18 İyun 2020 19:35
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Operativ Qərargah tərəfindən dünya ölkələri nümunə gətirilərək vətəndaş məsuliyyətinin vacibliyi diqtə olunub.

Teleqraf.com xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi eksperti, millət vəkili Rəşad Mahmudov Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Əfsuslar olsun ki, cəmiyyətimizin tətbiq olunan epidemioloji qaydalara riayət etməməsi bu gün sərt qaydalarının tətbiq olunmasına zərurət yaradıb. İstər sosial, istər iqtisadi problemlərin yaranmasına səbəb olan pandemiyaya qarşı heç bir hökumət başqa addım ata bilməz".

O bildirib ki, bu gün 400 minə yaxın müayinə aparılıb: "Xəstəxanlardakı yataq sayının yoluxma halları qarşısında azalması, eyni zamanda COVID-19-la bağlı yeni nəticələr bizləri qorxutmağa başlayıb.

Ölkə rəhbərliyinin xüsusi diqqəti və dövlətin aidiyyatı qurumlarının ilkin mərhələdəki addımları dünya üçün nümunə idi. Əfsuslar olsun ki, bu gün arzulamadığımız rəqəmlər bizi bu addımları atmaq məcburiyyətində qoyur".

O bildirib ki, pandemiyanın vermiş olduğu zərərlər ekspertlər tərəfindən qiymətləndirilir: "Təbii ki, yay aylarında yeni nizama uyğun şəkildə hərəkət etməyimiz bizə yeni çətinliklər gətirəcək. Azərbaycan vətəndaşlarının pandemiyanın var olduğunu qəbul edənə qədər karantin rejiminiz sərtləşdirməsək, yeni zərbələrlə qarşı-qarşıya qala bilərik.

Çox insan sual verir ki, bəs niyə yumşalma tədbirləri tətbiq olundu? Səhiyyə sektorunun texniki bazasını nə qədər artırsaq da, ECMO aparatından istifadə etsək də, bu epidemioloji mübarizədə çox effektli olan yol deyil. Dövlətin xərclərinə baxmayaraq, 50 faizdən çox xəstəni itirmək təhlükəsi ilə qarşı-qarşıyayıq".

Rəşad Mahmudov virusun varlığına inanmayanlara müraciət edərək bildirib ki, həmrəyliyimizi ortaya qoyaraq, bu günkü qaydalara riayət etmək məcburiyyətinin vacibliyini dərk etməliyik: "İnsanların reaksiyası əldə olunacaq uğurlara təsir edəcək. 3 ay əvvəl qorxu hissi ilə reaksiya verirdiksə, ardınca fərqli davranış formaları ilə buna inanmayanlar vəziyyətin dəyişməsinə səbəb olur. Hər bir ölkənin müəyyən qədər mübarizə aparmaq gücü var. Bu bizim gələcəyə olan münasibətimizdir. Bu gün bu mübarizədə çalışanlar 24 saat istirahət etmirlər. Bu səbəblə COVID-19-a inanmayanların qınanılmasını xahiş edirəm. Əks halda bu bizi altından çıxa bilməyəcəyimiz çətinliklə üz-üzə qoya bilər".

Rəşad Mahmudov vətəndaşlara səslənərək hadisəyə ciddi yanaşmalarını xahiş edib: "Bu vətəndaşların keçici deyil, qalıcı məsuliyyəti ilə özünü göstərəcək".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər