6 İyun 2020 09:24
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtər Olimpiya İdman Kompleksinin açılışında Prezident İlham Əliyevin nitqi bir sıra mühüm strateji istiqamətlər üzrə olduqca əhəmiyyətli idi. Bunlardan birincisi tarixi yaddaşımızın yenilənməsi baxımından vacib əhəmiyyət daşıyır. Çünki tarixi yaddaş milli yaddaşımızın əsas komponentidir və tarixi yaddaşı yarımçıq olan xalqın milli yaddaşı da bütöv olmur.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Onun sözlərinə görə, nəzərə alsaq ki, bu gün Azərbaycanın ərazisi ilə bərabər xalqımızn əsrlər boyu yaratdığı maddi və mənəvi abidələrimiz, etnoqrafik dəyərlərimiz də işğal altına düşüb və işğalçı Ermənistan tərəfindən özününküləşdirilir, o zaman bu məsələnin bir daha nə qədər əhəmiyyətli olduğu ortaya çıxır:

“Ancaq məsələ bununla da bitmir. Ermənistan bizə aid olan mədəniyyət nümunələrini dünyaya öz mədəniyyət nümunələri kimi təqdim etməklə həm tarixi saxtalaşdırır, həm də dünya ictimai rəyində öz işğalçılıq siyasətinə bəraət qazandırmağa çalışır. Beləliklə tarixə münasibətdə də əsl terrorçu kimi davranır. İkincisi terror ideologiyası əsasında formalaşan Ermənistanın bu gün də ənənələrinə sadiq qalaraq regionda bir dövlət kimi deyil, terror təşkilatı kimi davranmasıdır ki, bu faktor da dünya ictimaiyyətinin diqqətinə çatdırılmalı, qlobal ictimai rəydə erməni terrorunun real obrazı yaradılmalıdır. İşğalçı ölkənin təxribatına cavab olaraq Azərbaycan ordusunun keçirdiyi antiterror əməliyyatları zamanı aciz qalan Ermənistanın dinc əhalini və kəndlərimizi hədəfə alması bir daha ermənilərin terrorçu kimliyindən xəbər verir. Üçüncüsü, son illər ərzində Ermənistanın terrorçular və cinayətkar ünsürlər tərəfindən idarə olunmasıdır ki, bu da açıq-aşkar fakt olmaqla dünya ictimaiyyətinin diqqətinə təqdim olunmalı məsələdir”.

Hikmət Babaoğlu qeyd edib ki, Ermənistanı idarə edən, Azərbaycana qarşı soyqırımı həyata keçirən bir işğalçı prezidentin həbsdə olması, digərinin hərəkət imkanlarının məhdudlaşdırılması, birinin özü və babasının faşist olması, faşist Qaregin Njdeyə heykəl ucaldılması, generallarının oğru olması bu ölkədə bütün sahələrdə əsl terror mənəviyyatının hökm sürdüyündən xəbər verir:

“Ancaq bununla belə bəzi beynəlxaq havadarların bu ölkəni açıq və gizli şəkildə müdafiə etməsi dünyada olan ikili standartların bariz nümunəsidir. Belə olan halda Azərbaycanın necə məkrli, hansı səviyyədə terrorçu olan bir ölkə ilə mübarizə apardığı açıq şəkildə ortaya çıxır. Bu bir daha bizim daha güclü olmağımızı, tariximizi, beynəlxalq hüququ daha dərindən öyrənməyimizi zəruri edir. Nəzərə almaq lazımdır ki, qədim Azərbaycan şəhəri olan İrəvanın Ermənistana paytaxt kimi verilməsi qədər böyük bir səhvə bir daha yol verməmək üçün tarixi və hüquqi bilgilərimiz kifayət qədər zəngin olmalı, diplomatik, hərbi, siyasi baxımdan güclü olmalıyıq. Azərbaycan Prezidenti məhz bu məsələlərə diqqət çəkərək bildirdi ki, münaqişənin bir həlli yolu var, o da ölkəmizin ərazi bütövlüyünün bərpasıdır. Başqa yol yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq. Eyni zamanda, geosiyasi vəziyyət elə olmalıdır ki, bizim bütün addımlarımız uğurla nəticələnsin. Bu gün hər birimiz Azərbaycan Prezidentinin nitqində səslənən fikirləri milli çağırış kmi dəyərləndirməli, onun reallaşması üçün əlimizdən gələni etməliyik”.


Müəllif: Səxavət Həmid