Avropa Şurası Parlament Assambleyası üçün hüquq və ədalət prinsipi əsas deyil. Bu təşkilat üçün əsas olan müvafiq dairələrin sifarişlərini yerinə yetirmək, insan hüquq və azadlıqları adı altında müəyyən ölkələrin daxilində sabitliyi pozmaq, o cümlədən Azərbaycan kimi ölkələrin güclənməsinə və müstəqilliklərinin möhkəmlənməsinə xələl gətirməkdir.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O qeyd edib ki, hazırda ABŞ-da və digər Qərb ölkələrində dinc nümayişçilərə qarşı polis zorakılığı, onların döyülməsi, itlərə yedirdilmələri, jurnalistlərin döyülməsi, atların ayağı altında tapdalama və öldürmə halları baş alıb getməkdədir. Ancaq AŞ PA belə hallar baş verərkən özünü görməməzliyə vurur və heç nə baş verməmiş kimi susqunluq nümayiş etdirir. Azərbaycanda isə xüsusi karantin rejimini pozanlara, ölkədə siyasi sabitliyi pozmağa çalışanlara və dövlət müstəqilliyinə xələl gətirmək istəyənlərə münasibətdə hüquq çərçivəsində tədbirlər görüldükdə AŞ PA-nın yadına insan hüquqları düşür. Bir sözlə, ədalətsizlik, ikili standartlar və sifarişlərin yerinə yetirilməsi AŞ PA-nın əsas fəaliyyət istiqamətidir”.
Azər Badamov bildirib ki, Prezident İlham Əliyevin iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı rayonun bir qrup idmançısı qarşısında çıxışında qeyd etdiyi kimi AŞ PA-nın bizim haqqımızda qəbul etdiyi, hazırladığı hesabatlar, sənədlər ölkəmiz üçün kağız parçasından başqa bir şey deyil:
“Əgər AŞ PA obyektiv təşkilat olsaydı, Dağlıq Qarabağda hökm sürən xunta rejimi tərəfindən keçirilmiş saxta seçki şousuna münasibət bildirər, onu pisləyərdi. Çünki bütün aparıcı ölkələr və beynəlxalq təşkilatlar bu qondarma seçkiləri qınayıb və tanımayıb. Buna misal olaraq ATƏT-in Minsk qrupunun həmsədrləri – ABŞ, Fransa və Rusiyanı, Avropa İttifaqını, Avropa Parlamentini, İslam Əməkdaşlıq Təşkilatını, Qoşulmama Hərəkatını və digər təşkilatları göstərmək olar. Təkcə Avropa Şurası bu seçki oyununa səssiz qaldı. Bu da həmin təşkilatın anti-Azərbaycan mahiyyətindən irəli gəlir. Bu halda dövlət başçısının da haqlı olaraq qeyd etdiyi kimi hansı obyektivlikdən, hansı ədalətdən söhbət gedə bilər?!”
Deputat əlavə edib ki, Azərbaycan AŞPA kimi təşkilatların qərəzli mövqeyinə bundan sonra da öz etirazını bildirəcək:
“Obyektivlik hissini itirmiş belə təşkilatların nə deməsinin ölkəmiz üçün heç bir əhəmiyyəti yoxdur. Qoy AŞPA öz ikili standartlara əsaslanan mövqeyini davam etdirməkdə olsun. Biz isə hüquqi demokratik dövlət yaratmışıq və ölkəmizdə insan hüquq və azadlıqları bundan sonra da yüksək səviyyədə qorunmaqda davam edəcək”.