25 İyun 2020 20:00
1 527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus testinin cavabı neqativ çıxdı, özümü qorumaq üçün lazım olan vasitələrdən, o cümlədən maskadan istifadə edirəm, çalışıram ki, insanların sıx olduğu məkanlardan uzaq durum. Eyni zamanda gigyenik qaydalara da riayət edirəm. Hətta məhdud təmas müstəvisinə keçməklə də özümü izolyasiya etmişəm. İnsanlarımıza çağırışım odur ki, onlar özlərini qorusunlar.

Bu sözləri Teleqraf.com-a Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, infeksiyaya yoluxma riski çox böyükdür: "Bəzi insanlarda ola bilsin bu, simptomsuz və ya yüngül olsun, başqa şəxslər daha ağır formada keçirə bilər”.

Deputat qeyd edib ki, hər bir fərd bu məsələyə ciddi yanaşmalıdır: "Yoluxma sayı kütləvi olarsa, gələcək genefondumuza da təsir edə bilər. İnsanlarımızı öz məsuliyyətlərini dərk edərək fərdi sağlamlıqlarına riayət etməyə çağırıram".

Millət vəkili Ceyhun Məmmədov virus testinin cavabı neqativ çıxsa da, insanlarla ünsiyyətdə sosial məsafəni qorumağa çalışdığını söyləyib: "Bir çox işlərimi artıq evdən həll edirəm, məqalələrimi, elmi yazılarımı hazırlayıram. Yalnız virtual qaydada əlaqə yaratmaqla canlı ünsiyyətdən maksimum uzaq durmağa çalışıram".

O qeyd edib ki, virusun yayılma arealı daha çox insanların sıx ünsiyyətdə olduğu məkanlarda baş verir: "Təəsüf ki, bəzi şəxslər bu virusun ciddiliyinə fikir vermirlər. Millət vəkili olaraq tövsiyəm ondan ibarətdir ki, hər bir vətəndaş çalışmalıdır ki, bu çağrışlara əməl etsin. Əgər evdən çıxmaq zərurəti yoxdursa, insanlar mümkün qədər evlərində qalsınlar. Virusdan qorunmanın ən effektiv yollarından biri məhz sosial təcriddir. Vacib işlərlə bağlı evlərini tərk edən insanlarımız mütləq şəkildə maskadan və digər qoruyucu vasitələrdən istifadə etməlidir. İnanıram ki, vətəndaşlarımız bu məsələyə həssas yanaşacaq və biz tezliklə bu bəladan xilas olacağıq”.

Deputat Cavid Osmanov verdiyi hər üç testin cavabının neqativ olduğu barədə telefonuna sms göndərildiyini qeyd edib: "Dünyanın bütün ölkələrində olduğu kimi Azərbaycanda da pandemiyanın mənfi tendensiyaları davam etməkdədir. Son günlər yoluxma sayındakı rəqəmlər bizi məyus edib. Çünki virus artan faizlə gedir. Eyni zamanda cəmiyyətin bütün təbəqələrində virusa yoluxma halları qeydə alınıb. Həm Prezident Administrasiyasında, istərsə də mərkəzi icra orqanlarında, həmçinin Milli Məclisdə virusa yoluxma halları aşkarlanıb. Ona görə də hər bir insan vəzifəsindən asılı olmayaraq virusa qarşı mübarizədə həmrəylik nümayiş etdirməlidir. Cəmiyyətimizə çağırış edirəm ki, hər bir vətəndaş dövlətin qoyduğu bütün qaydalara əməl etsin. İnsanlar öz məsuliyyətini dərk etməli, tibbi maskalardan istifadə etməklə yanaşı sosial məsafəni də qorumalıdır. Biz hər birimiz öz məsuliyyətimizi dərk etsək, bu bəladan tez bir zamanda xilas ola bilərik".

Milli Məclisin depuatı İlham Məmmədov da virus testindən keçdiyini, nəticəsinin neqativ çıxdığını bildirib:

“Bütün dünyada olduğu kimi ölkəmizdə də pandemiya davam edir. Tətbiq edilən sərt karantin rejimi virusun yayılma arealının qarşısının alınmasına yönəlmiş bir addımdır. Ali qanunverici orqanın da bütün əməkdaşları, millət vəkillərinin virusla bağlı testdən keçərək sağlamlıqları haqqında məlumat almaları bu günümüz üçün vacid şərtə çevrilib. Çünki iş prosesinə bu məsələnin təsirini minimuma endirmək üçün belə addımların atılması zəruridir”.

Deputat qeyd edib ki, sosial məsuliyyəti dərk etməli, tibbi maskadan istifadə və sosial məsafəni saxlamaqla özümüzü bu bəladan qorumağa çalışmalıyıq: “Hər bir vətəndaşımıza bir millət vəkili olaraq çağırış edirəm ki, bu cür məqamlarda həssas olaq və gələcəyimiz üçün öz sağlamlığımızı qoruyaq”

Deputat Müşviq Cəfərov da testinin nəticəsinin neqativ olduğunu deyib.

Onun fikrincə, hazırda əsas şərt hər kəsin özünü qorumasıdır: "İctimai nəqliyyatda, insanların sıx olduğu məkanlarda ara məsafəsinə ciddi riayət edilməlidir. Ümumiyyətlə insanların mümkün qədər kütləvi yerlərdən uzaq durması vacibdir. Sərt karantin rejimi elan olunmayan bölgələrimizdə vətəndaşlar bu məsələyə çox ciddi yanaşmalıdır. Düşünməsinlər ki, həmin bölgələrdə də virusun yayılma ehtimalı böyük deyil. Əsas ictimai nəzarət, qınaq olmalıdır ki, insanlar özü-özünə nəzarət edə bilsin. Əks halda mübarizə aparmağımız çətin olacaq”.

Millət vəkili Kamal Cəfərov virusla bağlı testdən keçdiyini və neqativ cavab aldığını qeyd edib. O, hər gün şəxsi gigiyenik qaydalara əməl etdiyini, dezinfeksiyaedici məhlullarla özünü qorumağa çalışdığını söyləyib. Deputat həmçinin Ümumdünya Səhiyyə Təşkilatının və TƏBİB-in qoyduğu qaydalara və tövsiyələrə tam riayət etdiyini də bildirib.

Milli Məclisin deputatı Naqif Həmzəyev də test nəticəsinin neqativ çıxdığını deyib. O qeyd edib ki, sürətlə qloballaşan dünyamızda bəşəriyyət dəhşətli pandemiya ilə mübarizəyə atılıb: "Sərhədlər bağlanıb, karantin rejimləri tətbiq olunub. Virusun ilk dalğasına qarşı ölkəmizdə də bu çıxış yolundan istifadə edildi və sərt karantin rejimi və bütün imkanların pandemiyaya qarşı səfərbər edilməsi sayəsində qısa zamanda ölkəmizdə sanitar-epidemioloji vəziyyət nəzarət altına alındı. Karantin rejiminin mərhələli şəkildə yumşaldılması təəssüflər olsun ki, insanlar arasında infeksiyaya qarşı laqeydlik, hətta virusun varlığına belə inamsızlıq yaratdı. Tələb olunan qaydalara məsuliyyətsiz yanaşma COVID-19-a qarşı əldə olunan nailiyyətləri yox etməyə başladı və gündən-günə infeksiyaya yoluxmanın sayı artaraq 300-dən yuxarı yoluxmaya sıçradı. Laqeydlik, məsuliyyətsizlik, qaydalara riayət etməmək əfsuslar olsun ki, ölənlərin sayında da artıma səbəb oldu. Belə olan halda ölkəmizdə yenidən sərt karantin rejiminin tətbiqi məcburiyyətdən doğan zərurətə çevrildi. Nəticədə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən infeksiyaya yoluxma sürətini azaltmaq, insanların bir-biri ilə yaxın təmaslarını minimuma endirmək məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin yenidən avqustun 1-dək uzadılmasına qərar verildi”.

Millət vəkili əlavə edib ki, vətəndaşların özlərinin də koronavirusla mübarizə üçün bir sıra qaydalara riayət etmələri mütləqdir. COVID-19 infeksiyasına yoluxmamaq üçün qaydalar məlumdur və bunlar çox sadədir: sağlam həyat tərzi, düzgün qidalanma, maska taxmaq, sosial məsafə saxlamaq, gigiyenik qaydalara əməl etmək, ən təsirlisi isə evdə qalıb özünü təcrid etməkdir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər