24 İyun 2020 17:09
2 544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiya başlayandan keçirilməsinə icazə verilməyən tədbirlərdən biri də toy və yas mərasimləridir. Artıq ölkədə xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bir sıra adət-ənənələrin dəyişilməsi müşahidə olunur. Ailə qurmaq istəyən cütlüklər artıq nikahla kifayətlənir. Onlar bəzən açıq havada məhdud sayda qohumların əhatəsində öz toy mərasimi təşkil edirlər. Bəziləri də toy vədinin yerinə yetirlməsi üçün icazənin veriləcəyi günü gözləyirlər. Gənclərin göstərişdən, təmtəraqdan uzaq toy keçirməsi cəmiyyətdə təqdir olunur.

Deputat Fazil Mustafa Teleqraf.com-a bildirib ki, bu dövrün öz spesifikası var: “Növbəti dövrdə millətin pandemiyadan problemsiz çıxması mümkün olacaqsa, insanlar təhlükəsizliyə görə müəyyən addımlar atacaqlar. Amma indiki dövr adətlərin xeyli hissəsini dəyişməyi təlqin edir. Gərək insanlar buna əməl edələr. Çünki adətlər dəyişməsə, bir az çətin olacaq. Bu, hər hansı bir şəkildə ailə quruluşunu, eləcə də digər məsələləri ləngidəcək. Ona görə də indiki şərtlərdə məclislərin məhdud çərçivədə keçirilməsi daha məqsəd uyğundur”.

Millət vəkilinin sözlərinə görə, bir neçə həmkarlar ilə birlikdə gənc ailəyə bankda hesab açılmasını təklif ediblər: “Gənc ailənin toyunda yaxınları, qohumları iştirak etməsələr belə, mütləq öz dəstəklərini verməldirlər. Onlar hesaba pul köçürməklə bunu edə bilərlər. Çünki elə insanlar var ki, yaxın adamları onların xeyirli işində iştirak etmək istəyirlər, amma sağlamlıq təhlükəsi olduğunu görürlər.

İnsanlar bacardıqca toyu yeni qaydada keçirməlidirlər, eyni zamanda gənc ailənin də təməlinin qurulması üçün də müəyyən addımların atılması vacibdir. Bunu təqdir edirəm”.

Fazil Mustafa pandemiyadan sonra toyların bu cür sadə davam edəcəyini düşünmür: “Çünki bizdə bayağılığa meyllilik güclüdür. İnsanlar şöhrətpərəstliyindən təmtəraqlı, ifrata varan, israfçılıqla baş verən bir tədbirlərinin olduğunu göstərmək istəyirlər. Buna görə də bunu yığışdırmaq çətin olacaq. Həm də cəmiyyət getdikcə savadlı cəmiyyətə çevrilmir. Təhsilin axsaması savadsızlığı daha da artırır. Buna görə də insanların bunun üzərində dərindən düşünəcəyini, dəyişiklik edəcəyini zənn etmirəm. İndiki şəraitdə bu dəyişiklik zəruridir və insanlar da buna normal yanaşmalıdır”.

Fəlsəfə doktoru, sosioloq Ağasəlim Həsənovun fikrincə, pandemiya dövrü özü ilə yeni tələblər, qadağalar, şərtlər diqtə edir: “Cəmiyyət həyatında elə hadisələr yaşanır ki, həmin hadisələrdən sonra insanların davranışlarında, adət-ənənələrində, baxışlarında köklü dəyişmələr baş verir.

Bu gün həmin hadisələrdən birinin şahidiyik. Bu da qlobal miqyasda baş verən Covid-19 virusunun yayılması ilə bağlıdır. Pandemiya dövrünün gətirdiyi bir çox yeniliklər var. Bu şəraitin diqtə etdiyi şərtlər daxilində ortaya çıxan yeniliklərdən biri də toy, nişan, ad günü kimi mərasimlərinin təşkilidir. Pandemiya şəraitində əhalinin kütləvi toplaşmağının qarşısını almaq üçün dövlət tərəfindən müəyyən qaydalar tətbiq olunub. Bu şərait ənənəvi toy mərasimlərindən tədricən imtina edilməsi yönündə Azərbaycan gənclərini düşünməyə vadar edib”.

Sosioloq hesab edir ki, ənənəvi toy mərasimləri forma və məzmunca müəyyən dəyişikliyə məruz qalmalıdır: “Bütün hallarda proses onu göstərir ki, nəhayət, Azərbaycan gəncliyi əvvəlki qaydalarla toy etməmək olar düşüncəsinə sahiblənib. Bunu müsbət hal kimi qiymətləndirirəm. Artıq onlar aidiyyəti dövlət qurumuna müraciət etməklə rəsmi nikah bağlayırlar. Onlar toy mərasimini açıq hava şəraitində 20-30 qonaq ətrafında keçirməklə kifayətlənirlər”.

Ağasəlim Həsənov deyir ki, indiyə qədər Azərbaycanda keçirilən toy mərasimlərində kifayət qədər israfçılığa yol verilib: “Bakıda 400-500, hətta 1000 nəfərlik zallarda toy mərasimləri keçirilib. Bu cür böyük tərkibdə toy mərasimlərinin keçirilməsində qazanan tərəf yalnız restoran sahibləri olub. Müşahidələr göstərir ki, kütləvi toy şənliyi keçirən ev sahibləri sonda borca düşüblər. Ümumiyyətlə, həm maddi, həm də sosial-mənəvi baxımdan kütləvi toy şənliklərinin keçirilməsi məqsədəuyğun deyil”.

Sosioloq ehtimal edir ki, pandemiyadan sonra toy adət-ənənələri dəyişiləcək: “Pandemiyadan Azərbaycan cəmiyyətinə müsbət mənada qalan miraslardan biri məhz toy adət-ənənələrinin dəyişilməsi olacaq. Güman edək ki, bu dəyişiklik davamlı olacaq, sadəcə karantin dövrünü əhatə etməyəcək. Bu cür xeyir-şər məclislərinin keçirilməsi insanlarımızı kifayət qədər yorub. Müşahidələri onu göstərir ki, cəmiyyətdə sadə formada toy mərasimlərinin keçirilməsinə bir növ sosial sifariş var. Bunu istəyən insanlarımızın sayı getdikcə artmaqdadır”.

Ağasəlim Həsənov onu da qeyd edib ki, adətlərdəki, davranışlardakı dəyişikliklər ictimai şüurda baş verən dəyişiklikdən qaynaqlanır: “Artıq müasir Azərbaycan gəncliyinin düşüncəsində, şüurunda dəyişmə prosesi izlənilir. Bu, onların konkret davranışlarında təzahür olunur. Onlardan biri bu gün ölkə gənclərinin daha az sayda insanların əhatəsində toy məclisinə dəvət etməsində görünür.

Şüur, baxış dəyişdikcə, gənclərimiz ənənəvi toy adətlərindən tədricən uzaqlaşacaq. Bütünlüklə imtina edəcəklər fikrində də deyiləm, sadəcə Azərbaycandakı bayağı toy adətlərini dəyişilməsinə ehtiyac var idi. Ola bilsin ki, pandemiya bu dəyişikliyin reallaşması üçün bir vasitə olsun”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər