15 İyun 2020 15:41
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan polisi bütün tarixi dövrlərdə Vətənə və xalqa ləyaqətlə xidmət edib. Daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirirlər.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

O bildirib ki, məhz bu peşəkarlığın nəticəsində bu gün Azərbaycan nəinki MDB məkanında, hətta dünyada kriminal vəziyyətin ən aşağı səviyyədə olduğu ölkələrdən biridir:

"Fəaliyyətinin əsas istiqamətlərinə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin və digər xətaların qarşısının alınması və açılması, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi də daxil olan polis təkcə ölkə çərçivəsində sabitliyin və təhlükəsizliyin təmin olunmasında deyil, eləcə də müstəqillik dövründə ön cəbhədə düşmənə qarşı döyüşlərdə çox böyük xidmətlər göstərib. Yüzlərlə polis şəhid olub. Bizlər dəfələrlə polis əməkdaşlarının vətəndaşımızın həyatını xilas etməsi üçün necə fədəkarlıq göstərdiyinin, hətta həyatlarını riskə atdılarının şahidi olmuşuq.

Birbaşa vəzifə borcları olmasa da hər hansı bir yanğın zamanında belə polisin düşünmədən insanların həyatını xilas etmək üçün necə öz həyatlarını riskə atdıqları hər kəsə məlum faktlardır".

Politoloqun sözlərinə görə, Azərbaycan polisi bu gün də pandemiya ilə mübarizədə ön cərgədə dayanaraq vətəndaşımızın sağlamlığının qorunması üçün gecə-gündüz fasiləsiz xidmət aparır və mütəmadi olaraq virusa yoluxma təhlükəsi ilə üz-üzə dayanır: "Son illər ölkəmizdə keçirilən mühüm əhəmiyyətli tədbirlər - mədəniyyətlər və sivilizasiyalararası dialoqlar, humanitar forumlar, musiqi və idman yarışları, Formula-1 və futbol turnirləri və digər kampaniyalar insidentsiz başa çatıb. Bu tədbirlər zamanı hər bir iştirakçının, qonaqların, turistlərin, idmançıların təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasında polis əməkdaşlarının rolu xüsusi qeyd edilməlidir.

Bütün bunları qiymətləndirmək, polisə minnətdar olmaq əvəzinə, kimlərinsə diqtəsi ilə bu çətin peşə sahiblərinə böhtan atmaq, onların gərgin əməyinin üstündən xətt çəkmək millətimizə xas olmayan xüsusiyyətdir. Polis dövlətin arxa-dayağı olduğu kimi hər bir Azərbaycan vətəndaşı da polisə arxa-dayaq olmalı, onların öz vəzifələrini icra etməsində əlimizdən gələn dəstəyi göstərməliyik".

Yusif Bağırzadə qeyd edib ki, hazırda Azərbaycan polisi güclü nizam-intizama, yüksək peşəkarlığa malik, müasir maddi-texniki imkanlarla təchiz edilmiş, dövlətçiliyimizin qorunması işində önəmli xidmətləri olan mühüm dövlət təsisatıdır və hər birimiz bu şərəfli peşə sahiblərinə göstərdikləri gərgin zəhmətə görə minnətdar olmalıyıq.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər