4 İyun 2020 14:49
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu həftənin sonu Azərbaycanda fəaliyyətinə icazə verilən qurumların siyahısı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, iyunun 6-sı saat 00:00-dan iyunun 8-i saat 06:00-dək yalnız aşağıdakı qurum və xidmətlərin fəaliyyətinə icazə verilir:

- Siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilən dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların fəaliyyəti;

- xəstəxanalar, təcili tibbi yardım müəssisələrinin fəaliyyəti;

- sosial xidmət müəssisələrinin fəaliyyəti, o cümlədən əqli və hissiyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti;

- kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası);

- elektrik enerjisinin istehsalı və təchizatı;

- meliorasiya və su təsərrüfatı;

- rabitə xidmətləri;

- teleradio yayımçılarının (televiziya və radio kanalları, kabel televiziyaları) fəaliyyəti;

- dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük daşımaları;

- boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi fəaliyyəti;

- fasiləsiz istehsalat fəaliyyəti (istehsalat-texniki şərtlərə görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr);

- neft və qazın hasilatı, emalı, saxlanması və satışı;

- fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə xidmətlər.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin və xidməti avtomobillərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol veriləcək.

Eyni zamanda dövlət əhəmiyyətli, həyat təminatlı müəssisələrin və qurumların, həmçinin fasiləsiz işləyən qurumların fəaliyyətləri zəruri hesab edilən işçilərini məhdud sayda cəlb etməklə tənzimlənəcək.

Xatırladaq ki, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılacaq (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisna olmaqla).

Qeyd olunan tarixdə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir.

Sakinlər yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsi ilə icazə almaqla tərk edə bilər.

2020-ci il 5 iyun tarixində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində dövlət orqanları və qurumları üçün saat 14:00-dək qısaldılmış iş rejimi müəyyən edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər