dərəcəyə yaxın artıb.

Karbon qazının artması atmosferdə parnik effektinin yaranması, gizlənməsi nəticəsində gələcəkdə yaxın 30 il ərzində temperatur 2 dərəcə, 50 il ərzində 3 dərəcə arta bilər. 70-80 il ərzində bu 5-6 dərəcəyədək yüksələ bilər. Məhz Paris razılaşmasında ölkələr temperatur artmasının qarşısını almaq, növbəti illərdəki artımı maksimum 1-2 dərəcə saxlamaq üçün razılığa gəliblər. Bunun üçün parnik qazının mikqdarını azaltmağı planlaşdırırlar. Bu da 2-3 dərəcə artımın yaxın 50 ildən tez olmaması üçündür. Hətta razılığa görə, 2 dərəcə çox olmasını da istəmirlər. Əks halda bu, ciddi fəlakət yarada bilər və qarşısını almaq çətin ola bilər. Bu sahədə iş aparılır".

Hidroloq əlavə edib ki, yaxın 3 ilə normanın 2-3 dərəcə artacağını demək düzgün olmaz. Orta hesabla, yaxın 20-30 ilə temperatur 1 dərəcədən çox artmayacaq.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər