Yoluxanların sayı sağalanların sayından çox olsa da, biz beynəlxalq təcrübəyə əsasən məhdudiyyətləri aradan qaldırmağa məcburuq.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:
"İctimai iaşə obyektlərində müştərilər məkana maska ilə daxil olmalıdırlar. Kafe və restoranlarda açıq bufetdən istifadə qadağandır".
Ramin Bayramlı bildirib ki, sərnişinlər avtobus daxilində məsafəni qorumaqla yanaşı, mütləq şəkildə maskadan istifadə etməlidirlər: "Eyni zamanda, taksidə müştərilər yalnız arxada əyləşə bilər. Ödəniş isə nəğdsiz şəkildə həyata keçirilməlidir. Həmçinin, hava uçuşlarında sərnişin sayında məhdudiyyətlər tətbiq oluna bilər".
Qurum rəsmisinin sözlərinə görə, aparılan müşahidələr göstərir ki, əksər mağaza və marketlərdə qaydalara əməl olunmur: "Bu müəssisələrdə qaydaların tətbiqi xüsusi nəzarətə götürüləcək. Eyni zamanda, kənd təsərrüfatı bazarına daxil olarkən maska və məsafənin gözlənilməsi vacibdir".
Ramin Bayramlı əlavə edib ki, "Mall"lara daxil olarkən maskanın istifadəsi məcburidir: "Məkana daxil olduqdan sonra maskalardan düzgün istifadə olunmalıdır"