Bu gün Azərbaycan Cümhuriyyəti tarixinin ən şərəfli hadisələrindən biri olan Gəncə üsyanının başlamasının 100-cü ildönümüdür.
1920-ci il aprelin 27-də ruslar Azərbaycan Cümhuriyyətinin paytaxtını ələ keçirdikdən sonra siyasi təqiblərə başladılar, ölkə ərazisində bütün nəzarəti ələ almaq üçün digər şəhərlərə soxuldular. İşğaldan sonra Azərbaycan Cümhuriyyəti hökumətinin sonuncu Baş naziri Nəsib bəy Yusifbəyli qətlə yetirildi, Müsavat Partiyasının lideri Məhəmmədəmin Rəsulzadə həbs edildi. Azərbaycan Cümhuriyyəti hökumətinin ilk Baş naziri və Xarici İşlər naziri vəzifəsini tutmuş Fətəli xan Xoyski və parlamentin sədrinin müavini Həsən bəy Ağayev mübarizəni davam etdirmək üçün Tiflisə mühacirət etdilər. Belə bir şəraitdə isə Azərbaycan Cümhuriyyətinin birinci paytaxtı Gəncə şəhərində ruslara qarşı üsyan edildi. Üsyan may ayının 22-də Azərbaycan ordusu generallarının rəhbərliyi altında yerli qarnizon qoşunları tərəfindən başladıldı.
Həmin vaxt Gürcüstan işğal altında olmadığına görə, üsyançılar Gürcüstan hökuməti ilə əlaqə yaradaraq bolşeviklərlə mübarizəni birgə həyata keçirmək, Bakını işğaldan azad etməyi qarşılarına məqsəd qoymuşdular. Lakin son nəticədə Gürcüstan hökumətinin sədri N.Jordaniyanın bolşeviklərlə danışıqlara getməsi nəticəsində Gürcüstan Silahlı Qüvvələrinin Baş Komandanı Giorgi Kvinitadze mayın 18-də aldığı əmrə əsasən hərbi əməliyyatları dayandırmaq məcburiyyətində qaldı. Gürcülərin bolşeviklərlə əməkdaşlığa girməsi faktı üsyançılara mayın 28-dən 29-na keçən gecə məlum oldu.
Bu zaman isə üsyan artıq 7 gün idi ki başlamışdı.
Üsyanın liderlərindən biri Azərbaycan Milli ordusunun üçüncü Gəncə alayının komandiri Cahangir bəy Kazımbəyli idi.
Cahangir bəy Kazımbəyli Gəncə üsyanından əvvəlki vəziyyəti mühacirət illərində yazdığı xatirələrində bu şəkildə izah edib:
“Məlumdur ki, bolşeviklər Bakını işğal edən kimi Sovet Azərbaycanı adından Gürcüstana müharibə elan etdilər. Zamanın hərbi komissarı İldırım mənə telefonla zəng edərək dedi:
“Yüksək rütbəli zabit və vətənpərvər olduğunuz üçün Gürcüstan cəbhəsinin komandanı təyin olunursunuz. Dərhal Qazaxa gedib orada yerləşən hissələri təşkilatlandırıb Qırmızı Ordu bölmələrini gözləmədən Gürcüstana hücuma keçməlisiniz”.
Gürcüstana müharibə elan edilməsi zərurətini isə belə izah etdi:
“Bolşeviklər düşmən deyil, dost olaraq gəldilər. Qırmızı Ordu Azərbaycandan keçərək İngiltərə, Fransa və İtaliya birləşmiş qüvvələri ilə vuruşan Mustafa Kamal paşaya kömək edəcək. Azərbaycan ordusu təkcə qardaş Türkiyənin deyil, bütün müsəlman dünyasının müdafiəsi üçün XI Sovet ordusu sıralarına daxil olur. Bu yolda Gürcüstan maneədir. Onu güc ilə silahı yerə qoymağa məcbur etməlisiniz”.
Cahangir bəy Bakıdan bu əmri aldıqdan sonra vəziyyəti yerində tədqiq etmək üçün ora iki zabit göndərir. Bir neçə gün sonra geri dönən zabitlər Bakıda siyasilərin həbs edildiyini, güllələndiyini, əhalinin əmlakının talandığını, aclıq və səfalətin hökm sürdüyü xəbərini gətirirlər.
Bunun ardınca XI Qırmızı ordu Gəncə alayının təftiş edilməsi üçün müfəttiş Melnikovu Gəncəyə göndərir. Üçüncü Gəncə alayının da tabe olduğu birinci Azərbaycan tüməninin komandanı Cavad bəy Şıxlınski vəzifəsindən çıxarılır, əvəzinə Şepeliov təyin edilir. Bütün bunlarda məqsəd nizami şəkildə olan üçüncü Gəncə alayını dağıtmaq idi.
Vəziyyəti belə görən Cahangir bəy narazı qüvvələri və Qarabağda olan Azərbaycan milli ordusunun bölmələrini birləşdirib üsyan planı hazırlayır. Xatirələrində bu barədə yazır:
“Bu vəziyyət məndə bolşeviklərə qarşı aktiv şəkildə çıxış etmək fikrini, gürcü ordusu ilə rabitə yaratmaq, Gəncədə olan qırmızı diviziyanı tərk-silah etdirmək və Qarabağdakı qoşunlarımızla birləşmək, Gürcüstan ordusu ilə birlikdə (Azərbaycan silahlı qüvvələri üsyan etmiş ermənilərə qarşı mübarizə üçün Qarabağda toplaşmışdı) ölkəni bolşeviklərdən təmizləmək və əvvəlki vəziyyəti bərpa etmək fikrini oyatdı... 1920-ci ilin mayın ortalarında Gəncədə vəziyyət o qədər gərginləşmişdi ki, xalqla bolşeviklərin toqquşmasını hər dəqiqə gözləmək olardı”.
Vəziyyəti düzgün qiymətləndirən Cahangir bəy mayın 22-də ilk üsyana başlayır. Qırmızı diviziyanın rəhbərləri həbs edilir, şəhərə nəzarət üsyançıların əlinə keçir. Mayın 23-də səhər saat 6-da üsyanın rəhbərlərinin toplantısı keçirilir, bir neçə qərar qəbul edilir: Yerli hakimiyyət orqanlarını təşkil etmək general Məhəmməd Mirzə Qacara, həm yerli, həm də bolşeviklərdən alınmış artilleriyanı bərpa edib işlək vəziyyətə salmaq general Cavad bəy Şıxlınskiyə tapşırılır. Alayı və partizan dəstələrini idarə etməyi isə Cahangir bəy öz üzərinə götürür.
Mayın 23 və 24-ü üsyançıların qalibiyyəti ilə keçir. Mayın 25-də erməni və bolşevik qüvvələri Yelenendorf istiqamətindən hücuma keçirlər.
Gəncə üsyanının davam etdiyi günlər içərisində ən əzəmətli gün 28 may tarixi idi. Həmin gün artıq ötən il olduğu kimi Bakıda təmtəraqlı mərasimlər keçirilməmiş, şəhər üç rəngli bayrağa bürünməmişdi. Gəncədə isə üsyançılar bolşeviklərə qarşı sonadək mübarizə aparacaqlarına and içmişdilər. Həmin günkü toplantı ilə bağlı Cahangir bəy xatirəsində yazır: “Qoy, biz məğlub olaq, lakin düşmən də öz qələbəsinə doğru yüzlərlə, minlərlə ölüsünün meyitləri üzərindən yerisin. Qoy, 28 May təkcə istiqlalın elanı günü kimi deyil, həm də tariximizə vətən uğrunda şəhidlər verdiyimiz gün olaraq daxil olsun. Qoy, 28 may günündə düşmən həyat və ölüm mübarizəsi ilə qarşılaşsın”.
Təəssüf ki, elə bu vaxt Gürcüstanın bolşeviklərlə bağladıqları müqaviləyə sadiq qalmaları xəbəri Gəncəyə çatır. Üsyançılar yalnız öz güclərinin ümidinə qalırlar.
Cahangir bəy vəziyyəti belə təhlil edir: “... Daimi surətdə yeni-yeni yardım qüvvələri almaqda olan XI ordunu məğlub etmək quru xəyal ola bilərdi. Mənim yeganə məqsədim son imkana qədər çarpışmaq idi”.
28 mayda M.K.Yefremovun komandanlığı ilə bolşeviklərin 18-ci atlı, 20-ci topçu birlikləri şəhər üzərinə hücuma keçirlər. Şəhərə atılan top atəşləri nəticəsində general Cavad bəy Şıxlınski yaralanır.
Mayın 30-dan 3 iyuna qədər hadisələr bolşeviklərin üstünlüyü ilə davam edir. Artıq müqavimət göstərməyin mümkün olmadığını görən Cahangir bəy 3 iyundan 4 iyuna keçən gecə Gəncə alayını buraxır. Özü isə mühacirətə gedərək mübarizəni orada davam etdirir.
Ümumilikdə Gəncə üsyanı nəticəsində 1500-ə yaxın bolşevik əsgəri öldürülür, 2 minə yaxını həbs edilir. Şəhərə girən ruslar 10 minə yaxın insanı qətlə yetirirlər.
Hadisənin şahidlərindən Mirhəsən Binhektar üsyanın yatırılmasından sonrakı olayları belə xatırlayır:
“Bolşevik ordusunun Gəncəni işğal etməsi şəhərə böyük fəlakət gətirdi. Bütün 15 yaşından yuxarı kişilər, xəstə və şikəstlər də daxil olmaqla həbsxanalara dolduruldular. Məhbəslər dolduqdan sonra bir neçə məktəb binası ilə bəzi meydanlar düşərgə halına gətirildi, kişilər toplu şəkildə burada nəzarət altına alındı. Dərhal başlarında erməni və ruslardan ibarət əmniyyət təşkilatları qurularaq xalqın arasından əli silah tuta biləcək kimsələri heç bir təhqiqat və mühakimə etmədən məhv etməyə başladılar... Xalq aclıq və səfalətlə qarşı-qarşıya qalmışdı”.
Gəncə üsyanının nəticəsi Azərbaycan üçün çox ağır olur. Tarixi Gəncə şəhəri tamamilə xarabazara çevrilir. Əgər 1920-ci ildə Gəncə əhalisinin sayı 80 min idisə, 1921-ci ilə aid məlumatlarda 42 minə enir. Üsyanda iştirak edən 76 zabit və əsgər Xəzər dənizindəki Nargin adasına aparılaraq orada güllələnir.
Gəncə üsyanı nəticəsiz qalmır, Şəki, Qarabağ və digər bölgələrdə üsyanlar 1930-cu illərə qədər davam edir. Bu üsyanlar Azərbaycan xalqının iki illik Cümhuriyyət ideyalarının on illiklərlə yaşatdığını göstərir.
Cahangir bəyin özünün taleyinə gəldikdə isə, o, üsyandan sonra Gürcüstana, daha sonra Türkiyəyə gedir. İstanbulda Azərbaycan Milli Komitəsinin göstərişi ilə 1923-cü ilin mayında Varşavaya gəlir, Polşa Baş Qərargahı ilə bir neçə azərbaycanlı zabitin Polşa ordusunda xidmətə qəbul edilməsinə dair müqavilə bağlayır.
Cahangir bəy 1939-cu ilə qədər Polşa ordusunda xidmət edir. Hərbi fəaliyyəti ilə yanaşı, siyasi fəaliyyətlə də məşğul olur. 1934-cü ildə Rəsulzadənin sədr olduğu Azərbaycan Milli Mərkəzinin Varşavada keçirilən konqresində qurumun yeni tərkibində yer alır. 5 il ərzində Azərbaycan Milli Mərkəzinin katibi olur. II Dünya müharibəsi dönəmində Cahangir bəy Azərbaycan legionunun lideri Əbdürrəhman Fətəlibəyli Düdənginskinin yanında yer alır. 1943-cü ilin noyabrında o, Berlində Azərbaycan Milli Birliyi Məclisinin üzvü seçilir. Onun keçmiş hərbçi olaraq legion ordusunda təmsil olunmasındakı məqsədi Gəncə üsyanı nəticəsində həyata keçirə bilmədiyi Azərbaycanın azadlığı idi.
Təsadüfi deyil ki, legionerlər qarşısındakı çıxışında Cahangir bəy legionerləri Azərbaycan Cümhuriyyəti dönəmindəki milli ordunun davamçıları adlandırır:
“Azərbaycanın azadlığı və istiqlalı uğrunda bundan 23 il əvvəl bolşevik istilaçılarına qarşı mübarizəyə girən və mübarək vətənin hər qarış torpağını qanı ilə boyayan Milli Azərbaycan Ordusunun köhnə bir zabiti olaraq mən o ordunun davamçıları olan qəhrəman legionerlərimizin nümayəndələrini salamlamaqdan böyük bir zövq duyuram. Azərbaycan xalqı bir çox dəfələr öz milli hüququnu silah ilə müdafiə etmək məcburiyyətində qalmışdır. Cavad xanın milli istiqlal uğrundakı qəhrəman mübarizəsi, bolşevizmə qarşı edilən Gəncə, Şəki, Zaqatala, Qarabağ üsyanları və digər bir çox silahlı çıxışlar azadlıq yolunda aparılan bu mübarizələrin parlaq nümunələridir... Bolşevizmə qarşı mübarizə hər millətin müqəddəs borcudur və biz azərbaycanlılar bu borcumuzu yerinə yetirməkdən böyük xoşbəxtlik hiss edirik”.
Azərbaycan legionundakı xidmətlərinə görə Cahangir bəy Azərbaycan legionunun ordeni ilə təltif edilib. Müharibə bitdikdən sonra İtaliyada, sonra isə Türkiyədə yaşayıb. “Azadlıq” radiosunun Azərbaycan şöbəsinin qurucularından olub. 1953-cü ildə Cahangir bəyin “Azadlıq” radiosu vasitəsilə xalqa müraciəti ünvanlanır.
Cahangir bəy 1955-ci ilin yanvarın 17-də Almaniyada qəribə şəkildə vəfat edir. Belə ki, bir qadın ona gediş-dönüş təyyarə bileti göndərir, Cahangir bəy həmin xanımla görüşür. Restoranda yemək yedikdən bir müddət sonra həyatla vidalaşır.
Gəncə üsyanının komandanı Almaniyada dəfn edilir.
Beləliklə, Azərbaycan Cümhuriyyətinin paytaxtı 1920-ci il 27 apreldə işğal edilsə də, əslində, Cümhuriyyət 4 iyunda Gəncə üsyanının yatırılması ilə süqut edir.
Qaynaq:
1. Bayramov X. Gəncə üsyanı.1920. Bakı, 2010.
2. Mirza Bala. Gence isyanının 15-nci yıl dönümü. “Kurtuluş” jurnalı, 7-8-ci qoşasay, 1935.
3. Mamulia G, Abutalıbov R. Odlar Yurdu. Azadlıq və müstəqillik uğrunda mübarizədə. Bakı, 2015.
4. Hacızade İ. Mücahitlerimizi tanıtıyoruz. “Mücahit” jurnalı, 17-18-ci qoşasay, Ankara, 1959.
5. Qasımlı M. Azerbaycan türklerinin milli mücadele tarihi. 1920-1945. İstanbul, 2006.
6. “Azerbaycan” qəzeti, Berlin, 46 (74)-cı say, 1943.
7. Kazımbeyli C. Gence üsyanı. “Azerbaycan” jurnalı, 12-ci say, 1953-cü il, Münhen.