Əlilliyi olan şəxslərin ifalarından ibarət “Qəlbin nəğməsi” musiqi albomu nəşr edilib.
Teleqraf.com xəbər verir ki, tanınmış müğənnilərlə duetlərin də yer aldığı albomun ASAN Radioda təqdimatı keçiriləcək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi istedad və bacarıqları ilə seçilən əliliyi olan şəxslərin və onların yaradıcılıq nümunələrinin cəmiyyətə tanıdılması istiqamətində növbəti layihəni gerçəkləşdirib.
Nazirlik tərəfindən ölkədə ilk dəfə olaraq əlilliyi olan şəxslərin ifalarından ibarət toplu - “Qəlbin nəğməsi” adlı musiqili albom hazırlanıb. Topluda istedadlı əlilliyi olan şəxslərin ifalarında klassik, milli və müasir musiqi əsərləri təqdim edilir. Layihənin daha bir özəlliyi albomda əlilliyi olan şəxslərin tanınmış müğənnilərlə birgə ifa etdiyi musiqi əsərlərinin olmasıdır. Avroviziya mahni müsabiqəsində ölkəmizi təmsil edəcək Samirə Əfəndi ilə birgə əlilliyi olan şəxslərin ifasında Azərbaycanın Dövlət Himni ilə başlayan alboma sağlamlıq imkanları məhdud gənclərin ifa etdiyi, ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Sən elə bir zirvəsən” mahnısı da daxil edilib. Həmçinin topluda Aysel Əlizadənin, Turanə Həmidovanın (əməkdar artist Aygün Bəylərlə birgə), Gülnar Rəhimovanın, Elgiz Babazadənin, Sima Tapdıqovanın, Mehman Çingizoğlunun, Bəhlul Tufanın (Şəmistan Əlizamanlı ilə birgə), Fərqan Arifoğlunun, Seymur Əliyevin, Sadiq Həsənovun, Gülnar Novruzovanın (İlqar Xəyalla birgə), Murad Sadıxın, Fatimə Əkbərlinin səsləndirdiyi mahnılar disk və fləşkartda təqdim edilir. “Qəlbin nəğməsi” albomu Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirilib. Agentlik tərəfindən müəlliflik hüququna dair şəhadətnamə verilib. Yaxın günlərdə ASAN Radio – 100 FM-də layihənin təqdimatı keçiriləcək. Veriliş Nazirliyin və ASAN Radionun facebook səhifələrində canlı yayımlanacaq. 2 həftə ərzində ASAN Radioda albomda olan musiqi nömrələri səsləndiriləcək, geniş dinləyici auditoriyasına təqdim ediləcək.
Bundan əvvəl Nazirlik tərəfindən əlilliyi olan şəxslərin yaradıcılıq uğurları barədə məlumatları əhatə edən 280 səhifəlik “Əlillik qüsur deyil” kitab-albomu hazırlanaraq Azərbaycan və ingilis dillərində nəşr etdirilib. Nazirliyin dəstəyi ilə görmə imkanları məhdud şəxslərin şeirlərindən ibarət “Zülməti dələn işıq” kitabı nəşr olunub. Əlilliyi olan insanların çalışdığı ƏSA Teatrı ilə əməkdaşlıq çərçivəsində bir sıra tamaşalar hazırlanaraq təqdim edilib.