Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçiriləcək.
Teleqraf.com xəbər verir ki, imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilib. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.
Bundan əlavə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər (binaların və otaqların dezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, tibbi maska) təmin olunması həyata keçirilib.
Respublikanın 39 şəhər və rayonunda:
9-cu sinif üzrə buraxılış imtahanları;
11-ci sinif üzrə buraxılış imtahanları;
Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları;
Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu və 11-ci sinif cari və əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları keçiriləcək.
İmtahanlarda fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) 6 şagird də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, hər bir iştirakçının ehtiyacına uyğun tədbirlər görülməklə müxtəlif kitabçalar hazırlanıb, gözdən əlillər üçün fərdi nəzarətçilər, eşitmə əngəlli şagirdlər üçün isə surdopedaqoqlar təyin edilib.
İmtahanda iştirak edəcək şagirdlər (abituriyentlər) “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə iyunun 1-dən etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
İmtahanlar saat 11:00-da başlanacaq.
İmtahanların başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.
Şagirdlər (abituriyentlər) imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- imtahana buraxılış vərəqəsini;
- şəxsiyyəti təsdiq edən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)
- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız).
Xatırladaq ki, imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 197 imtahan binası, 3 284 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 197 ümumi imtahan rəhbəri, 538 imtahan rəhbəri, 4 266 nəzarətçi–müəllim, 393 buraxılışı təşkil edən əməkdaş, 197 bina nümayəndəsi ayrılıb.
İmtahanlarda 17 021 şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulur.