Teleqraf.com Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Səhiyyə Nazirliyinin aparat rəhbəri vəzifəsində çalışan həmyerlimiz Saada Süleymanla müsahibəni təqdim edir:
- Saada xanım, əvvala COVID-19 infeksiyasına yoluxan xəstələrin müalicəsində göstərdiyiniz fədakarlığa görə Əbu-Dabi əmirliyinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyan tərəfindən fəxri mükafatla təltif olunmağınız münasibətilə təbrik edirik.
- Diqqətiniz və təbrikiniz üçün səmimi minnətdarlığımı bildirirəm. Təltif olunduğum bu fəxri mükafat və təşəkkürnamə məktubu iş həyatımın ən çətin və gərgin dönəminə təsadüf etdiyi üçün mənə məxsusi əzizdir.
Qeyd edim ki, Əbu-Dabi Əmirliyinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyan cənabları karantin rejiminin ilk günlərindən səhiyyə sahəsinə xüsusi həssaslıqla yanaşır, hər gün həkimlərlə, məsul şəxslərlə canlı video bağlantılar təşkil edir, xəstələrin son vəziyyətləri ilə maraqlanır və ehtiyacı olan şəxslərə və ailələrinə bütün lazımi köməklikləri göstərir. Onun rəhbərliyi altında paytaxt Əbu-Dabi və digər əmirliklərin şəhərlərində fəaliyyət göstərən bütün xəstəxanalar, test və tibb mərkəzləri ən son model avadanlıqlar, tibbi cihazlar və zəruri ləvazimatlarla təhciz olunub.
Koronavirus testləri, eləcə də bütün növ müalicə prosedurları, əməliyyatlar, tibbi ləvazimatlar, dərmanlar dövlət hesabına ödənilir. Diqqətinizə çatdırım ki, Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyan sözün həqiqi mənasında diqqətcil, səmimi, alicənab və zəhmətə dəyər verən insandır.
Bu çətin dönəmlərdə aylardır evlərinə baş çəkə bilməyən həkimlərin, tibb işçilərinin ailələrinə, övladlarına zəng edir, ehtiyacları ilə maraqlanır, əzizlərindən ayrı düşənlərə öz dəstəyini bildirir, şükranlıq və minnətdarlığını çatdırır.
- Oxucularımıza özünüz barədə məlumat verməyinizi xahiş edirik. BƏƏ-yə yolunuz necə düşdü?
- Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlmişəm. Kiçik yaşlarımlarından ailəmlə bərabər Birləşmiş Ərəb Əmirliklərində yaşayıram. BƏƏ-yə ailəvi gəlişimizin səbəbkarı məhz rəhmətlik atam olub. Atam Tofiq Süleymanov kimya üzrə professor, üzvi kimyadan bəhs edən xeyli sayda elmi-metodiki kitabların müəllifi idi. 1994-cü ildə Milli Elmlər Akademiyasında çalışan rəhmətlik atama Birləşmiş Ərəb Əmirliklərindən iş təklifi gəldi. Şarca əmirliyinə müqavilə əsasında işə dəvət olunan valideynim öncə tərəddüd etsə də, sonda təklifi dəyərləndirərək qəbul etdi.
Atam elmə, təhsilə, təlim-tərbiyəyə çox böyük önəm verirdi. Dünyaya göz açandan atamın zəngin kitabxanası məndə təhsilə, biliyə çox böyük həvəs oyadıb. "Əl-İbda" qızlar liseyini və BƏƏ Universitetinin "Tibb və sağlıq elmləri" fakültəsini bitirmişəm. Ali təhsilimi başa vurduqdan sonra Dubay Beynəlxalq Aeroportunda və Əbu-Dabi Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalmışam. 2010-ci ildən BƏƏ Səhiyyə Nazirliyində çalışıram.
Qeyd edim ki, ictmai və iş fəaliyyətimə görə dəfələrlə BƏƏ rəhbərliyinin ali mükafatları, fəxri ödülləri ilə təltif olunmuşam. BƏƏ Prezidentinin anası "Umm əl-İmarat" adlandırılan Şeyxə Fatma bint Mübarəkin təsis etdiyi "Əl-mar-a İmaratiyə" – "BƏƏ qadını" fəxri adına, eləcə də BƏƏ Prezidenti Şeyx Xəlifə bin Zayed Əl-Nəhyanın əmri ilə “İlin ən fəal ictimai qadını” tituluna layiq görülmüşəm.
- Hazırda Birləşmiş Ərəb Əmirliklərində koronavirusla mübarizə çərçivəsində vəziyyət necədir? Ölkədə yumşalma hiss olunurmu?
- Əvvəlcə qeyd edim ki, aparılan koronavirus testlərinin sayına görə Birləşmiş Ərəb Əmirlikləri dünyada lider ölkələrdəndir. BƏƏ-nin səhiyyə orqanları ölkədə 2,5 milyondan çox COVID-19 testi keçirib ki, bu da dünya üzrə ən yüsək test sayıdır. Ümumilikdə gün ərzində test mərkəzlərində, xüsusi xəstəxanalarda 40 mindən çox koronavirus testləri aparılır. İlklərə imza atan Birləşmiş Ərəb Əmirlikləri dünyada ilk dəfə olaraq avtomobili tərk etmədən COVID-19 virusunun beş dəqiqə ərzində müayinə edilməsini mümkün edən ilk müayinə mərkəzlərini də istifadəyə verib.
Bundan əlavə, BƏƏ dünyada ilk "yeriyən" – hərəkət edən COVID-19 test mərkəzlərini açan ölkədir. Ölkədə virusun yayıldığı ilkin dönəmlərdə paytaxt Əbu-Dabidə 13-dən çox yeni test mərkəzi, 4 modul tipli yeni xəstəxana istifadəyə verilib. Qeyd edim ki, virusun yayıldığı ilk dönəmlərdə BƏƏ-nin "İnsanlığa Yardım" təşəbbüsü çərçivəsində ölkə rəhbərliyi öz vətəndaşları ilə yanaşı, Çinin Uhan şəhərində qalan bütün ərəb vətəndaşlarının, ümumilikdə 78 ölkədən olan şəxslərin təxliyəsini həyata keçirdi.
Çindən təxliyə olunanlar Əbu-Dabidə yeni təsis edilmiş "Əmirliklər Humanitar şəhəri"ndə yerləşdirilərək karantin altına alındılar və tibbi yoxlanış prosedurlarından keçdilər. "Əmirliklər Humanitar şəhəri" qəbul edilmiş şəxslərin orada qaldıqları müddətdə rahatlığını təmin etmək, keyfiyyətli yardım göstərmək məqsədilə ən yüksək standartalara uyğun şəkildə təsis edilib.
Bu addım Prezident Şeyx Xəlifə bin Zayed Əl-Nəhyan və Əbu-Dabinin vəliəhdi Şeyx Mohamed bin Zayed Əl-Nəhyanın COVİD-19 virusunun episentri olmuş Çinin Uhan şəhərindən təxliyə edildikdən sonra qonşu ərəb ölkələrindən müraciət edən şəxsləri lazımi monitorinq və qabaqlayıcı tibbi qayğı ilə təmin edəcək səhiyyə müəssisəsi təsis etmək barədə göstərişlərinə müvafiq olaraq atılıb. Bundan əlavə 5 yeni "Sahə" xəstəxanası yaradılıb.
Hər biri 1200 çarpayılıq olan bu xəstəxanalar əsasən gəlmə vətəndaşlar, işçilər üçün nəzərdə tutulub və yüksək səviyyəli tibbi avadanlıq, son model müxtəlif tənəffüs cihazları ilə təhciz olunub. Ümumiyyətlə, ixtisaslaşmış mütəxəssislər və öncədən səhiyyə sisteminin düzgün qurulması, səhiyyə infrastrukturunun formalaşdırılması da pandemiya ilə mübarizədə xüsusi rol oynayır. Hazırda BƏƏ-də koronavirusdan sağalanların sayında xeyli artım var ki, bu göstəricilər də gələcək günlərə nikbin baxmağa əsas verir.
Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması və bu təhlükəli virusun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə ölkədə karantin rejimi tətbiq olunub, axşam saat 22:00-dan səhər saat 6:00-a qədər küçəyə çıxmaq qəti qadağandır.
Karantin qaydalarına əsasən gündüz saatlarında küçəyə çıxarkən, ictimai məkanlarda, habelə avtomobil idarə edərkən mütləq şəkildə tibbi maska və əlcəklərdən istifadə olunmalı, sosial məsafə qorunmalıdır. Ölkədə koronavirus epidemiyasının yayılmasının qarşının alınması məqsədilə çox mühüm qabaqlayıcı tədbirlər görülür. Bu tədbirlərin həyata keçirilməsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müvafiq tövsiyələri nəzərə alınır. Bu gün BƏƏ rəhbərliyinin COVID-19 epidemiyasının yayılmasının qarşısını almaq üçün həyata keçirdiyi tədbirlər yalnız ölkədəki mütəxəssislər tərəfindən deyil, eyni zamanda, ÜST rəhbərliyi, xarici ölkələr, beynəlxalq təşkilatlar, əcnəbi alimlər, məşhur siyasətçilər tərəfindən də rəğbətlə qarşılanır.
Xarici ölkələrin aparıcı kütləvi-informasiya vasitələri yeni koronavirusun qarşısının alınması istiqamətində BƏƏ rəhbərliyinin atdığı addımları xüsusi qeyd edilməli olan nümunə kimi göstərirlər. Qeyd edim ki, Birləşmiş Ərəb Əmirliyi höküməti COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması üzrə səyləri dəstəkləmək məqsədilə dünən Azərbaycana Əbu-Dabi əmirliyinin "Etihad Hava Yolları"na məxsus karqo təyyarəsi ilə 11 ton tibbi yardım və test cihazları, eləcə də virusa yoluxan xəstələr üçün zəruri humanitar yardımlar göndərib.
BƏƏ-nin Azərbaycana göndərdiyi bu tibbi yardımdan 11 min tibb işçisi faydalanacaq. Ümumilikdə bu günə qədər BƏƏ dövləti COVID-19 böhranına qarşı mübarizə çərçivəsində 67 ölkəyə 946 tondan çox yardım göstərib və bu prosesdə 946 mindən çox tibbi mütəxəssisə dəstək olub.
- BƏƏ-də COVID-19 xəstələrinin müalicəsində hansı protokollardan istifadə olunur?
- COVID-19 xəstələrinin müalicəsində Ümümdünya Səhiyyə Təşkilatının pandemiya ilə mübarizə çərçivəsində qəbul etdiyi müalicə protokollarından, tibbi təlimatlarından və tövsiyələrindən istifadə olunur. Qeyd edim ki, BƏƏ Səhiyyə Nazirliyinin dəstəyi və Ümümdünya Səhiyyə Təşkilatının əməkdaşlığı ilə yerli və gəlmə vətəşdaşları məlumatlandırmaq və insanların 24 saat onlayn müraciətləri üçün xüsusi mobil proqram tətbiq olunub.
Mobil tətbiqin əsas vəzifəsi pandemiya dönəmində vətəndaşlara tibbi-nəzəri dəstək olmaqdır. İstifadəçilər bu tətbiq vasitəsilə özləri haqqında məlumatlar yerləşdirərək, evlərinə yaxın test mərkəzlərində test gününü onlayn təyin edə bilərlər, həkimlərdən məsləhət almaq və qəbula yazılmaq, xəstəxanaya getmək imkanı olmayan şəxslər öz evlərində tibbi müayinə və müalicə tələbi ilə müraciət edə bilərlər. İstifadəsi olduqca rahat olan bu mobil aplikasiyada COVID-19-la bağlı ən son məlumatlar da yerləşdirilir.
- İkinci dalğanın olacağı proqnozlaşdırılır, həkimlər növbəti dalğaya necə hazırlaşır?
- Həkimlər, təbiblər, eləcə də, bütün tibb işçiləri istənilən zamanda, istənilən situasiyada öz işlərinin öhdəsindən layiqincə gəlirlər və hər bir vəziyyətə hazırdırlar.
- Dünya mediasında ayrı-ayrı ölkə alimlərinin vaksin tapdığına dair ümidverici xəbərlər tirajlanır. Ərəb alimləri vaksin üzərində araşdırmalar aparırmı?
- Qabaqcıl dünya ölkələrinin elmi-tədqiqat mərkəzlərində koronavirusa qarşı vaksinlərin hazırlanması üzərində işlər aparılır. Ümümdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, hazırda koronavirusa qarşı 25-dən çox vaksin hazırlanır. COVID-19-a qarşı vaksinlərin hazırlanmasında ərəb alimləri də ÜST ilə yaxından əməkdaşlıq edirlər.
Qeyd edim ki, Birləşmiş Ərəb Əmirliklərində lazer şüası vasitəsilə koronavirusu aşkar etmək üçün sürətli texnologiya hazırlanıb və hazırda sınaqlardan keçirilir. Lazer şüaları texnologiyası qan hüceyrələrinə yoluxan virusu müəyyənləşdirir, orqanizmdəki dəyişiklikləri aşkarlayır. Bu texnologiya mütəxəssislərə geniş miqyasda araşdırmalar aparmağa imkan verməklər yanaşı, yoluxucu xəstəliklərin yayılmasının qarşını alacaq və testlərin nəticələri dərhal bilinəcək.
- Belə versiyalar irəli sürülür ki, əvvəl-axır hamı bu virusa yoluxacaq, ona görə də xüsusi qorunmaya ehtiyac yoxdur. Bu yanaşmaya münasibətiniz necədir?
- Əfsuslar olsun ki, yanlış versiyalar, elmi araşdırmalara, tibbi təcrübələrə söykənməyən mülahizələr insanlar arasında çaşqınlıq yaradır. Unatmayaq ki, insan üçün sağlamlıq ən böyük nemətdir. Bu günkü pandemiya dönəmində ən aktual məsələ virusdan qorunmaq və sağlamlığın qeydinə qalmaqdır. Sağlamlığı qorumaq isə hər kəsin öz əlindədir. Özünü, ailəsini, yaxın ətrafını qorumaq üçün hər bir insanın sanitar, dezinfeksiya qaydalarına riayət etməsi olduqca vacibdir.
- Bu xəstəlikdən sağalan insanın orqanizmində hansısa fəsadlar qalır? Doğrudanmı koronavirusa yoluxan insanlarda immunitet yaranmır?
- Koronavirus xəstələri sağaldıqdan sonra da müntəzəm həkim müayinəsindən və tibbi testlərdən keçirlər. Məsələn, fevral ayında virusa yoluxan və müalicə olunaraq sağalan şəxsdə sonrakı aylarda heç bir fəsad aşkarlanmayıb.
Qeyd edim ki, koronavirusun simptomları və xəstəliyin ağırlığı yoluxan şəxsin orqanizminin immun sistemindən asılıdır. Virusun insana təsiri də immunitet sistemindən asılı olaraq dəyişir. Virus əleyhinə orqanizmin ilkin müdafiə xətti anadangəlmə immunitetdir. İnsanda immun çatışmazlığı bir sıra xəstəliklərin meydana gəlməsilə və həyati təhlükəli infeksiyalarla nəticələnə bilər.
Digər tərəfdən, virus risk faktorları olan xəstəliklərdə daha çox aktiv olur. Risk faktorlarına şəkərli diabet, böyrək çatışmazlığı, hipertoniya, serroz, astma, ürək çatışmazlığı, onkoloji və digər xroniki xəstəliklər daxildir. İmmuniteti güclü olan və xəstəliyi yüngül keçirən şəxslər virusun fəsadlarını daha tez bərpa etmək qabiliyyətinə malikdirlər. Bir daha diqqətinizə çatdırım ki, infeksiyaya yoluxmuş şəxslərdə müalicə alıb sağaldıqdan sonra virusa qarşı immunitet yaranır. Ancaq bəzi şəxslərdə müxtəlif səbəblərdən immun reaksiyası zəif ola bilər.
- Hələ koronavirus pandemiyası başlayanda yüksək tempraturun infeksiyanı öldürdüyünə dair fikirlər səslənirdi. BƏƏ isti ölkələrdən biridir, isti hava yoluxmanı həqiqətən azaldırmı?
- İsti hava yeni növ koronavirusun yayılma və yoluxdurma qabiliyyətində bir dəyişikliyə səbəb olmur. Göründüyü kimi havalar istiləşsə də, hələ də virusa yoluxma faktları azalmayıb.
- Azərbaycanda insanlar arasında hələ də koronavirusa inanmayanlar var. Peşəkar həkim kimi insanlara nələri tövsiyə edərdiniz?
- Koronavirus təkcə Azərbaycanı deyil, dünyanı cənginə alan, bütün ölkələrdə tüğyan edən bəladır. Xeyli müddətdir dünyanın əsas müşkül məsələsinə çevrilən bu taclı virus səbəbindən insanlar çaşqınlıq içindədirlər. Amma hər qaranlıq gecənin bir işıqlı səhəri olduğu kimi, gün gələcək bu ağır günlər bitəcək, insan oğlu bu bəlanı da ram edəcək.
Sadəcə, hazırki şəraitdə daha çox səbr və düşüncəli yanaşma göstərmək, qaydalara, tibbi tələblərə əməl etmək vacibdir. Xəstəliyin yayılmasının qarşısını almaqda hər kəs öz üzərinə düşəni etməli, məsuliyyətli olmalıdır. Əllərin antiseptiklərlə, dezinfeksiyaedicilərlə yuyulması, qoruyucu tibbi maskalardan istifadə, sanitar normalara riayət, sosial gigiyena tələblərinə əməl etmə və düzgün qidalanma nəticəsində bu kimi infeksiyaların yayılması və xoşagəlməz fəsadların meydana gəlməsi ehtimalları çox azalmış olur.
Soydaşlarımıza karantin qaydalarına, tibbi tövsiyələrə riayət etmələrini, sosial məsafəni qorumalarını, ictimai məkanlarda tibb maska taxmalarını, əlcəkdən istifadə etmələrini məsləhət görürəm və pandemiyanın bu çətin dövründə sağlamlıq arzulayıram.