1 İyun 18:00
207

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Uşaq Səfirlər Məclisinin üzvlərinin iştirakı ilə onlayn videokonfrans keçirilib.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, Bahar Muradova Uşaq Səfirlər Məclisinə seçilmiş uşaqları fəaliyyətə başlamaları münasibətilə təbrik edib, məsuliyyətli vəzifələrinin icrasında uğurlar arzulayıb.

Komitə sədri həmçinin, “uşaq səfirləri” və onların timsalında Azərbaycan uşaqlarını 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, hər bir uşağa sülh, əmin-amanlıq şəraitində yaşamaq və xoşbəxt gələcək arzulayıb

Daha sonra dövlət uşaq siyasətindən danışan Komitə sədri ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində vahid və güclü qanunvericilik bazasının olduğunu diqqətə çatdırıb. O, dövlətimizin hər bir sahə üzrə uşaqlar üçün yaratdığı imkanlardan bəhs edərək uşaqlara daim xüsusi diqqət və qayğının göstərilməsi, sağlamlığının qorunması, onlar üçün keyfiyyətli təhsil imkanlarının təmin edilməsi, layiqli vətəndaş kimi formalaşmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.

Konfrans iştirakçısı olan uşaq səfirlər bu missiyanın şərəfli və böyük məsuliyyət olduğunu bildirib, Uşaq Səfirlər Məclisinin üzvü seçilmələri ilə bağlı qürur hissi keçirdiklərini ifadə ediblər. Özlərini təqdim edən hər bir iştirakçı ölkəmizdə təhsil sahəsində müasir texnologiyalar və yeniliklərin təbliği, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, uşaqların mədəni-estetik zövqünün, ümumi dünyagörüşünün inkişafı, valideyn məsuliyyəti, COVİD-19 pandemiyası şəraitində uşaq psixologiyası, eləcə də, sağlamlıq imkanları məhdud olan uşaqların asudə vaxtının səmərəli təşkili, uşaqların internet təhlükəsizliyi kimi önəmli mövzulara toxunublar.

Bununla yanaşı, uşaqlar “Məktəblinin dostu”, “Uşaqdan uşağa”, “Mənim kiçik dostuma hədiyyəm” layihələrinin əhəmiyyətini xüsusi vurğulayaraq, bu istiqamətdə öz fikir və təkliflərini səsləndiriblər.

Yekunda Komitə sədri Bahar Muradova “Uşaq Səfirlər Məclisi” üzvlərinin hər birinin qarşısında önəmli vəzifələrin qoyulduğunu və bu istiqamətdə daha məsuliyyətli olmağı, öz potensiallarını daim artırmağı tövsiyə edib. O, uşaqları hər zaman bir-birilərinə dəstək olmağa, birlik nümayiş etdirməyə çağırıb.


Müəllif: Yeganə Oqtayqızı