Hər il iyunun 17-si ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı sərəncama əsasən ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu günün təsis edilməsi müdrik dövlət rəhbərinin həkimlik sənətinə münasibətini, tibb işçilərinin zəhmətinə verdiyi dəyərin ifadəsi idi. Hər dəfə bu tarix öncəsi həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev tibb işçilərinin təltif edilməsi barədə sərəncamlar imzalayıblar. Elə bu il də cənab prezidentin sərəncamı ilə 18 nəfər “Əməkdar həkim”, 2 nəfər “Əməkdar tibb işçisi”, 16 nəfər isə “Tərəqqi” medalı ilə təltif edilib. Bu da ondan irəli gəlir ki, dövlət həkimlərin əməyini və fədakarlığı daim yüksək qiymətləndirir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, ölkəmizdə müasir tələblərə cavab verən tibb ocaqları tikilir, səhiyyə müəssisələri bərpa olunaraq yeni avadanlıqlarla təmin edilir: "Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yenilənməsi daim diqqət mərkəzindədir. Ölkə rəhbərliyinin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin ildən-ilə artırılması tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə xidmətin səviyyəsinin yüksəlməsinə imkan yaradır".
Onun sözlərinə görə, ölkəmizdə 650-dək yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisəsi müasir avadanlıqlarla təmin olunub: "Statistikasına görə, hazırda ölkəmizdə 33 minədək həkim, 54 minə qədər tibb işçisi əhalinin sağlamlığının keşiyində dayanır. Aparılan islahatlar, maddi-texniki bazanın təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülən işlər əhalinin dövlət tibb müəssisələrinə olan inamını getdikcə artırır. Eyni zamanda, Heydər Əliyev Fondunun diabetli, talassemiyalı xəstələrə göstərdiyi qayğı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunması və yaxşılaşdırılmasında gördüyü işlər də böyük rəğbət doğurur”.
Millət vəkilinin fikrincə, koronavirus pandemiyası dövründə Azərbaycan səhiyyə sisteminin dayanıqlılığı və həkimlərimizin qabiliyyəti, bacarığı və fədakarlığı bir daha isbatlandı: "Pandemiya ilə mübarizədə böyük məsuliyyət həm də həkimlərin üzərinə düşür. Həkimlər öz həyatlarını təhlükəyə ataraq koronavirus infeksiyasının qarşısını almaq, bu xəstəliyə yoluxan insanların sağlamlığını yenidən bərpa etmək üçün bütün imkanlardan istifadə edirlər. Elə həkimlər var ki, 70 gündür evə getmirlər. Məsuliyyətsizlik ucbatından, yaxud immunitetin zəifliyindən bu virusa yoluxan xəstələri həyata qaytarmaq üçün həkimlərimiz gecə-gündüz çalışırlar. Azərbaycan həkimlərinin vətənpərvərliyi və fədakarlığı, sözün əsl mənasında, xalqımızın koronavirus pandemiyasının ağır sınaqlarından uğurla çıxmasında mühüm rol oynayır. Həkimlər pandemiya dövrünün insanlar üçün həyati əhəmiyyət daşıyan vəzifələrini şərəflə həyata keçirərək dövlətimizin də, xalqımızın da etimadını qazana biliblər. Eyni zamanda, dövlətimiz və Prezidentimiz həkimlərin fədakarlığını yüksək qiymətləndirir. Məhz bunun nəticəsidir ki, Prezident İlham Əliyevin göstərişi ilə həkimlərin əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək müddətli əlavə müəyyən edilib. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan dövləti həkimlərin fədakarlığını layiqincə qiymətləndirir”.
Sədaqət Vəliyeva ixtisasca həkim kimi tibb işçilərinin peşə bayramı günü münasibətilə bütün tibb işçilərini təbrik edib, onlara can sağlığı, fəaliyyətində uğurları arzulayıb, koronavirus pandemiyası ilə mübarizədə göstərdikləri fədakarlığın hər kəsə nümunə olduğunu diqqətə çatdırıb.