1 İyun 2020 15:40
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gündür pandemiya xəstəxanalarında xidmət edən həkimlər sosial şəbəkələrdə iş müddətləri bitdikdən sonra birbaşa evə göndərildikləri barədə məlumatlar paylaşıblar. Onlar bildirirlər ki, koronavirus test nəticələri neqativ çıxsa belə, 15 gün karantində saxlanılmırlar.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva ilə əlaqə saxladıq.

Rəvanə Əliyeva Teleqraf.com-a açıqlamasında məlumatın doğru olduğunu təsdiqləyib və bildirib ki, bu, beynəlxalq təcrübəyə uyğundur: "Bəli, indiyədək həkimlər iş müddətləri bitdikdən sonra 15 gün karantində saxlanılırdı.

Koronavirus yeni yayıldığı ərəfələrdə həkimlər qoruyucu vasitələrdən doğru istifadə üsullarını bilmirdilər və biz qorxurduq ki, onlar virusa yoluxarlar. Bu səbəbdən onların təhlükəsizliyi məqsədilə işlərini bitirdikdən sonra 15 gün karantində saxlanılırdılar.

Amma indi onlara təlimlər keçirilib, qoruyucu vasitələrdən istifadə qaydaları izah olunub. Artıq onlarda test nəticələri də pozitiv çıxmır. Bundan sonrakı prosesdə həkimlərin koronavirusa yoluxması yalnız səhlənkarlıq səbəbilə ola bilər".

Qurum rəsmisi bildirib ki, həkimlərə təlimlər keçilir, qoruyucu vasitələrlə təmin olunduqları üçün xəstələnmə riskləri minimumdur: "Dünyanın heç bir ölkəsində həkimlərin fəaliyyətlərini bitirdikdən sonra karantində saxlanılmır. Həkimlərdən analiz götürülür, test nəticələri neqativ olduqdan sonra evə buraxılırlar. Dünya təcrübəsində də bu belədir.

Hətta xarici ölkələrdə test nəticəsi pozitiv çıxan, amma simptomsuz olan həkimlər əmək qabiliyyətindədirlərsə, onları koronaviruslu xəstələrlə işə cəlb edirlər".

Rəvanə Əliyeva qeyd edib ki, hazırkı şəraitdə poliklinikalarda digər xəstələrlə işləyən həkimlər pandemiya xəstəxanalarında çalışan həkimlərlə müqayisədə daha çox risk altındadırlar: " Bəlkə də müalicə etdikləri xəstələr simptomsuz koronavirus xəstələridir. Onlar təkcə maskadan istifadə edirlər. Amma sözügedən həkimlər bütün qoruyucu vasitələrlə təmin olunublar".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər