15 İyun 2020 21:25
1 386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Cümhuriyyəti tələbələrindən Mirismayıl Seyidzadənin (İsmayıl Saryal) atası Hacı Seyid Əhməd Talışxan 1870-ci ildə Gəncədə doğulub.

Lənkərandan Gəncəyə köçən Talışxanlar nəslindəndir. Üç dəfə həcdə olan Hacı Seyid Əhməd Gəncədə vəqflər müdiri olub, eləcə də yenilikləri ilə məşhur şəxs kimi tanınıb.

İ.Saryal “Bakı rüzgarı” adlı əsərində atası haqqında maraqlı bilgilər verib, onun səyahətdən qayıtdığı zaman fotoaparat gətirdiyini bildirib. Hacı Seyid Əhməd Minəbəyim xanımla (Nəsib bəy Yusifbəylinin xalası) evlənib, 2 oğlu və 3 qızı olub: Püstəbəyim, Mirismayıl, Ülkərbəyim, Mirdavud, Balabəyim.

Talışxanın həyatı haqqında professor Ədalət Tahirzadə, Saryal ailəsinin qohumu Nurəddin Xəzər məqalələrində mühüm bilgilər veriblər. O, Azərbaycan tarixində daha çox rəssam kimi tanınır. Xüsusilə, Həmid bəy Yusifbəylinin İstanbuldan Gəncəyə dərs demələri üçün göndərdiyi müəllimlərin birlikdə şəklini çəkməsi və adlarını qeyd etməsi həm rəsm, həm də təhsil tariximiz üçün olduqca önəmlidir.

Hacı Seyid Əhməd Talışxanın yaradıcılığı haqqında mühacirlərin çap etdiyi “Mücahit” jurnalında Duranoğlu Nəriman Saryal (İsmayıl Saryalın oğlu Nuri bəyin xanımı) imzası ilə bir məqalə dərc olunub. Məqalə azərbaycanlı rəssamın həyatı barədə bilgi verdiyi üçün dilimizə uyğunlaşdıraraq təqdim edirik.

***

Hacı Seyid Əhməd Talışxan Azərbaycan rəssamlarından Hacı Seyid Əhməd 1870-ci ildə Azərbaycanın Gəncə şəhərində doğulub. Lənkəran şəhərindən Gəncəyə köçmüş və Talışxan adı ilə anılan keçmiş xan ailəsindən Seyid Bağırın oğludur. Xüsusi təhsil almış və Gəncənin tanınmış ailələrindən Xanbudaq ailəsinin qızı Minə xatunla evlənib, yeddi uşağı olub. Onlardan dördü qız, üçü oğlandır. Övladlardan üçü həyatdadır.

Uşaqlarının, hətta çevrəsindəki uşaqların da təhsili ilə şəxsən məşğul olub, o dövrdə qızların oxuması çox xoş qarşılanmasa da, onlara da eyni təhsil və təlimi verməyə çalışıb. Çox gənc deyə biləcəyimiz yaşda – 1915-ci ildə 45 yaşında doğulduğu Gəncə şəhərində həyata gözlərini yuman sənətkarın kültür, sənət və ictimai həyatına gəlincə:
Yuxarıda da toxunduğumuz kimi təhsilini xüsusi olaraq almış, elm və sənətə söykənən kültürünün böyük bir qismini öz gücü ilə qazanan Seyid Əhmədin rəsmə qarşı uşaqlığından başlayan marağı zamanla inkişaf edərək onu dəyərli bir sənətkara çevirib. Davamlı şəkildə təmas etdiyi rus və alman rəssamlarından başqa Rafael ilə erməni rəssam Ayvazovski ən bəyəndikləri arasında idi.

Heç bir cərəyana bağlı qalmayıb, daha çox portret üzərində çalışıb, eyni zamanda təbiət tabloları da çəkib. Evinin divarlarını bunlarla süsləmişdi. Portretlərinin içində ən tanınanı Həzrət Əliyə aid olanıdır. Bundan başqa Həzrəti Məhəmmədin, Kəbənin, İslam padşahı və sultanlarının da portretləri də xüsusilə dəyərlidir. Evinin üst mərtəbəsində olan tablolarının bu gün harada olduğu bilinməməkdə, yerli Sovet hökuməti tərəfindən bir muzeyə qoyulduğu söylənilməkdədir. Təkcə qara karandaşla çəkdiyi portretlərinin kiçik bir qismi qorunub və hələ də saxlanılmaqdadır.

Rəsmdən başqa fizika, kimya, astronomiya və fotoqraflığa xüsusi marağı olan sənətkar zamanının bir qismini də evindəki teleskopla ulduzları tədqiq edərək keçirib.

Təkcə sənətkar deyil, eyni zamanda bir cəmiyyət adamı olan Seyid Əhməd bir çox xeyriyyə cəmiyyətlərində fəal şəkildə çalışıb. Bunlardan başqa ən çox sevdiyi məşğələlərinin arasında səyahət etmək də olub. Üç dəfə Məkkəyə gedib, hər dəfə Azərbaycana İstanbul yoluyla qayıdıb.

Bu qısa bioqrafiya göstərir ki, Hacı Seyid Əhməd xan həyatını öyrənərək və öyrədərək keçirib, təkcə təsviri sənətlərə deyil, elmin hər qoluna dəyər verib, qısa ömrünü bunlarla keçirib. O, həyatının böyük bir qismini xərclədiyi əsərlərini nəsillərə yadigar qoyan azəri rəssamıdır və doğulduğu Gəncə şəhərində türbəsi hələ də ziyarət edilən ölümsüz bir insandır.

Mərhum 1915-ci ildə bir xəstəlik nəticəsində öldüyü zaman beynində hələ gerçəkləşdirmədiyi bir çox sənət layihələri vardı. Ölümü onu sevənləri və demək olar ki, bütün şəhər xalqını dərin bir yasa bürümüşdü.

Həyatda qalan uşaqlarından üçü Türkiyədə yaşayır: İsmayıl, Ülkər və Davud.
“Mücahit” jurnalı, sayı 39-40, 1961

Qeyd: Sonda adı çəkilən şəxslər bu gün həyatda yoxdurlar. Hazırda Saryal ailəsinin başçısı Nuri Saryaldır. Məqalədə Seyid Əhmədin karandaşla çəkdiyi iki rəsm əsəri verilib. Türk müəllimlərin rəsmində müəllif belə qeyd verib: “Rəssam Hacı Seyid Əhmədin 1910-1911-ci illərdə karandaşla çəkdiyi rəsmlərdən. Rəsmdə Türkiyədən Azərbaycana gələn, Gəncə “Məktəbi-Ruhanisi”ndə müəllimlik edən 3 müəllimlə azərbaycanlı müəllim Molla Qasım təsvir olunublar. Oturanlar: Əhməd Əfəndi (solda) və Xeyrəddin Əfəndi (sağda). Ayaqdakılar: Akif Əfəndi (Akif Soğuksu, solda) və Molla Qasım (sağda). Karandaşla çəkilmiş digər rəsmin altında isə “Gəncənin tanınmış din adamlarından Mirzə ağa Pişnamazzadə” qeydi verilib.

Seyid Əhmədin albomundakı rəsm əsərlərindən biri də yoldaşı Minə xanımın atası Böyük bəy Xanbudaqovun təsviridir. Bu əsəri Seyid Əhmədin nəticəsi Nilgün Saryal sosial şəbəkə hesabında paylaşıb.

Hacı Seyid Əhmədin oğlu, Cümhuriyyət tələbələrindən Mirismayıl Berlində Şarlottenburq Texniki Universitetini yüksək elektrik mühəndisi kimi 1924-cü ildə bitirib, alman qızı Helena Hofmannla ailə həyatı qurub. Sonralar İslamı qəbul edərək Leyla adını götürən Helena xanım onunla birlikdə Bakıya gəlib. Bu zaman artıq Azərbaycanda Sovet hakimiyyəti idi. Mirismayıl Bakıda tramvay idarəsində işə düzəlib, həmçinin müəllim kimi çalışıb. Lakin qısa zamanda ÇeKa tərəfindən nəzarətə götürülüb, ona müxtəlif təzyiqlər edilib. Milli görüşlü insanların, dostlarının ÇeKa zindanlarında işgəncələrə məruz qaldığını görən Mirismayıl 1929-cu ilin payızında 10 nəfərlə birlikdə Güney Azərbaycana, oradan isə Türkiyəyə keçib. Ardınca xanımı və övladını da yanına gətirə bilib.

Türkiyədə Saryal soyadından istifadə edən Mirismayıl Ankarada Elektrik və Havaqazı fabrikində işə girib, 1961-ci ildə bu müəssisədən baş mühəndis olaraq təqaüdə çıxıb.

Saryal oğlunun adını Nuri paşanın şərəfinə Nuri qoyub. Nuri Saryal da atası kimi yüksək təhsil alıb, 1977-1979-cu illərdə Türkiyənin məşhur Orta Doğu Texniki Universitetinin rektoru olub.

Saryal həyatı haqqında “Bakı rüzgarı” adlı geniş xatirələrini yazıb. 1982-ci ildə doğulduğu 13 fevral tarixində vəfat edib.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər