Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronovirus (COVID-19) pandemiyasına qarşı mübarizənin daha da genişləndirilməsi məqsədi ilə Bakı şəhərinin bütün rayonlarında xüsusi gücləndirilmiş kompleks tədbirlər davam etdirilir.
Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Xüsusi Qərargahın müvafiq qərarına əsasən, Bakı şəhəri də daxil olmaqla ölkənin beş şəhər və bir rayonunda 2 gün ərzində sərt karantin rejimi tədbiq olunduğu və paytaxt sakinlərinin bu günlər ərzində evlərində olacaqları nəzərə alınaraq Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən iyun ayının 7-də səhər saatlarından etibarən paytaxdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə artıq 5-ci dəfə əlavə gücləndirilmiş dezindeksiya işləri həyata keçirilib. Əməkdaşlar tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında tibbi-profilaktik işlər aparılıb.
Avropanın heç bir ölkəsində Bakı şəhərində aparılan bu genişmiqyaslı dezinfeksiya tədbirləri səviyyəsində işlər görülməyib. Böyük maliyyə vəsaiti tələb edən tibbi-profilaktiki işlər ölkə rəhbərliyinin xüsusi diqqəti nəticəsində mümkün olmuşdur.
Mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küşələrdə də dezinfeksiya işləri aparılıb. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri bir gün əvvəl KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.
Raytaxt küçələrində sərt karantin rejiminə nəzarəti həyata keçirən Daxili İşlər Nazirliyinin şəxsi heyəti həm də 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitələrinin köməyi ilə keçirilən növbəti genişmiqyaslı dezinfeksiya işlərində fəal iştirak etmişlər.
Bununla yanaşı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları təsdiq edilmiş qrafikə uyğunlaraq departamentin balansında olan yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdirirlər.
Paytaxtda tibbi-profilaktik və dezinfeksiya işləri gündəlik olaraq gücləndirilmiş qaydada davam etdiriləcəkdir.