COVID-19-la mübarizədə Azərbaycan hökumətinin addımlarını təqdir edirik. Fikrimcə, şənbə və bazar günləri qapanma və sosial izolyasiya haqqında verilən qərar doğrudur. Bundan əvvəl kafelərin açılması, mağazaların fəaliyyətinin tam bərpa olunması ilə bağlı qərardan sonra biz şəhərdə gəzib vəziyyətlə tanış olduq. Açığını deyim ki, insanlarımız kütləvi şəkildə şəhərə çıxmışdı, sanki dünyanın sonudur. Məhz bu səbəbdən də birdən-birə ölkədə yoluxma artımı müşahidə olundu.
Bu fikirləri Teleqraf.com-a hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
O, əlavə edib ki, şənbə və bazar günləri tətbiq edilən izolyasiya tədbirləri əslində artımın real səbəblərini müəyyən etmək üçün mütəxəssislərə əsaslar verəcək:
“Hesab edirəm ki, bu qərar yerində verilib. Təəssüflər olsun ki, gigiyena mədəniyyəti bizdə müəyyən qədər aşağıdır. Dünya virusla mübarizə aparır, vətəndaşlarını qoruyur, insanlara qoruyucu maska taxmaq məsləhəti verirlir. Bizdə isə insanlar bu məsələlərdə müəyyən qədər geridə qalıb.
Dünən bir mağazaya daxil oldum. Millət bir-birini qırırdı. İki gün evdə qalacaqsan. Bunun üçün 8-10 çörək almaq nəyə lazımdır? Bu hal mənə pis təsir etdi. Ümid edirəm ki, hökumətin son qərarları vəziyyəti yaxşılığa doğru dəyişə biləcək”.
Hüquq Müdafiəçilərinin Monitorinq Qrupunun təmsilçisinin sözlərinə görə, insanlar hökmən qoruyucu maska taxmalıdır: “Bu vacib şərtdir. Dünyada ən az yoluxan yaponlardır. Çünki onlarda gigiyena mədəniyyəti yüksək səviyyədədir. Mən əhalimizi sosial məsafə saxlamağa, izolyasiyaya, mümkün qədər insanlarla az ünsiyyət saxlamağa və qoruyucu maska taxmağa çağırıram”.
Novella Cəfəroğlunun fikrincə, Nazirlər Kabineti yanında Operativ Qərargah fəal işləyir, həftədə ən azı bir dəfə mətbuat konfransı keçirərək real vəziyyəti insanların diqqətinə çatdırır: “Mən onların da fəaliyyətini təqdir edirəm”.