“ECMO aparatına qoşulan koronaviruslu xəstənin sağalması dünya praktikasında var”.
Bunu Teleqraf.com-a açıqlamasında baş infeksionist Cəlal İsayev Əməkdar artist Bəhram Bağırzadənin sözügedən aparata qoşulmasını şərh edərkən deyib.
O qeyd edib ki, Azərbaycanda Ekstrakorporal Membran Oksigenasiya (ECMO) aparatına ilk qoşulan xəstə Bəhram Bağırzadədir:
“Bəhrəm Bağırzadənin səhhəti haqqında dəqiq məlumat verə bilmərəm. Bildiyim qədəri ilə ağır vəziyyətdə olub. ECMO aparatı qanı orqanizmdən kənarda oksigenlə zənginləşdirərək yenidən orqanizmə daxil edir. Bu aparatda xəstə uzun müddət qala bilməz, maksimum qalma müddəti iki aydır. Sonra ya xəstə yaxşılaşmalıdır, ya da digər tədbirlər həyata keçirilməlidir. Allahdan Bəhrəm Bağırzadəyə şəfa diləyirəm”.
Baş infeksionist xaricdə ECMO aparatına qoşulan koronaviruslu xəstənin sağalması təcrübəsinin olduğunu da deyib: “Fransada 2 aya yaxın ECMO aparatına qoşulan xəstə artıq vəziyyətdən çıxıb. Orqanizmin müqavimətindən çox şey asılıdır.
ECMO aparatına qoşulmaq çox çətin bir vəziyyətdir. Bu, ağ ciyərin tam sıradan çıxması zamanı tətbiq olunur. Amma hər halda dünya praktikasında bu aparata qoşulmuş xəstədə müsbət nəticə əldə olunub. Çox güman Bəhrəm Bağırzadə də vəziyyətdən çıxar. Cavandır, orqanizmi də güclüdür, hesab edirik ki, yenidən öz doğmalarına qovuşacaq”.
Cəlal İsayev deyir ki, xəstəlikdən sağalan insanların qan plazması donoru sahəsində müəyyən nəticələr var: “Onların qanından alınan plazma müalicə məqsədi ilə istifadə edilir. Bu plazmada hazır anti-cisimciklər olduğuna görə virus əleyhinə təsir göstərəcəyi güman olunur. Bu istiqamətdə müəyyən nəticələr əldə edilib. Amma hələlik plazmadan hazırlanmış digər preparatlardan bu məqsədlə istifadə olunması istiqamətində işlər aparılır.
Bunların hamısı başlanğıc dövrdədir, hələ dəqiq heç nə demək mümkün deyil. Odur ki, heç nəyə ümid bağlamadan verilən tövsiyələrə ciddi əməl edilməlidir. Yoluxan insanlar da vaxtında xəstəxanaya çatdırılıb erkən müayinə və müalicəyə cəlb olunmalıdır”.
Qeyd edək ki, həkimin də dediyi kimi ECMO aparatı müvəqqəti olaraq ağ ciyərlərin funksiyasını yerinə yetirməklə, qanı oksigenlə təmin edir. Venoarterial (VA) ECMO həm oksigenverici, həm də qan dövranına mexaniki dəstək məqsədilə ürək və ağciyər çatışmazlığının birlikdə olduğu vəziyyətlərdə istifadə edilir.
Venovenoz (VV) ECMO-dan isə sadəcə ağciyər çatışmazlığı olan vəziyyətlərdə oksigen alış-verişinə dəstək məqsədilə istifadə olunur. Qan venoz sistemdən çəkilib təmizləndikdən sonra təkrar venoz sistemə verilir.