Ramazan ayı mərhəmət, rəhmət, şəfqət ayıdır. İslamın gətirdiyi qaydalar və dinimizin prinsiplərinə görə, hər oruc tutan şəxs Ramazan bayramı ərəfəsində, xüsusi olaraq bayram gününun sonuna qədər mütləqdir ki, fitrə və zəkatını vermiş olsun.
Bunu Teleqraf.com-a açıqlamasında Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli deyib.
O bildirib ki, fitrə sədəqəsi oruc tutan şəxsin oruclu olduğu, nəfsini tərbiyə etdiyi vaxt, mənəvi-əxlaqi dəyərlərlə mənən silahlandığı zaman yol verdiyi qüsurlarının, günahlarının əfvi üçün bir səbəbdir:
"Peyğəmbər dövrü ilə müqayisədə, bu günlərdə buğda, xurmanın kiloqramının qiyməti ilə fitrə və zəkat hesablanır. Ən ucuz xurmanın kilosu 3 manatdır. Amma oruc tutan şəxslər var ki, gündəlik ən baha xurma istehlak edirlər. Ona görə 3 manatla deyil, öz xərclərimizə uyğun hesablayıb fitrə sədəqəsi versək, daha yaxşıdır. Qafqaz Müsəlmanları İdarəsinin hesabladığı şəkildə və ya adambaşı 5-10 manat arası fitrə və zəkatı vermək olar. Bu məbləğdən aşağı olmasa, daha yaxşı olar".
Seyid Camal Əzizbəyli bildirib ki, insanlar gəlirlərinə əsasən fitrə və zəkat verməlidir: "Bu ayın fəziləti və savabına inanaraq, növbəti Ramazanın rəhmətini Rəbbimizdən almaq, gözlənilməz qəza-bəla, müsibətlərdən mühafizə olunmaq üçün zəngin insanları mal və mülkləri ilə Allahla müamilə etməyə dəvət edirəm. Biri zəngindir, oruc tutubsa, aylıq qazancı 10 min manatdırsa, 100 manat fitrə versin. Bu, övladlarının əmin-amanlığı üçün can sığortasıdır. Xalqımız, xüsusilə zəngin adamlar mal və mülklərinin əsl sahibinin özləri deyil, Rəbbimizin olduğunu və bir gün Rəbbimizə dönəcəklərinin fərqində olub daha çox fitrə versinlər".
Seyid Camal Əzizbəyli insanları bunu vərdiş halına gətirməyə çağırıb: "Biz dünyəvi ölkəyik. Ölkəmizdə mənəvi dəyərlərin təəssübkeşi Azərbaycan xalqı, Azərbaycanın dövlətinin özüdür. Bunu sosial yardımlaşma halına gətirməliyik. Bayramlaşmaq üçün ərzaq paketləri, cibimizdəki pulun müəyyən qismi ilə bir şəhidin ailəsinin qapısını döyək. Şirniyyatla, tortla bu bayramı hər kəsə yaşada bilək. Qəmli ailələrə, övladlarını vaxtsız torpağa əmanət edən, şəhadət kəfənini geyinən şəhidlərin doğmalarına "Siz tək deyilsiniz, biz sizinləyik" deyək. Həzrəti Əlinin bir sözü var: "İnsanın günah etmədiyi hər gün bayramdır". Allahdan arzu edirəm ki, xalqımız günahdan, rüşvətdən, yalandan, riyakarlıqdan, üzdə gülüb arxada qiybət etmək kimi pis vərdişlərdən xilas olsun. Çünki Qarabağımızın da xilas yolu bütün bunladan azad olunmağımızdan keçir".
Seyid Camal Əzizbəyli əlavə edib ki, maddi imkanı olmayan, ailəsinə azuqə almağa gücü çatmayan şəxslərin boynuna fitrə və zəkat gəlməz: "Həmin adamlara islamda günah yazılmır. Amma hər cür imkanı olan, oruc tutan şəxsin fitrə və zəkat verməsi vacibdir, bu, ilahi bir hökmdür. İmkanı olub, fitrə-zəkatını verməyən şəxsin oruc və namazı şübhəlidir. Əgər şəxsin maddi imkanı yoxdursa, Allah da bundan xəbərdardır və belə insanların sıxıntı yaşamasına heç bir halda ehtiyac yoxdur. Əksinə, oruc tutan, amma maddi imkanı olmayanlara imkanlı şəxslərin yardım etməsi məqbuldur və bəyəniləndir. Ökəmizdə oruc tutmayan, amma zəngin olan xeyli insanlarımız var. Bu malın və mülkün sahibi aləmlərin Rəbbi Allahdır. Allahı, nemətlərin sahibini tanımaq, ona şükür və sənaların qəbulu üçün bayram günündə həmin zənginləri şəhid və qazi ailələrinin, kimsəsizlərin qapısını açmağa, könülləri sevindirməyə dəvət edirəm. Unutmasınlar ki, Allah dərgahında heç bir savab əməl cavabsız qalmayacaq. Bəlkə də növbəti Ramazana qədər onların taleyinə yazılmış hər hansı bir ölümün və yaxud sevdiklərinin taleyinə yazılmış hər hansı bəd hadisənin sığortası üçün Ramazan bayramı ilahi fürsətdir. Bu fürsəti dəyərləndirmək isə imana, ilahi eşqə bağlıdır. İlahi eşq şərbəti içənlər Allahın xoşuna gələn, Allahın sevdiyi əməllərdə həmişə yarışarlar".