Magistratura pilləsini bitirdikdən sonra doktoranturaya qəbul olmaq üçün müraciət edən hərbi çağırışçılarla bağlı hər hansı imtiyazlar yoxdur. Sovet dövründə xüsusilə universiteti fərqlənmə diplomu ilə bitirən məzunlara aspiranturaya qəbul olmaq üçün 5 illik imtiyazlar verilirdi. Amma təəssüf ki, müasir dövrə Azərbaycanda belə imtiyazlar yoxdur. Hazırda doktoranturaya qəbul olunan gənclərin və doktorantura üçün ayrılan yerlərin sayı xeyli azdır.
Bunu Teleqraf.com-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov deyib. O bildirib ki, doktoranturaya sənəd verən oğlanların sayı qızlarla müqayisədə çox deyil, bu baxımdan belə möhlətin verilməsi çox vacibdir:
"Biz hər zaman bununla bağlı mövzunu müzakirə edirik. Xüsusilə hazırkı dünyanın yeni texnoloji inkişafına əsaslanan inkişaf dövründə bu, çox vacibdir. Nəzərə alsaq ki, bizim elmi kontingentin yaşı 65-dən yuxarıdır, oğlanları motivasiya etmək üçün münbit şərait yaradılmalıdır. Amma təəssüf ki, bu imkanlar ölkəmizdə yoxdur. Oğlanlar yalnız hansısa yollarla hərbidən 5-6 ay möhlət alıb, doktoranturaya müraciət edə bilər. Fikirləşirəm ki, bu, çox böyük müddət deyil. Gənclərimiz magistraturanı yayda bitirir və onlar payız çağırışına düşürlər. Buna qədər doktoranturaya qəbul prosesi reallaşmır. Nəzərə alaq ki, doktoranturaya qəbul təkcə imtahanları verməklə bitmir və imtahanlardan sonra müxtəlif mərhələlər var ki, bu da ilin sonuna və hətta növbəti ilin əvvəlinə qədər uzana bilir".
İlqar Orucovun fikrincə, gənclərə bu şəraitin yaradılması üçün bu məsələ dövlət səviyyəsində müzakirə olunmalıdır:
"Burada çox az sayda çağırışçılardan söhbət gedir. Mövzu hökümətin və aidiyyatı qurumların diqqətinə çatdırılmalıdır. Elmdə ardıcıllığın təmin olunması baxımından mütləq şəkildə bu cür imtiyaz vacibdir. Çünki magistraturanı bitirib, hərbi çağırışa yollanan oğlanlar üçün bir il zamanın itirilməsi çox böyük müddətdir. Bu müddətdə gənclərin çoxu elmdən soyuyur və təhsillərini davam etdirməyə maraqlı olmurlar. Çox yalnış düşüncə var ki, hər kəs magistratura bitirdikdən sonra çağırışa yollanmalıdır. Təbii ki, çağırışçılar vətənə xidməti yerinə yetirməlidirlər. Baxmayaraq ki, Azərbaycan müharibə şəraitində yaşayır, müharibədə qalib gəlməyin yolu təkcə hərbidən keçmir. Bizim savadlı alimlərə ehtiyacımız var. Biz gələcəkdə hərbi elmi potensialı yüksəltmək, Azərbaycanın tarixini, həqiqətlərini dünyaya çatdırmaq üçün hərbi elmi alimlərimizi yetişdirməliyik. Azərbaycanın qələbəsini təmin etmək üçün yol əslində elmdən keçir. Bu baxımdan da bu, çox aktual məsələdir və haqlı narahatlıqdır. Bu məsələdə dövlət öz dəstəyini göstərməlidir".