16 İyun 2020 09:24
1 540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gözləməyək ki, xəstəlik və ölümlər evimizə bədbəxtlik gətirsin. Hamımız üçün çox üzücü və olduqca çox təhlükəli bir xəstəliklə üz-üzəyik. Pafossuz, mübaliğəsiz... Kimisə inandırmaq üçün yox, həqiqətən real durumu anlatmaq üçün deyirəm.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib:

"Gündəlik eşitdiyim xəbərlər, yaxın və uzaq çevrəmizin sağlamlığı barədə narahatlıq, nəhayət, insanların laqeyidliyi və vəziyyətin kritik həddə çatması məni də dillənməyə vadar edir. İki həftə əvvəl bu xəstəlikdən yaxın rəfiqəmi itirdim və çox üzüldüm. Bundan sonra kimlərinsə etinasızlığı üzündən daha kimisə itirmək istəmirəm".

Nazirlik rəsmisi bildirib ki, hər gün daha həyəcanlı, üzücü xəbərlər gəlir və nəticələr çox qorxuludur: "Hər gün 300-dən yuxarı xəstə sayı nə deməkdir? Çox qorxuram, çox narahatam. Əzizlərim üçün, yaxınlarım üçün, həmkarlarım üçün, xalqım üçün. Fikirləşirəm ki, xəstələnənlərin ətrafı, onların yaxınları, yaxınlarının yaxınları və belə bir zəncirvari davam edə bilər.

Allah qorusun, virusun yayılması bu cür davam edərsə, az bir vaxtda bu bəlanın hamımıza toxunacağınımı gözləməliyik? Məncə, yox! Ölkənin bütün qurumlarının mətbuat xidmətlərini təmsil edən hörmətli həmkarlarım, gəlin biz ümumi bir bəyanatlamı, müraciətləmi çağırış edək, "inanmayan" çoxluğu başqalarının həyatına "qəsd" etməsinlər deyə qınayaq.

Yaxud bu günlərdə həyəcanla acılarını paylaşan həmkarımız, TƏBİB-in mətbuat katibinin depressiv durumuna dəstək olaq. Hər iki halda biz, ictimaiyyətin məlumatlandırılmasına məsul şəxslər olaraq, həm təmsil etdiyimiz qurumun çoxsaylı kollektivinin sağlamlıq təhlükəsi ilə üzləşdiyi barədə vacib olan çağırışla vəzifəmizi yerinə yetirmiş olarıq, həm də hər kəsi çaşdırmağa xüsusi həvəsli olan bəzi "inamsızların" yanlışlıqlarının, çaşdırıcı məlumatlarının yayılmasına maneə yaradarıq.

Hörmətli həmkarlar, təklif edirəm ki, ən yaxın zamanda birgə bəyanat hazırlayaq, həm bir vətəndaş olaraq, həm də vəzifə borcumuz kimi, düçar olduğumuz bəladan ən az itkilərlə uzaqlaşmaq üçün öz səsimizi qaldıraq. Özünü təcridin, sosial məsafənin, özünü qorumaq vasitələrinin həyati vacibliyini bir daha səsləndirək və heç olmasa yaxın çevrəmizə çatdıraq ki, özünü virusdan qorumayan bir nəfər yüzlərin həyatına qəsd edir, millətinin, xalqının, ən nəhayət öz yaxınlarının təhlükəsizliyinə təhdid yaradır".

İradə İbrahimovanın fikrincə, Azərbaycan xalqı bu bəladan qorunmağı bacaran nə gürcülərdən, nə də digər xalqlardan aciz deyil.

"Teleqraf" Media Qrupu olaraq çağırışa qoşulur, hər kəsi izolyasiya qaydalarına əməl etməyə səsləyirik.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər