Bu gün İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Bakıda yerləşən Avrasiya üzrə Regional Mərkəzinin (İƏGF-nin Avrasiya üzrə Regional Mərkəzi) təşkilatçılığı və Azərbaycanın Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə Beynəlxalq İƏT Modelinin 3-cü Xüsusi Konfransı onlayn formatda öz işinə başlayıb.
Teleqraf.com xəbər verir ki, iki ay müddətində onlayn şəkildə davam etmiş İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası 2020-nin iştirakçıları arasından seçilmiş 27 ölkədən 85 gənc İƏT Modelçi iki gün davam edəcək konfransda iştirak edir.
COVID-19 pandemiyası ilə əlaqədar ilk dəfə onlayn formatda keçirilən konfransın rəsmi açılış mərasimində İƏGF-nin Avrasiya üzrə Regional Mərkəzinin Baş direktoru Elməddin Mehdiyev, Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimovun adından Nazirliyin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Namiq Novruzov, Fələstinin Azərbaycandakı səfiri Nasser Əblülkərim Rahim, Tatarıstan Respublikasının (RF) Gənclər Nazirinin müaviniTimur Süleymanov və Pakistan Senatının İnformasiya və yayım üzrə daimi komitəsinin sədri Senator Cavid Faysal Xan açılış nitqləri ilə çıxış ediblər.
İƏGF-nin Avrasiya üzrə Regional Mərkəzinin Baş direktoru Elməddin Mehdiyev pandemiya dövründə Regional Mərkəzinonlayn formatda keçirdiyi çoxsaylı layihələrdən bəhs edərək, bu layihələrdən biri kimi Beynəlxalq İƏT Modelinin 3-cü Xüsusi Konfransının rəsmi tərəfdaşı kimi Azərbaycanın Gənclər və İdman Nazirliyinə təşəkkür edib. Elməddin Mehdiyev çıxışında bildirib ki, iki ay müddətində layihə çərçivəsində təşkil edilən onlayn mühazirələr beynəlxalq səviyyədə 200 mindən artıq insanı əhatə edib və 50 mindən artıq beynəlxalq gənc bu mühazirələri izləyiblər.
Fələstinin Azərbaycandakı səfiri Nasser Əblülkərim Rahim öz çıxışında pandemiya dövründə dövlətlərin üzləşəcəyi çağırışlara toxunaraq, gənclərin böhran dövründə yaranan problemlərə çevik reaksiya göstərməsinin vacibliyini bildirib, bu baxımdan, İƏT Modelinin uyğun platforma olduğunu və Regional Mərkəzin fəaliyyətlərini xüsusi vurğulayıb.
Pakistan Senatının üzvü Cavid Faysal Xan pandemiya dövründə İƏT gənclərinin öz aralarında təcrübə mübadiləsi aparmalarının vacibliyini, xüsusilə, dünyada işğal və qətliamlara məruz qalmış müsəlmanların problemlərini unutmamağa çağırıb.
Daha sonra Beynəlxalq İƏT Modelinin 3-cü Xüsusi Konfransının iştirakçıları “Post-pandemiya dünyası: İƏT üzv ölkələri arasında əməkdaşlıq üçün yeni imkanlar və çağırışlar” mövzusunda müzakirələrə başlayıb.