Nazirlər Kabineti yanında Operativ Qərargah ölkəmizdəki pandemiyanın ikinci mərhələsinin gedişatı ilə bağlı epidemioloji göstəriciləri nəzərə alaraq bəzi qərarlar qəbul edib.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib: "Hazırda dünyada 7 milyon insan yeni koronavirusa yoluxub, 400 min insan dünyasını dəyişib. Virusla mübarizə davam edir və primitiv tədbirlər həyata keçirilir.
Ölkəmizdə virusa yoluxanların sayı artıb. Virusa yoluxmaların sayının azaldılması məqsədilə, xüsusi karantin rejimi yenidən sərtləşdirilib. Bu səbəblə, Bakı, Sumqayıt, Gəncə, Abşeron, Lənkəranda həftə sonları küçəyə çıxma qadağası tətbiq olunacaq".
O bildirib ki, yalnız həyatı vacib sahələrin çalışmasına icazə veriləcək: "Təcili çıxma zamanı yalnız 102 xidmətinə zəng vasitəsilə icazə alına bilər. Bu müddətdə fəaliyyətinə icazə verilən qurumlara Nazirlər Kabineti tərəfindən məlumat çatdırılıb".