Bu gündən Azərbaycanın bəzi şəhər və rayonlarında tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar bir sıra iş və xidmət sahələrinin fəaliyyətinə qadağa qoyulur.
Teleqraf.com xəbər verir ki, Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək aşağıda qeyd edilən iş və xidmət sahələri üzrə fəaliyyət dayandırılıb:
- nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti;
- ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;
- muzey və sərgi zallarının fəaliyyəti;
- bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);
- təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla);
- açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi.