Bu gün bütün dünya koronavirus pandemiyası ilə mübarizəyə səfərbər edilib. Azərbaycan isə koronavirusla mübarizədə ən öndə gedən ölkələrdən biridir, artıq aylardır ki, koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə hökumət tərəfindən sistemli addımlar atılır. Ölkəmizdə yeni növ koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində həyata keçirilən operativ və mübarizə xarakterli tədbirlər də dövlətin öz vətəndaşlarına verdiyi dəyərin ifadəsidir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov bildirib.
Onun sözlərinə görə, ölkəmizin sosial-iqtisadi inkişafı cəmiyyət həyatının bütün sahələrində olduğu kimi səhiyyə sistemində də öz müsbət nəticələrini verib: "Son illər tibb müəssisələrinin maddi-texniki bazası gücləndirilib, yeni tibbi texnologiyalar tətbiq edilib, köklü kadr islahatları və başqa genişmiqyaslı tədbirlər həyata keçirilib. Bu da öz növbəsində səhiyyəmizin dünya standartları üzrə inkişaf etməsinə, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaradıb və beynəlxalq miqyasda Azərbaycan səhiyyəsinin nüfuzunun nəzərəçarpacaq dərəcədə artmasına səbəb olub".
Deputat qeyd edib ki, bu günə qədər səhiyyə sistemində aparılan quruculuq və yenidənqurma işləri koronavirusa qarşı effektiv mübarizə aparılmasında mühüm rol oynayır: "Cənab Prezident İlham Əliyev səhiyyə sisteminin inkişafını, müasirləşdirilməsini daim diqqətdə saxlayır. Həm paytaxt Bakıda, həm də bütün regionlarımızda müasir tibbi avadanlıqlar və ləvazimatlarla təchiz edilmiş, peşəkar həkimlərimizin çalışdığı tibb ocaqları fəaliyyət göstərir. Son 16 il ərzində ölkəmizdə 700-dən çox səhiyyə ocağı tikilib və ya əsaslı təmir edilib".
Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışının olduğunu xatırladan Anar Məmmədov ölkə başçısının açılışda mühüm məsələlərə toxunduğunu vurğulayıb: "Ölkə başçısı bildirdi ki, Azərbaycan dövləti mövcud vəziyyətdən az itkilərlə çıxmaq üçün əlindən gələni edir: “Güclü səhiyyə infrastrukturu mövcud vəziyyətdən də şərəflə çıxmağa imkan verdi. Koronavirusla mübarizə sahəsində işlər yüksək səviyyədə təşkil olunub. Azərbaycan xalqı çətin dövrdə birlik və həmrəylik nümayiş etdirir. Azərbaycanda yeni modul tipli 4 xəstəxana açılmış, iyunun sonuna kimi daha 6 xəstəxana açılacaq və bununla da yeni yaradılmış modul tipli xəstəxanaların sayı 10-a çatdırılacaq. Əsas vəzifə insanları xəstəlikdən qorumaq, onların həyatını xilas etməkdir”. Cənab Prezident bundan öncə olan ilk modul tipli xəstəxananın açılışında da vətəndaşlara müraciət edərək bildirmişdi ki, vətəndaşlar şəxsi gigiyenaya riayət etməli, maska taxmalı, məsafə saxlamalı, dezinfeksiya vasitələrindən istifadə etməlidirlər".
Deputatın fikrincə, qısa müddət ərzində ölkə başçısının dəfələrlə vətəndaşlara müraciəti heç də səbəbsiz deyil: "Yəni vəziyyət kifayət qədər kritikdir. İnsanlar bunların fərqinə varıb, sosial izolyasiyaya əməl etməlidir. Hər kəs bu məsələdə tam məsuliyyətli olmalıdır ki, hökumətimizin göstərdiyi səylər öz nəticəsini versin, koronavirus bəlasından tezliklə xilas ola bilək”.