“Neçə müddətdir yaşadığımız binada üst qonşu İlhamə Əliyeva və onun oğlu Rüstəm Əlizadənin təhqirlərinə, küçə söyüşlərinə, hücumlarına dözmək məcburiyyətində qalmışıq. Bu barədə dəfələrlə polisə müraciət etsək də, heç bir faydası olmayıb. Qonşunun aqressiv və həyatımıza təhlükə olan davranışından qurtula bilməmişik”.
Bu sözləri Teleqraf.com-a şikayətində Bakının Yasamal rayonunda Həsən Məcidov küçəsi-5D, mənzil 2 ünvanında yaşayan Kəmalə Əsgərova deyib.
Ailəsinin birinci mərtəbədəki mənzildə yaşadığını söyləyən Kəmalə Əsgərovanın sözərinə görə, üst qonşu üzərilərinə zibil atır, balkondan xlor tökür, aşağı tüpürür, hər cür bezdirici hərəkətlərə yol verir: “Onlara etirazımızı bildirdikdə bizi lağa qoyur, hədə-qorxu gəlir, bizi buradan köçürəcəkləri ilə hədələyirlər.
İlhamə Əliyeva bildirir ki, bu mənzili biz alacaqdıq, iki mənziıl arasında pilləkən qoyub hər iki oğluma şərait yaradacaqdım. Onu da deyim ki, İlhamə Əliyeva o zaman Torpaq və Xəritəcəmə Komitəsində texniki işçi kimi çalışırdı, bu qurum hazırda İqtisadiyyat Nazirliyinə birləşdirilib. İlhamə Əliyeva çalışdığı iş yerinin imkanlarından yararlanaraq mənzilimizi və onun önündəki bağçanı öz əmlakına qatmaq niyyətində olduğunu bildirirdi. Görünür, o, hələ də bu fikirlə yaşayır.
Bu ailə mənizlimizin üzərində 15 ildir qeyri-qanuni artırıma tikib, ailə üzvlərimiz nəmişlikdən və göbələkdən əziyyət çəkərək xəstəlik tapıblar. Dəfələrlə dezinfeksiya və təmir işləri aparmaq məcburiyyətində qalmışıq, evdə təmiz havaya, gün işığına həsrətik, ikiqat işıqpulu ödəməli oluruq. Bununla belə, onlara irad bildirməmişik. Əksinə onlar – İlhamə Əliyeva və Rüstəm Əlizadə öz vəsaitimiz hesabına həyətdə apardığımız abadlıq işinə etiraz edir, əziyyətlə səliqə-sahman yaratmaqla saldığımız bağçadan tez-tez polisə şikayət edirlər. Halbuki abadlıq apardığımız yerdə vaxtilə anti-sanitar vəziyyət hökm sürürdü, ora “bomj”ların məskəni idi.
Deyirlər ki, guya bizim bağçadan onların mənzilinə ilan- kərtənkələ girir, gah da söyləyirlər ki, sarmaşıq onların pəncərəsindən içəri daxil olur. Bu isə mümkün deyil, çünki həyət daim dezinfeksiya olunur.
Sahə müvəkkili və Ekologiya Nazirliyinin nümayəndəsinin Əliyevaya dəfələrlə rəsmi sürətdə bildiriliblər ki, onun şikayəti əsassızdır. Buna baxmayaraq ana-bala şikayət ərizələrini yazmaqda davam edir və bizdən əl çəkməyəcəyini bəyan edirlər”.
Kəmalə Əsgərovanın sözlərinə görə, ötən il məsələ Yasamal rayon Məhkəməsinə də gedib çıxıb: “İlhamə Əliyeva “şvabra”nın başına “skoc”la bıçaq bağlayaraq bitkilərə zərər yetirməyə başladı, bizə hədə-qorxu gəldi, damımızı deşərək “çıxın bayıra, sizi məhv edəcəyəm” deyə bağırdı, ailəmizi əxlaqsız adlandırmaqdan belə çəkinmədi. Bununla bizi provakasiyaya çəkdiklərini düşündüyümüzdən əhəmiyyət verməməyə çalışdıq.
Ancaq qardaşım Fuad Əsgərov eşiyə çıxdı, bu zaman qonşu əlindəki bıçaqlı şvabra ilə onun qoluna xəsarət yetirdi. Həmin vaxt 102 xidməti vasitəsi ilə polisə zəng etdik, həm də hüquq-mühafizə orqanlarına müraciət etdik.
Hadisəni 28-ci polis bölməsində araşdırıldı, ancaq lazımi sübut toplanılmadan iş Yasamal rayon Məhkəməsinə göndərildi. Hakim Günel Əkbərlinin sədrliyi ilə işə baxıldı və məhkəmənin 9 dekabr 2019-cu il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə qaldırımış işə xitam verildi. Ailəmiz də qonşuya hansısa cəza kəsilməsi üçün xüsusi canfəşanlıq etmədi. Çünki bizə kiminsə cəzalandırılmasından çox sakit yaşamaq üçün konfliktin yoluna qoyilması vacib idi. Təəssüf ki, bu da baş tutmadı. Qonşu yenidən bizə qarşı nalayiq hərəkətlər etməyə, bizi söyüb təhqir eləməyə başladı”.
Müxtəlif instansiyalara üz tutmağa məcbur olan Kəmalə Əsgərova bir neçə ay öncə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin o zamanı sədri Hicran Hüseynovanın da qəbulunda olub: “Komitədə qonşunun ailəmizə qarşı hərəkətləri məişət zorakılığı faktı kimi qiymətləndirildi. Bildirildi ki, bizə mühafizə orderi veriləcək. Bu istiqamətdə rəsmi prosedur başladıldı, Yasamal rayon Polis İdarəsinə və Yasamal rayon İcra Hakimiyyətinə müvafiq məktub göndərildi. Təəssüf ki, bu iki qurum məsələyə laqeyd münasibət göstərdilər”.
Kəmalə Əsgərovanın sözlərinə görə, İlhamə Əliyeva və Rüstəm Əlizadə indi də başqa bir iddia ilə çıxış ediblər: “ 7-8 il əvvəl bu ailənin başçısı, İlhamə Əliyevanın əri Xosrov Əliyev dünyasını dəyişib. O zaman ailəmizin bir hissəsi – mən və anam Avropada olmuşuq. Xosrovun yas mərasiminə isə başsağlığına atam gedib. Ötən illərdə susan İlhamə Əliyeva indi qəfil bu fikrə düşüb ki, onun ərinin ölümünə mənim ailə üzvlərim bais olub. Xosrov Əliyevin ölüm şəhadətnaməsi durur və onun hansı səbəbdən vəfat etdiyi məlumdursa, bu böhtanın qarşısında biz nə etməliyik? Bu, açıq-aşkar şər-böhtan faktıdır.
Ailəmiz bu mənzilə köçdüyü gündən İlhamə Əliyevanın bizə qarşı qərəzli münasibətinin, aqressiyasısının məqsədi, özünün dediyinə görə, ailəmizi bu mənzildən köçürtmək, qaçırtmaq, mənzili məcburi satdırmaq niyyətindədir”.
Kəmalə Əsgərovanın sözlərinə görə, Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrində işləyən Rüstəm Əlizadə onlara bəzən elə hərbi geyimdə hədə-qorxu gəlir, “əlim çox yuxarılara çatır” deyə bildirir.
Şikayətçi deyir ki, bu günlərdə İlhamə Əliyeva Yasamal rayon Məhkəməsinə müraciət edib, iddia ərizəsində həyat yoldaşının ölümünə bais olduğumuzu bildirib: “Bununla onlar bizə atdıqları böhtanı rəsmiləşdirmiş olublar”.
Kəmalə Əsgərovanın vəkili Araz Nurməmmədov Teleqraf.com-a açıqlamasında bildirib ki, İlhamə Əliyeva cavabdehlər Fuad Əsgərov, Kəmalə Əsgərova və onlarına anasına qarşı Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib: “İlhamə Əliyeva Əsgərovların onların mənzilinə və həmin mənzildə yaşayan ailə üzvlərinə (Əlizadə Rüstəm Xosrov oğlu və Əlizadə Asim Xosrov oğlu) qarşı hər hansı bir formada qanunsuz müdaxilənin edilməsinin cavabdehlərə və üçüncü şəxslərə qadağan edilməsi, dəymiş maddi zərər müqabilində 5000 manat, mənəvi zərər görə isə 20000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 25030 manat pul məbləğinin cavabdehlərdən tutularaq iddiaçı İlhamə Əliyevaya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib”.
Araz Nurməmmədov bildirib ki, Yasamal rayon Məhkəməsinin hakimi Vahid Hacıyevə Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinə əsasən iddianın rədd olunması barədə etiraz yazıblar: “Hesab dirik ki, İlhamə Əliyevanın cavabdehlərə qarşı iddia tələbləri rədd edilməlidir. Hazırkı mülki iş üzrə cavabdehlərin iddiaçı İlhamə Əliyevaya və onun ailəsinə qarşı hər hansı qərəzli münasibətləri olmayıb.
İddia ərizəsinə etirazı belə əsaslandırmışıq ki, İlhamə Əliyeva və onun oğulu Rüstəm Əlizadə cavabdehlərlin normal yaşamaqlarına böyük əngəl və maneələr törədir. Hazırki qarşılıqlı iddia üzrə cavabdehlər İlhamə Əliyeva və onun oğlu Rüstəm Əlizadə Əsgərovların yaşadıqları mənzildən üst mərtəbədə aidiyyəti qurumlardan heç bir icazə almadan böyük bir eyvan tikiblər. Həmin eyvan tikildikdən sonraƏsgərovların yaşadıqları mənzil günəş işığı məhrum olmaqla yanaşı, havasız bir şəraitdə yaşamağa məcbur olublar”.
Araz Nurməmmədov qeyd edib ki, İlhamə Əliyev və oğlu Əsgərovları təhdid edib, onlara hədə-qorxu gəlib: “Qarşılıqlı iddia üzrə cavabdeh İlhamə Əliyeva Əsgərovların mənzilin damını döyəcləyərək “çıxın bayıra sizi məhv edəcəm” ifadələri ilə onları təxribata sürükləyib. Hətta bir dəfə İlhamə Əliyeva Fuad Əsgərova xəsarət yetirib. Bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verilib. Yasamal rayonu 28-ci polis bölməsinin əməkdaşları hadisə yerinə gələrək, məsələnin hüquqi istiqamətdə həllinə çalışsalar da, məsələ həll olunmayıb və ya araşdırılmamış qalıb.
Bundan sonra qarşılıqlı iddia üzrə cavabdehlər İlhamə Əliyeva və Rüstəm Əlizadənin qeyri-qanuni hərəkətləri nəticəsində Əsgərovlar ailəsinə mənəvi ziyan vurublar.
Buna görə də İlhamə Əliyeva və Rüstəm Əlizadədən mənəvi zərərin əvəzi olaraq 100 000 manat tutulması və iddiaçılara – Əsgərovlar ailəsinə ödənilməsi barədə qətnamə çıxarılmasının zəruri olduğunu qeyd etmişik”.
Məhkəmə baxışı iyulun 16-na təyin edilib.