Müqəddəs Qurban bayramı münasibətilə Füzulidə, cəbhə xəttində düşmənlə üz-üzə dayanmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edən əsgər və zabitlərlə görüş keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön xəttdəki səngərlərə baş çəkib, burada xidmət edən əsgərlərin xidməti vəziyyəti, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə fərdi söhbətlər aparıb, onlara Qurban bayramı sovqatı çatdırılıb. A.Alıyev Qurban bayramının İslam dünyasının əsas bayramlarından biri olduğunu, İslam dinində bu günün xüsusı mahiyyət və əhəmiyyət kəsb etdiyini, onun əsasında Allaha sonsuz sevgi, onun qüdrətinə dərin inam və iman işığının əksini tapdığını vurğulayıb.
Şəxsi heyətlə keçirilən görüşdə bildirilib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın düşmən tapdağından azad olunması və bayrağımızın Dağlıq Qarabağda dalğalanmasıdır. Bunun üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Qələbə günü uzaqda deyil, biz Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik.
Diqqətə çatdırılıb ki, dövlət başçısı ulu öndər Heydər Əliyevin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində səylərini daha da artıraraq Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olub.
A.Alıyev Qurban bayramı münasibətilə əsgərləri təbrik edib, xidmətdə fərqlənən bir qrup zabit və əsgərə Fəxri Fərman təqdim edib, əsgərlərə vətənimizin etibarlı müdafiəsi naminə nümunəvi xidmət, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıb.
Hərbi hissə komandanlığı bu cür görüşlərin keçirilməsinin əsgərlərə mənəvi dəstək olduğunu, onlarda ruh yüksəkliyi yaratdığını vurğulayıb.
Sonda bayram sovqatı hərbi hissəyə təqdim olunub.