Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı, Azad Həmkarlar İttifaqının maliyyə dəstəyi ilə akademiyada çalışan elm adamlarının ədəbi almanaxdakı şeirlərinin mövzusu açıqlanıb. Bu ilki almanaxda bəzi şeirlərin koronavirusa həsr olunacağı bildirilib.
Mövzu ilə bağlı AMEA-nın birinci vitse-prezidenti, Elmi Şuranın sədri, millət vəkili İsa Həbibbəyli Teleqraf.com-un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik.
- İsa müəllim, AMEA alimlərinin koronavirusa şeir yazdıqlarına dair yayılan xəbərlər sosial mediada geniş müzakirə olunur. Alimlərin bu addımı birmənalı qarşılanmır. Siz bu barədə nə düşünürsünüz?
- Pandemiya elə bir bəşəri fəlakətdir ki, sadə oxucudan tutmuş, xalq yazıçısına, professora qədər hər kəs öz münasibətini bədii şəkildə də, vətəndaş kimi də bildirmək hüququna malikdir. Heç kəsə demək olmaz ki, bu mövzuda yaz, ya yazma. Hər adamın şəxsi işidir. Şairlərə bu mövzunu yazmaq olar, "alimlərə öz sözünü bədii şəkildə demək olmaz" kimi düşüncə məncə, obyektiv deyil.
Ədəbiyyat institunda bu mövzuda şeir yazılması barədə məlumatım yoxdur. Hələ kimsə belə bir əsər yazmaq fikrindədir, ya yazıbsa da, hələ çap elətdirməyib. Hələ çapa daxil olmamış, haqqında sadəcə informasiya olan məsələni bu qədər şişirtmək doğru deyil. Bu, müəyyən məqsədlərə xidmət edir. Bəlkə yazmağa niyyəti var, bəlkə çap olunacaq, bu da onun haqqıdır. Buna qarşı çıxmaq düzgün deyil.
- Bəs AMEA koronavirusla mübarizə istiqamətində bu günə qədər hansı addımları atıb?
- AMEA-da koronavirusla mübarizə ilə bağlı geniş tədqiqat işləri aparılır. Alimlərimiz immunitet sisteminin gücləndirilməsi ilə bağlı ilkin tədqiqatlarını ictimaiyyətə təqdim ediblər. Çünki bütün dünyada göründü ki, koronavirusla mübarizədə immunitet sisteminin gücləndirilməsi həlledici addımlardan biridir. Akademiyanın alimləri insanların immunitet sisteminin gücləndirilməsi ilə bağlı artıq bir neçə institutda tədqiqat aparıblar və aparmaqda davam ediblər.
Eyni zamanda koronavirusun müalicə üsulları haqqında artıq müxtəlif fikirlər meydana gəlib. Burada xalq təbabətinin roluna aid bir neçə məqalə çap olunub. Azərbaycanda yetişdirilən bir sıra bitkilərin insanın immmunitet sistemindəki amillərə təsir edəcək xüsusiyyətləri meydana çıxıb. Ötən gün Dendrologiya İnstitunda bu istiqamətdə aparılan tədqiqatlar, yetişdirilən ağaclar və ağac-kol bitkiləri haqqında geniş məlumat verildi.
Bizim "Elm qəzeti"nin mart, aprel, may nömrələrində alimlərimizin koronavirusla mübarizəyə aid 10-12 məqaləsi çap olunub. Alimlərimiz koronavirusla mübarizənin tibbi, bioloji, psixoloji, sosial-fəlsəfi istiqamətlərinə dair tədqiqatlar üzərində çalışırlar.
- Bəs postpandemiya dövrü ilə bağlı AMEA nə fikirləşir?
- Son dövrdə AMEA-da postpandemiya dövrünün xarakterizə olunmasına dair tədqiqatlar barədə ilkin addımlar atılır. Məsələn, Azərbaycan İqtisadiyyat İnstitutu postpandemiya dövrünün çağırışları, reallıqlar mövzusunda seminar keçirməyə hazırlaşır, artıq anket sorğuları yayılıb. Eyni zamanda Fəlsəfə İnstitutu postpandemiya dövrünün sosial-fəlsəfi, psixoloji aspektləri mövzusunda onlayn konfrans keçirməyə hazırlaşır. Yəqin ki, növbəti həftə bu konfranslar baş tutacaq. Alimlərimiz həm humanitar və ictimaiyyət məsələsində, həm də biologiya və tibb sahəsində məqalələr üzərində işləyirlər.
Eyni zamanda botanika və digər istiqamətlərdə son iki ayda alimlərimizin apardığı tədqiqatlardan və çap etdirdiyi məqalələrdən böyük kitab tərtib etdirib. AMEA Rəyasət Heyətində postpandemiya dövrünün çağırışları və postpandemiya dövrünün vəzifələri mövzusunda məsələ müzakirə olunub. Rəyasət Heyətinin üzvləri, görkəmli akademiklər bu barədə fikirlərini deyiblər. Akademiyanın institutlarına konkret tapşırıqlar verilib.
İyun ayının sonunda akademiyanın bütün bölmələri üzrə aparılmış tədqiqatların hesabatını dinləyəcəyik. AMEA koronavirusla mübarizəyə özünün tibii-elmi töhvələrini verir.
- Dünyada koronavirusa qarşı vaksin üzərində tədqiqatlar davam edir. Bu istiqamətdə proqnozlarınız varmı?
-Vaksin hələ dünyanın heç bir ölkəsində kəşf olunmayıb, bu istiqamətdə axtarışlar gedir. AMEA-da və AMEA-nın yetirməsi olub, dünyanın müxtəlif ölkələrində çalışan görkəmli alimlər arasında da yeni vaksin axtarışında olan alimlərimiz var. Müşahidələr laboratoriya səviyyəsində olduğu üçün bunların haqqında belə süni fikirlər demək düzgün deyil.
- Sizcə, pandemiyaya həsr olunacaq şeir nəyə görə indidən bu qədər tənqid olunur? Axı dünyada belə epidemiyalara dair əsərlər, filmlər çox görmüşük.
- Koronavirus haqqında yazılan şeiri bəhanə edib Azərbaycan alimlərinin pandemiya dövründə koronavirusla mübarizə məsələlərinə həsr olunan ciddi tədqiqatlarına, bu istiqamətdə səylərinə, KİV-dən xalqa kömək etmək məqsədilə səsləndirdikləri qabaqlayıcı tədbirlər haqqında fikirlərinə kölgə salmaq bir Azərbaycan vətəndaşı üçün məqbul hesab oluna bilməz.
Mən elə bilirəm ki, KİV, sosial şəbəkələr belə sensasiyalı məsələlərin fərqində olmalıdırlar. Akademiyada gedən proseslərə obyektiv qiymət vermək lazımdır.
Epidemiya mövzusu həmişə böyük problem olub. Dünyanın məşhur yazıçılarından biri Alber Kamyunun "Taun" əsəri bütün dünyada tanınır. Epidemiya ədəbiyyata qapalı mövzu deyil. Bu barədə xalq şairi də, adi oxucu da, ədəbiyyat professoru da - kimi olur-olsun hər hansı söz deyibsə, burada gülməli, ağlamalı, sensasiya yaratmalı bir şey yoxdur. Alimlərin şeirləri haqqında əlimdə hələ bir məlumat yoxdur. Əgər şeir varsa, koronavirusu pisləyibsə, elmi şəkildə deyil, həyəcanını boğan şeirlə ifadə edib. Burada böyük qəbahət yoxdur. Alimlərimiz geniş elmi fəaliyyət göstərirlər. Onların arasında professorlar, fəlsəfə doktorları var.
Onlar neçə-neçə elmi əsərlərin müəllifidir, hazırda böyük tədqiqat əsərləri üzərində işləyirlər. Bir alimi koronavirusa niyə şeir yazıb deyə qaralamaq və ya kimsə filan şeiri niyə çap etdirir deyə ona qiymət vermək normalməntiqə sığmır. Düşünürəm ki, Azərbaycan ictimaiyyəti, sosial şəbəkələr, cəmiyyətimiz bu əsərlərə obyektiv qiymət verməyə çalışmalıdır.
Adam ömründə bir şey yazmaq istəyir, insan öz həyəcanını bir şeylə ifadə etmək istəyir. Burada mənəvi, ictimai-siyasi dəyərlərimizə zidd olan nə var? Belə bir şeir heç hələ ortada da yoxdur. Yazılmaqda olan şeiri, mətni irşirtmək, akademiyanın fəaliyyətini kiçiltmək məntiqi deyil. Kimsə fərqinə varmadan söhbət aparır, bu alimlərimizin zəhmətinə, fəaliyyətinə obyektiv mövqeyi ifadə etmir.
Eşitmişəm ki, bizim elm adamlarımız koronavirusla mübarizə aparan həkimlər haqqında, onlara minnətdarlıq vəd edən şeir yazıblar. Burda pis niyyət yoxdur.
- Yeri gəlmişən, bir elm adamı və elm mərkəzinin təmsilçisi kimi soruşmaq istərdik: sizcə, insanlarımız bu dövrdə özlərini necə aparmalıdırlar? Koronavirusla mübarizədə əsas amil nədir?
- Koronavirus bizdən məsuliyyət tələb edir. Operativ Qərargahın tələblərinə əməl etmək hər birimizin borcudur. Qərargahın verdiyi məlumatlarını ciddi hesab etmək lazımdır.
AMEA-da müşahidə edirəm ki, şeir yazanlar mask taxırlar, məsafə gözləyirlər, alimlərimizin dərk olunmuş mövqe nümayiş etdirdiklərini görürəm. İnsanlar məsafə saxlamaq, maska taxmaq tələblərinə ciddi əməl etməlidir, bu bizim borcumuzdur.
Koronavirus bizi həmrəyliyə, şəfqətə birliyə çağırır. Cənab Prezidentin "Biz birlikdə olaq" çağırışı çox böyük əhəmiyyət kəsb edir. Bu cəhətdən Azərbaycan dünyaya nümunə göstərir.