Koronavirus pandemiyasına qarşı bu gün atdığımız addımlar gələcəkdə baş verə biləcək daha böyük faciələrə hazırlığımızdan xəbər verir. Qarşılıqlı anlayış və birlik nümayişi zamanıdır. Dövlətin ali məqsədi vətəndaşların sağlamlığını qorumaq, bu bəladan minumum itkilərlə çıxmaqdır. Azərbaycan Prezidenti İlham Əliyev Gəncədə modul tipli xəstəxanın açılışında söylədiyi nitqində koronavirusla mübarizədə strateji mətləblərə toxundu. Prezident əbəs yerə pandemiyanı milli təhlükəsizlik konsepsiyası adlandırmadı.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Tural Əliyev bildirib.
O qeyd edib ki, hazırda bütün dünya bu virusla üz-üzədir. Hələ ki,qarşısın almaq mümkün deyil: "Sadəcə bir neçə prosedur qayda var ki, əməl etmək lazımdır. Hər kəsdən tələb olunan 3 sadə qayda var: maska, dezinfeksiya və sosial məsafə. Xüsusi karantin qaydalarının tətbiqinə gəldikdə, hələ ki,vəziyyət dövlətin nəzarəti altındadır. Ancaq gözümüzün qarşısında İspaniya və İtaliya nümunələri var. İnkişaf etmiş ölkələrin səhiyyə sistemləri bu dalğanın qarşısında aciz qaldılar. Prezident açıq şəkildə vurğuladı ki,vəziyyət nəzarətdən çıxsa səhiyyəmiz bunun qarşısında dayana bilməyəcək. Baxmayaraq ki, xəstəxanalarımızda yerlər var, lakin həkimlərimizin sayını qısa bir vaxtda artırmaq mümkün olmayacaq”.
T.Əliev əlavə edib ki, cənab Prezident koronavirusun iqtisadiyyata mənfi təsirlərdən danışarkən insan sağlamlığının daha önəmli olduğunu vurğulayır: "Neftdən gələn gəlirlərin kəskin azalması və turizm sahəsində geriləmə ümumdünya prosesinin tərkibidir. Bəzi ölkələr iqtisadiyyatı dirçəltmək üçün yumşalmalara gedirlər. May ayında Azərbaycanda bəzi məhdudlaşdırıcı qaydaları saxlamaqla yumşaldıcı qərarlar verildi. Bu gün yoluxanların sayı sağalanların sayından çox olduğu üçün yenidən karantin qaydaları sərtləşdirildi. Hamı vəziyyətin ağır olduğunu anlayır,dövlət başçısı da insanların sosial və psixoloji durumunun hansı çətinliklərlə üzləşdiyini bütün çıxışlarında söyləyir".
Siyasi şərhçi vurğulayıb ki, cənab Prezident İlham Əliyev pandemiya başlayandan keçirdiyi bütün görüşlərdə vətəndaşları məsuliyyətli olmağa çağırmaqla yanaşı, ictimai qınağın olmasının vacibliyini xüsusi qeyd edir: "Vətəndaş cəmiyyətinin inkişaf etməsi və formalaşmasında ictimai nəzarətin rolu çox böyükdür. Bu zaman cəmiyyətin bütün sahələrində özünüqoruma instinktləri meydana gəlir. Bu gələcəkdə baş verə biləcək daha böyük faciələrə həm hazırlığımızdır, həm də bir sınaqdır.
Bir məsələni xüsusi vurğulayaq ki, pandemiya elan edilən kimi bütün ölkələr sərhədləri bağladı,hər bir dövlət öz daxili resursları hesabına bu virusla mübarizə aparmağa başladı. Prezident son çıxışı zamanı bu mətləbə toxundu və bildirdi ki, bir çox ölkələr beynəlxaq maliyyə qurumlarına müraciətlər etdilər, lakin Azərbaycanın maliyyə dayaqları möhkəmdir. İnanırıq ki, Azərbaycan insanı bu çağırışlara ciddi əməl edəcək və tezliklə normal həyat ölkəmizdə və dünyamızda bərqərar olunacaq”.