10 İyun 2020 14:05
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırkı mərhələdə beynəlxalq təcrübə, ayrı-ayrı ölkələrin nümunəsi göstərir ki, koronavirus pandemiyası sərhəd tanımır, ən qısa müddətdə fərqli coğrafiyalarda insanların sağlamlığını və həyatını təhdid edir. Milli və qlobal səylərə rəğmən, dünya miqyasında bu virusun qarşısının alınmasına nail olunmayıb. Ümumdünya Səhiyyə Təşkilatının yaydığı cari və operativ məlumatlara nəzər saldıqda görürük ki, son bir sutkada dünyada COVID-19-a yoluxma sayı 109 mindən çox olub. Pandemiya qurbanlarının ümumi sayı isə artıq 404 mini ötüb. Beləliklə, pandemiya şəraitinin aradan qalxmasını söyləmək olmaz, təhlükə qalmaqda və insanların həyatını, sağlamlığını təhdid etməkdədir. Belə bir şəraitdə dövlət tərəfindən həyata keçirilən tədbirlərlə yanaşı, hər bir şəxsin vətəndaş məsuliyyəti ilə hərəkət etməsi, yəni ictimai dəstək mexanizminin formalaşdırılması strateji əhəmiyyətə malikdir.

Bunu Teleqraf.com-a açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O qeyd edib ki, ölkəmizdə xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirilib, ölüm halları çox aşağı səviyyədə olub, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını kəskin üstələyib:

“Bununla yanaşı, xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlayıb, əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmayıb. Bunun başlıca səbəbi bir çox insanın mövcud qaydalara əməl etməməsi, sanitar-gigiyenik normalara, sosial məsafə tələblərinə riayət olunmaması, fərdi qoruyucu vasitələrdən yetərincə istifadə olunmamasıdır. Hazırkı dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından asılıdır”.

Hikmət Babaoğlu daha sonra deyib: “Dövlət pandemiya şəraitində insanların sağlamlığı və rifahının qorunması üçün bütün resurslarını səfərbər edib. Ancaq nəzərə almaq lazımdır ki, bu, milli təhlükəsizlik məsələsi olduğuna görə, ilk növbədə milli həmrəylik, ictimai məsuliyyət tələb edir. Yəni hər bir fərd müəyyən olunmuş konkret qaydaların – atılan addımların cəmiyyətin sağlamlığı, təhlükəli virusun neqativ təsirlərindən maksimum dərəcədə qorunmaq üçün olduğunu bilməli, anlayışlı yanaşma nümayiş etdirməlidir. Bir sözlə, cəmiyyətin ortaq maraqları üçün bütün qaydalara ciddi əməl edilməlidir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər