Artıq həqiqətən dözmürəm. Bəsdir məsuliyyətsizlik etdiniz! Kanallardan birindən zəng edib deyirlər ki, müxbirimiz 4-5 gündür yüksək qızdırma ilə işə gəlib-gedir. Deyirəm, niyə 103-ə məlumat vermir? Niyə gəzir ortalarda? Deyilir ki, karantində işləmək üçün ancaq onun adı verilib. Bu nə eqoistlikdir, axı?
Teleqraf.com xəbər verir ki, bu sözləri TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva özünün Feysbuk səhifəsində yazıb.
Qurum rəsmisi insanların məsuliyyətsiz yanaşmasına münasibətini bu sözlərlə davam etdirib: "O gün birində test pozitiv çıxıb, güclə yoldaşı və oğlundan da test götürülüb. Demişik, nəticəni gözləyin. Cümə günü zəng etmişəm ki, oğlunuzun test nəticəsi pozitivdir. Deyir ki, oğlumun heç nəyi yoxdur, yığışıb uşaqlarla rayona çıxdılar. Niyə belə eqoistik? Axı, virus niyə camaatın uşağına keçirməlidir? Bəlkə aralarında hansısa yanaşı xəstəliyi olan var?
Bəlkə kiminsə ölümünə səbəb olacaqsız? Elə bir-birinə qoşulub gedənlərdə də günah var.Niyə hər kəs məsuliyyətini dərk etmir?
İndicə bir telekanaldan zəng ediblər ki, bacım tibb bacısıdır, 3 gündür qızdırmalıdır, rentgen edib, pnevmoniyası var, özünə sistem qoşur, evdə müalicə edir, amma ağırlaşıb, xahiş edirəm, kömək edin. Dəfələrlə demişik ki, evdə müalicəyə qalxmayın! Ağırlaşıb gəlirsiniz, sonu pis nəticələnir, yenə də günahkar həkimlər olur".
Rəvanə Əliyeva ölkədə görülən tədbirləri dünya ölkələri ilə müqayisə edib: "Əvvəldən də demişdik ki, qaydalara riayət edin, məsuliyyətli olun. Qabaqcıl ölkələrin belə səhiyyəsi bu pandemiyaya tab gətirmir. İtaliya, İspaniya kimi ölkələr ilk gündən başlı-başına buraxdı, Rusiyada ilk günlər idi hələ, xəstəxanadan oksigen balonunu əlinə verib evə yola salınanlar olmuşdu. Bizdə isə simptomsuzlar da dövlət tərəfindən nəzarətə götürülüb izolyasiya edilirdi.
Bəli, kimlərsə deyəcək ki, bu qədər statuslar var sosial şəbəkələrdə, gecikirsiniz aparmağa. Bu vəziyyətin gəlməməsi üçün özümüzü öldürürdük. Buna baxmayaraq, yenə də hər hansı halı görən kimi dərhal reaksiya veririk".
TƏBİB sözçüsü virusun varlığını inkar edənləri də nəzərdən qaçırmayıb: " Dostluğumda "inanmıram" deyənlər çoxdur, eləcə də ələ salanlar... Lap yaxınlarımdan da bunu yazanlar var. Bizim gecəmiz-gündüzümüz, istirahətimiz yoxdur sizin kimi məsuliyyəti olmayan eqoistlərə görə. Bu müddətdə o qədər "inanmıram" deyib, sonra hansısa yaxını üçün yalvaranlar oldu ki... Testin nəticəsi hələ bəlli olmadan "xahiş edirəm, yerləşdirin xəstəxanaya" deyənlər... Mütləq özümüzə çatanda inanmalıyıq?!
İstəmirəm sizin kimi məsuliyyətini dərk etməyən vətəndaşlara görə mənim əzizlərimə gəlib çatsın bu virus. Yuxarıda sadaladığım halların hər birinin əsasında heç nə vecinə olmayan xəstəliyi yayan insanın məsuliyyətsizliyi durur. Kimlərsə "inanmıram" deyərək sahibi olduğu restoranının, kafenin durumunu qurtarmaqçün insanları inanmamağa səsləyən postlar paylaşırsa, bu eqoistlikdir. Yazıb ələ saldığınız, insanları yalanlarınıza inandırmaq istədiyiniz məsələlərin hər birinə cavabım var, amma sizlərlə burada söz güləşdirməkdənsə 1 dəqiqə belə vaxt itirmədən ölümlə savaşan insanlara kömək etməyi üstün tuturam.
Bircə şey deyim, nəyəsə həqiqətən inanmırsınızsa, inancınızı özünüzdə saxlayın, bilib-bilmədən hər şeydən mütəxəssis kimi danışmayın, heç də yaxşı görünmürsünüz".
Rəvanə Əliyeva iş rejimləri ağır olsa da, pandemiyanın başa çatması üçün bundan narazı olmadığını ifadə edib: "Nə bu rejimdə işlədiyimə görə artıq pul alıram, nə də hər "koronavirus xəstəsi" tapılanda. Bəli, mən qorxuram, koronavirusdan qorxuram, özümə görə yox, yaxınlarıma görə qorxuram. Siz də zəhmət çəkin, inanmasanız belə, maska taxaraq, məsafə gözləyərək, işiniz olmayanda küçəyə çıxmayaraq inanmayın. Sizin həftəsonu istirahətinizə görə insanların sağlamlığı təhlükəyə düşməli deyil! Ən əsası, həkimlərimiz ölür sizə görə!"