Teleqraf.com-un suallarını Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili İlham Məmmədov cavablandırıb. Onunla müsahibəni təqdim edirik:
- Səhiyyə işçiləri peşə bayramlarını COVID-19-la mübarizə şəraitində qeyd edir. Bu gün səhiyyəmizin taclı virusla mücadiləsini həkim kimi necə qiymətləndirirsiniz?
- Ulu Öndər Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli sərəncamından sonra ilə 17 iyun səhiyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunmağa başladı. Bu tarix məhz sosial siyasətin önündə gedən Azərbaycan səhiyyəsi, həkimlərin peşə fəaliyyətinə verilən çox yüksək qiymətin göstəricisidir. Ümummili liderimiz Heydər Əliyev səhiyyə sisteminin inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsinə mövcud tibbi obyektlərin təmir və bərpası, yeni səhiyyə müəssisələrinin yaradılması, əhalinin kütləvi dispanser qeydiyyatına alınması və sahə həkimlərinin işinin fəallaşdırılması məsələlərindən başlayıb. Dahi rəhbər Heydər Əliyev ölkəmizdə sağlamlıq zonaları və istirahət evlərinin yaradılmasına, abadlaşdırma işlərinin aparılmasına, mövcud səhiyyə ocaqlarının profilinin genişləndirilməsinə ciddi əhəmiyyət verirdi. Ümummilli liderin başladığı işlər bu gün cənab Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Bu gün Səhiyyə Nazirliyi ölkə başçısının sosial yönümlü siyasətini əzmlə və müvəffəqiyyətlə həyata keçirir. Səhiyyə sahəsində yeni islahatlar, qanunverici bazanın təkmilləşdirilməsi, təbabətin sosial əhəmiyyətli sahələrində milli fəaliyyət proqramlarının qəbul edilməsi, ölkənin elmi-tibbi potensialının gücləndirilməsi bu gün Azərbaycan səhiyyəsinin əsas inkişaf istiqamətlərindəndir. Hazırda yeni tibb müəssisələrinin tikilməsi, bütün mövcud xəstəxana və poliklinikaların yenidən qurulması və modernləşdirilməsi, yeni avadanlıqlarla təchizatı bugünkü səhiyyəmizin yüksəlişinin təzahürləridir. Heydər Əliyev Fondununun səhiyyə sahəsində həyata keçirdiyi işlər yüksək qiymətə layiqdir. Birinci vitse-prezident Menriban Əliyeva hər bir sahə kimi səhiyyə sahəsinə də diqqətlə yanaşır, müasir tələblərə cavab verən tibb ocaqlarının tikilib istifadəyə verilməsi istiqamətində mühüm addımlar atılması səy göstərir.
- Koronavirusla mübarizədə ön cərgədə həkimlərimiz dayanıb. Qəfil pandemiya ilə üz-üzə qalan tibb işçilərinin gərgin psixoloji duruma hazırlığını necə dəyərləndirirsiniz?
- Cənab Prezindent İlham Əliyevin də vuğuladığı kimi bu gün həkimlər öz həyatını, sağlamlığını risk altına qoyurlar, xəstələrə gecə-gündüz xidmət edirlər. Ona görə də həkimlərin fədakarlığını yüksək qiymətə layiqdir. Xalqımız gördü ki, bu çətin pandemiya dövründə insanların həyatını qoruyan həkimdir. Sözsüz ki, dövlətimiz öz qabaqlayıcı tədbirlərini görür. Nəticədə isə xəstələri müalicə edən, onları həyatanı qoruyan həkimlərdir. Həkimlər gecə-gündüz işləyirlər, insanları xilas edirlər. Bu baxımdan da insanların həyatını bu xəstəliklərdən qoruyan, xilas edən həkimlərimizdir. Bu gün həkimlərimiz öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Öz ömründən pay verənlər, ağ xalatlı şəfa verənlərdir həkimlərimiz... Heç bir əmək sahəsində həkimin gördüyü işlə simvolizə olunan bir sahə yoxdur. Həkimlərimizin hər biri çalışmalıdır ki bu şərəfli adı daima yüksəklərə qaldırsın. Pandemiya dönəmində bütün sahələrin dayandığını müşahidə etdik. Amma insanlara ümid verən, onların sağalması üçün bilik və bacarıqlarını əsirgəməyən həkimlərimiz oldu.
- Səhiyyəmizin virusla mübarizədə gördüyü tədbirləri qənaətbəxş hesab etmək olarmı?
- Bu gün koronavirusa qarşı mübarizədə məhz son 16 ildə Azərbaycan səhiyyəsinin inkişafı imkan verdi ki, biz insanları böyük bəladan qoruya bilək. Ümumilikdə bu günə kimi 750 çox tibb müəsisəsi tikilib və yaxud əsaslı şəkildə təmir olunub. Elə bir bölgəmiz yoxdur ki, orada müasir tipli səhhiyə ocaqları mövcud olmasın. Bu gün bir sıra Avropa ölkələrində çarpayı çatışmamazlığı ucbatından xəstəxanalar xəstələri qəbul etmir. Azərbaycanda isə simptomsuz xəstələrin belə müayinə olunması üçün bütün zəruri tibbi avadanlıqlar və şərait mövcuddur.
- İkinci dalğanın olacağı proqnozlaşdırılır, bu fonda səhiyyəmiz növbəti mərhələdə infeksiya ilə mübarizəyə daha hazırlıqlı olacaq?
- Azərbaycan səhiyyəsi yüksək maddi-texniki bazası ilə yarana biləcək hər bir problemə qarşı hazır vəziyyətdə idi. Burada dövlətin, səhiyyə sisteminin aparacağı qabaqlayıcı və müayinə tədbirləri ilə yanaşı insanların da məsuliyyəti önə çıxmalıdır. Çünki bu, həm də insanların sosial məsuliyyətindən asılı olan məsələdir. Çünki insanlar bütün hallarda öz sağlamlığını düşünərək məsuliyyətli olmalıdır.
- Artıq vaksinin hazırlandığına dair ümidverici xəbərlər yayılır. Peyvəndin tapılması COVID-19-un qarşısını alacaq?
- Dünya təbabət elmi bu virusun öyrənilməsi qarşısında acizdir. Doğrudur, bəzi ölkələr vaksinin hazırlanması ilə bağlı sifarişlər alıblar. Hətta Avropa Birliyi 400 milyon doza sifariş verib. Virusun öyrənilməsi dedikdə, söhbət təkcə DNT-sinin deyil, bütünlüklə, zülalın sürətlə mutasiya etməsi barəsində araşdırmalardan gedir. Yəni hazırlanacaq vaksinin virusa təsirli olub-olmayacağı da bəlli deyil. Hətta vaksinin keyfiyyəti məsələsi istiqamətində də bir söz söyləmək çətindir.
- Yoluxmanın artım faizinin qarşısını necə almaq olar?
- Burada əsas prinsip sosial məsuliyyət məsələsidir. İnsanlar bu prinsipə riayət etmədikcə artım günbəgün çoxalacaq. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi 3 sadə məsələyə əməl etməliyik. Məsafə saxlamaq, maskadan istifadə etmək və əllərimizi dezinfeksiyaedici məhlullarla təmizləməklə virusdan qorunmaq olar. Bu gün qarşıda dayanan real vəzifə məhz sosial məsuliyyət və gigiyenik qaydalara riayət etməkdir. Eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatının verdiyi tövsiyə və protokollara uyğun olaraq ölkəmizdə analoji addımlar atılır.
- Siz özünüzü hansı şərtlərə əməl etməklə virusdan qoruyursunuz?
- Virusdan qoruyan bütün şərtləri özüm üçün refleksə çevirmişəm. Evdən çıxanda mütləq dezinfeksiya olunaraq, maskadan istifadə etməklə və ən əsası sosial məsafəni saxlamaqla önləyici tədbir görürəm. Evə daxil olarkə qapı tutacaqlarından tutmuş toxunduğumuz bütün səthləri dezinfeksiya etməklə özümüzü qorumağa çalışırıq. Hətta klassik metodlardan da istifadə edərək bəzi tibbi vasitələrdən də yararlanıram.
- Sosial məsafə saxlamayan, maskadan istifadə etməyən insanlara nə tövsiyə edərdiniz?
- Biz də vətəndaş kimi ictimai yerlərdə oluruq. Hətta marketlərdə maskasız insanlara, sosial məsafə saxlamayanlara iradımı bildirirəm. Bəzi insanlar bu virusa biganə yanaşırlar. Amma bu, onlar üçün çox təhlükəlidir. Hər bir fərd öz sağlamlığının qeydinə qalsa, bu bəladan az itki ilə qurtula bilərik.