Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında qondarma Dağlıq Qarabağ adlı qurum yaradaraq, onu beynəlxalq hüququn subyekti kimi dünyaya tanıtmaq istəyir. Beləliklə də status-kvonu legitimləşdirərək işğal etdiyi torpaqları özününküləşdirməyə çalışır.
Bunu Teleqraf.com-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.
O bildirib ki, Azərbaycan diplomatiyasının səyi nəticəsində Ermənistanın irəliyə doğru atmaq istədiyi, hər bir addımı bumeranq effekti ilə özünə qarşı zərbəyə çevrilir:
"Almaniya Xarici İşlər Nazirliyinin yaydığı son bəyanatda bir daha Dağlıq Qarabağ adlı bir qurumu tanımadığının bəyan edilməsi bu ölkənin beynəlxalq hüquqa, BMT nizamnaməsinə və Helsinki yekun aktının prinsiplərinə sadiq olmasının nümunəsidir. Çünki bütün bu sənədllərdə dövlətlərin ərazi bütövlüyü və suverenliyinin qorunması prinsipi irəli sürülür və müdafiə edilir. Ancaq Almaniya XİN-in bəyanatı təkcə bununla izah edilməməli, həm də Almaniya-Azərbaycan münasibətləri kontekstində qiymətləndirilməlidir. İki ölkə arasında mövcud olan bərəbərhüquqlu tərəfdaşlıq münasibətləri get-gedə inkişaf etməkdədir. Azərbaycan bu ölkə ilə həm Avropa İttifaqı çərçivəsində, həm də ikitərəfli müstəvidə yaxşı əlaqələr qura bilib".
Millət vəkili bildirib ki, Avropa İttifaqının Azərbaycanın ən mühüm ticarət tərəfdaşlarından biri olduğunu unutmaq olmaz:
"Bundan başqa, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində Azərbaycan çox mühüm əhəmiyyətli enerji layihələri həyata keçirib. Bununla da Avropanın enerji daşıyıcıları ilə təminatı bir qədər daha şaxələndirilmiş olub ki, hazırkı enerji təhlükəsizliyi baxımından bu, çox vacibdir . Ölkəmizin həyata keçirdiyi qlobal yol-nəqliyyat layihələri də tarixi İpək Yolunu bərpa etməklə uzunmüddətli və xeyli təhlükəli hesab edilən dəniz vasitəsilə yükdaşımalara yeni alternativ yaradıb. Bütün bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin və rolunun daha da artmasına səbəb olub".
Hikmət Babaoğlunun fikrincə, Fransanın müstəqil məhkəmələri tərəfindən də qondarma rejimlə əlaqə yaradan qurumların anlaşmalarının ləğvi əslində güclənən Azərbaycana adekvat münasibətin göstəriciləri hesab edilə bilər:
"Almaniyada eyni zamanda qeyri-qanuni qurumun siyasi reklamını həyata keçirən müxtəlif resursların da fəaliyyəti qadağan edilib ki, bu, işğalçı Ermənistanın və seperatçı qurumun Avropadakı fəaliyyətinə ciddi zərbə vurub. Ancaq şübhəsiz ki, bu cür qərarlar bundan sonra da alınmaqla Avropada işğalçı dövlətin ictimai rəyə təsir etməyə hesablanmış hər cür fəaliyyəti məhdudlaşdırılmalıdır. Bu, Azərbaycan xarici siyasətinin əsas prirorietlərindən biridir. Torpaqlarımız işğaldan azad edilənə qədər də bu siyasət davam etdiriləcəkdir".