22 İyun 2020 17:33
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yayın ilk günü Gədəbəy rayonuna və kəndlərinə qar və dolu yağıb. Qar fəsad törətməsə də, rayonun Arıxdam, Söyüdlü, Qaradağ və ətraf kəndlərinə, eləcə də rayon mərkəzinə yağan dolu kənd təsərrüfatına ziyan vurub. Adətən vaxtsız yaşanan bu cür qeyri-adi təbiət hadisəsi kənd təsərrüfatında məhsuldarlığa mənfi təsir göstərən amil kimi qiymətləndirilir.

Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri, kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli Teleqraf.com-a qeyri-sabit hava şəraitinin kənd təsərrüfatının ayrı-ayrı sahələrinə necə təsir etdiyini şərh edib.

O bildirib ki, bu cür hava şəraiti xüsusilə bitkiçilik və meyvəçilik üçün stress faktoru yaradır: “Yayın ortasında hava şəraitinin kəskin dəyişməsi bitkilərə stress effekti göstərir. Gədəbəyin bir neçə kəndini ciddi şəkildə dolu vurub, digər ərazilərində orta səviyyəli dolu müşahidə olunub. Nəzərə alsaq ki, rayonun iqtisadiyyatı əsasən kartof üzərində formalaşıb, hazırda bu məhsul vegetasiyanın ən aktiv fazasıdır. Kartof elər tərəvəz məhsuludur ki, meyvələri torpağın altında olur, yaşıl kütləsi isə onun vegetasiyasını təmin edir. Daha çox günəş enerjisi alaraq torpağın altında meyvənin formalaşmasına təsir göstərir.

Dolu nəticəsində tərəvəzin yaşıl kütləsi zədələndiyinə görə ilk növbədə fotosintez prosesi pozulur. Bu zaman torpağın altındakı meyvələrin dolma, yetişmə, formalaşma prosesi avtomatik olaraq dayanır. İndiki dövrdə kartofçuluq üçün ən arzuolunmaz, ən təhlükəli təbii faktorlardan biri doludur. Şübhəsiz ki, bu, məhsuldarlığa ciddi təsir göstərəcək”.

Ekspert kartof sahələrinə zərər dəymiş fermerlərə bəzi məsləhətlər də verib: “Fermerlər hava şəraiti düzələndən sonra mineral gübrələrdən istifadə etməklə, heç olmasa 1 aylıq müddətdə məhsulun vegetasiya dövrünün başa çatmasına kömək etsinlər. Kartof yaşıl kütləsinin yatması, əzilməsi kimi faktorlara görə ən çox təsirlənən tərəvəzlərdən biridir”.

Nicat Nəsirli deyir ki, illərdir apardıqları müşahidələr qış mövsümünün öz xarakterinə uyğun olmayaraq keçdiyini deməyə əsas verir: “Belə ki, qış daha çox mülayim, sakit və atmosfer çöküntüləri düşmədən başa çatır. Bunun fəsadlarını daha çox ilkin yaz və orta yay dövründə müşahidə edirik. Bu da şübhəsiz ki, kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə ümumi məhsuldarlığa ciddi təsirini göstərir”.

Mütəxəssis bildirir ki, analoji hava şəraitindən taxıl sahələrinin də mənfi təsirlərə məruz qalacağı gözləniləndir: “Hazırda aran bölgələrində taxıl biçininin aktiv fazasıdır. Taxılda vegetasiya prosesi başa çatıb, sünbüllər tamamilə quruyub və tökülməyə çox meyllidir. Buna görə də biz fermerlərə məsləhət görərdik ki, biçini optimal vaxtda başa çatdırsınlar. Aran bölgələri üçün dolu, güclü küləklər çox ciddi təhlükədir, əgər bu cür hava müşahidə olunarsa, sahənin ümumilikdə 30-40%-nə ziyan dəyə bilər. Silkələnmə nəticəsində dənin böyük bir hissəsi yerə töküləcək ki, sonra onu yığmaq mümkün olmayacaq.

Dağlıq və dağətəyi ərazilərdə taxıl sahələrində tam yetişmə başa çatmadığı üçün hələ ki, biçin başlamayıb. Güclü dolu və yağış nəticəsində yatma hadisələri ola bilər ki, bu da taxılçılıqda ən ciddi problemlərdən biridir. Taxıl təxminən 1 metr boyunda inkişaf edir və kombaynın aqreqatı elə qurulub ki, təxminən 70-80 santimetr hündürlükdən sünbülü biçib götürə bilər. Əgər taxıl ondan aşağı yerə yatarsa, həm məhsul itkisi yaranar, həm də kombaynların işi çətinləşəcək”.

Analitik indiki dövrdə əlverişsiz hava şəraitinin meyvəçiliyə də mənfi təsir göstərdiyini deyib: “Artıq ilkin yaz mövsümündə tez yetişən tumlu və çəyirdəkli meyvələrin yığımına başlanılıb. Zədə vasitəsilə ilk növbədə bu meyvələrin xarici əmtəə görünüşündə ciddi problemlər əmələ gəlir. Yəni, düşən dolu meyvəni əzir, ləkə salır ki, bu da məhsulun bazar dəyərini aşağı salmış olur. Vəd olunur ki, yaxın günlərdə müxtəlif bölgələrdə temperatur təxminən 5-6 dərəcə aşağı düşəcək.

Ona görə də fermerlərə məsləhət görərdik ki, buna qarşı hazırlıqlı olsunlar. Əgər sahələrdə hazır məhsul varsa, onu tez biçib götürmək lazımdır, bağlarda yığımları aktivləşdirmək lazımdır. Saxlanc yerlərinin etibarlığını bir daha qorumaq lazımdır ki, bu dönəmdə təsərrüfatlar ciddi ziyana düşməsinlər”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər