25 İyun 2020 21:09
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Karantin müddətinin artırılması ilə bağlı yeni qaydalar əməkhaqqı fonduna dəstək və mikro sahibkarlıq subyektlərinə birdəfəlik ödəniş məsələsinə şamil olunmur.

Bunu Teleqraf.com-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib.

O bildirib ki, yeni qaydalar sahibkarlıq subyektlərinə yardımın göstərilməsi üçün nəzərdə tutulan xüsusi proqramı əhatə etmir: “İndiki halda prosesin tamamlanmaması müşahidə olunur. Bəzi sahibkarlar artıq qiymətləndirilib, onların müraciətləri müsbət həll olunub, amma köçürmələr hələ başa çatmayıb. Koronavirus pandemiyasından zərər çəkən sahibkarlara və onların muzdlu işçilərinə maliyyə dəstəyinin göstərilməsi üçün müraciətlər davam edir. Amma sahibkarlar üçün yardım proqramı 3 aydan artıq nəzərdə tutulmayıb”.

İqtisadçı hesab edir ki, pandemiyanın davam etməsini və bəzi bölgələrdə karantin tədbirlərinin yenidən təşviqini nəzərə alaraq, proqramın uzadılmasına ehtiyac var: “Elə sahələr var ki, hətta iqtisadiyyatın yumşaldılması ilə bağlı qərarların qəbul edilməsi belə, o sahələrə təsir göstərmir. Məsələn, turizm sektorunda səyahətin təşkili, beynəlxalq tədbirlərin təşkili və digər sahələr var ki, bunların heç biri sərhədlər açılmadan fəaliyyət göstərə bilməyəcəklər. Hələlik şadlıq evlərinin də fəaliyyəti bərpa olunmayıb. Faktiki olaraq dəstək proqramları davam etdirilmir. Artıq müəssisələr məcburən icarə götürdükləri yerdən çıxırlar. İcarə haqlarını ödəyə bilmirlər, işçiləri ixtisar etməyə başlayıblar. Bu kimi müəssisələrdə güclü maliyyə çətinliyi yaranıb. Yaxşı olardı ki, bu kimi hallarda dövriyyənin dəstəklənməsi, müəssisələrin maliyyə təsərrüfat fəaliyyətinin nəticələrinin yaxşılaşdırılması üçün müəyyən maliyyələşmə mexanizmi fəaliyyət göstərsin”.

Rəşad Həsənovun sözlərinə görə, sosial mexanizmlərin, güzəştli kreditlərin böyük əksəriyyəti yeni investisiya layihələrinə yönəlib: “Hansı ki, indiki şərtlər daxilində müəssisələr öz mövcudluğunu qoruyub saxlaya bilmir. Ona görə də dövlət proqramlarının müddətinin artırılmasına ehtiyac var. Burada da təbii ki, sektorlar məsələsi nəzərə alınmalıdır. Əks halda müəssisələrin bir çoxu iflasla üzləşəcək, eyni zamanda kütləvi işsizlik dinamikası müşahidə olunacaq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər