1 İyun 2020 17:44
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. Ölkəmizdə uşaqların sosial müdafiəsi ilə bağlı hüquqi məsələlər konstitusiya qanunvericiliyi və normativ hüquqi aktlarla tənzimlənir. Bu sahədə əsas normativ sənəd 1998-ci il mayın 19-dan qəbul edilmiş "Uşaq hüquqları" haqqında qanundur. Maraqlıdır, hazırda uşaq hüquqlarının qorunması ilə bağlı vəziyyət nə yerdədir? Uşaqların problemləri ilə maraqlana bilirikmi?

Mövzu ilə bağlı filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev Teleqraf.com-a danışıb. Müsahibəni təqdim edirik.

- Əpoş bəy, sizcə, bu gün uşaqların əsas problemi nədir?

- Hazırda ölkəmizdə bağçalara qəbulla bağlı problemlər müşahidə olunur. Azyaşlı uşaqları olan işləyən valideynlər övladlarına normal bağça tapa bilmirlər. Onlar öz övladlarını bəzən imkansızlıq səbəbindən özəl bağçaya qoya bilmirlər. Uşaqların hüquqlarının müdafiəsi üçün bağçalara da qəbul şəffaf qəbul olmalıdır. Bu da uşaq hüquqlarının pozulmasının bir hissəsidir.

Məktəblilərdə də bəzən uşaq hüquqları pozulur. Onlar istər öz yaşıdları, istərsə də müəllimlər tərəfindən sıxışdırılırlar. Son zamanlar bunun qarşısı qanunla alınsa da, yenə bu məsələlər davam edir.

Biz Elina hadisəsində də bunun şahidi olduq. Bu problemlər gələcəkdə diqqətdə saxlanılmalıdır. Uşaqların sıxışdırılması, hansısa işgəncəyə məruz qalması yolverilməzdir.

- Sizcə, dayandırılmış uşaq pulu yenidən bərpa edilməlidirmi?

- Bu, ciddi problemdir. Neçə il əvvəl uşaq pulunun verilməsi dayandırılıb. Biz iki il öncə 100 valideynlə birlikdə Milli Məclisə məktubla müraciət etdik ki, uşaq pulunun verilməsi yenidən bərpa olunsun. Amma təssüf ki, bugünədək uşaqpulu bərpa olunmayıb. Müraciətimizdən sonra sadəcə 80 manatlıq birdəfəlik müavinət 200 manata qaldırıldı, bu, yeni doğulmuş uşaqlara verilir. Əlil uşaqlara verilən 85 manatlıq müavinət 150 manata çatdırıldı.

Hazırda yalnız çoxuşaqlı ailələrə uşaq pulu verilir. 5-ci uşaqdan sonra 6-cı uşaq dünyaya gələndə müavinət təyin olunur, halbuki bir çox ailələrdə ikinci uşaqdan sonra övlad dünyaya gətirilmir.

- Nəyə görə bu gün valideynlər çoxuşaqlılığa meyilli deyil?

- Bunun bi səbəbi də imkansızlıqla bağlıdır. Ölkəmizdə uşaq qidaları bahadır. Həm də müavinət verilmədiyi üçün maddi vəziyyəti yaxşı olmayan ailələrdə ana düzgün qidalanmır, uşağa ana südü çatmır. Bu da uşağın sağlamlığında problemlərə səbəb olur.

Fikrimcə, uşaqpulunun bərpasına günümüzdə çox böyük ehtiyac var. Çünki uşaq doğulandan yetkinlik yaşına çatanadək daha çox xərci olur. Hətta azyaşlı uşağın xərci böyük insanın xərclərindən daha yüksəkdir. Yeni doğulan uşağın çarpayısı, uşaq arabası, uşaq qidaları, müxtəlif geyimlərin hamısı bahadır. Dövlət yeni doğulan uşağın ailəsinə yalnız 200 manat birdəfəlik müavinət ödəyir. Sonra o, 18 yaşına çatanadək heç kim maraqlanmır ki, uşaq hansı formada, hansı problemlərlə böyüyür.

Uşaqpulu bərpa olunmalıdır ki, uşağın saxlanma şəraiti, yeməkləri, tibbi xərcləri ilə bağlı ailələrin maddi yükü azalsın. Ailələr normal şəkildə uşağı böyüdə bilsinlər.

Ata-babalarımızda görmüşük ki, ailədə 7, 8, 10 uşaq olub. Amma bu gün heç kim 2-3 uşaqdan artıq dünyaya gətirmir. Pandemiya dövründə də şahid olduq ki, bəlkə insanlar uşaq pulu alsaydılar, heç bu qədər çətinlik çəkməzdilər. 190 manat uğrunda işini itirən ailələrdə nə qədər böyük problemlər yaşandı. Amma ən azı 50-100 manat uşaq pulu verilsəydi, onlar o qədər acınacaqlı vəziyyətə düşməzdilər.

Mən regionlara imtahanlara çox gedirəm, regionlarda kasıblıqdır. Uşaqlar məktəbə qaloş, cırıq geyimlə gəlir.

- Necə düşünürsüz, uşaqpulu verildiyi zaman hansı kriteriyalar nəzərə alınmalıdır? Sui-istifadə halları ola bilərmi?

- Sui-istifadə hallarının qarşısı alına bilər. Necə ki təqaüd alan hər şəxsin adına kart var, pul köçürülür, eyniylə də hər uşağın adına da kart açılar. Rayon icra hakimiyyətləri, ailə və uşaq problemləri üzrə qurumlar var. Bu qurumlar o pulların uşaqlara xərclənib-xərclənmədiyini yoxlaya bilərlər. Dünyada bu mövzu ilə bağlı geniş təcrübələr var.

Xaricdə uşaqla bu mövzu barədə danışırlar, hər ailənin özünün uşaq psixoloqu var. Ayrılıqda söhbət aparılır, valideynin uşağa münasibəti, ehtiyaclarını qarşılaya bilməsi, qida ilə təmin olunması barədə uşaqla söhbət aparılır. Hətta gedib onların soyuducularınadək yoxlayırlar.

Bu günün uşağı gələcəyin hansısa mütəxəssisidir. Biz sağlam vətəndaş, güclü ordu istəyiriksə, məcburuq ki, uşaqlara sərf olunan pulun hansı formada xərcləndiyini maraqlanaq, öyrənək. Uşaqlara ayrılan müavinətləri də diqqət və nəzarətdə saxlamaq olar.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər