“Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Teleqraf.com xəbər verir ki, layihəni Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarliq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.
Komitə sədri xatırladıb ki, layihə birinci oxunuşda Milli Məclisdə müzakirəyə çıxarılarkən ətraflı məlumat verilib.
Tahir Mirkişili bildirib ki, 2019-cu il Azərbaycanda ən sürətli, əhatəli islahatlar ili kimi yadda qalıb:
“Aparılan iqtisadi islahatlar sürətli və inklüziv iqtisadi inkişafla nəticələnib. 2019-cu ilin Dövlət büdcəsi Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf prioritetləri və sosial-iqtisadi siyasət istiqamətləri ilə uzlaşdırılaraq qlobal iqtisadiyyatda gedən proseslərin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla icra olunub. Bütün sosial proqramlar və xüsusilə də iki böyük sosial paket icra edilib, nəzərdə tutulan hədəflərə nail olunub. Dövlət və İcmal büdcələrinin gəlirləri proqnozla nəzərdə tutulduğundan artıq, xərcləri isə təsdiq edilmiş büdcə ayırmaları həddini aşmadan icra edilib. Xərclərin az icrası heç bir sosial layihənin prioritet xərclərinin ixtisar olunmaması təqdirəlayiq haldır. Dövlət büdcəsinin kəsiri proqnoza nisbətən qat-qat az olub, onun Ümumi Daxili Məhsulda xüsusi çəkisi isə cəmi 0,3 faiz təşkil edib. 2019-cu ilin Dövlət Büdcəsinin icrası Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf kursunun ardıcıl surətdə davam etdirilməsində öz müsbət rolunu oynayıb.
Müzakirələr zamanı çıxış edən Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, komitə sədrləri Bəxtiyar Əliyev, Zahid Oruc, Siyavuş Novruzov, deputatlar Jalə Əliyeva, Erkin Qədirli, Məlahət İbrahimqızı, Fazil Mustafa, Emin Hacıyev, Malik Həsənov, Razi Nurullayev, İltizam Yusifov, Əziz Ələkbərov, Səttar Möhbalıyev, Sevinc Fətəliyeva, Elman Məmmədov, Rauf Əliyev 2019-cu ilin dövlət büdcəsinin icrasını yüksək qiymətləndirərək, qeyd və təkliflərini veriblər. Müzakirələrdən sonra “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.