"Hər bir ölkənin energetika sistemi onun döyünən ürəyidir, əsas motorudur. Bu olmasa, heç nə olan deyil. Bu olmasa, heç bir inkişafdan, heç bir investisiya qoyuluşundan söhbət gedə bilməz. Ona görə enerji olmayan yerdə inkişaf yoxdur".
Teleqraf.com-un məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev “Azərbaycan” İstilik Elektrik Stansiyasının 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində çıxışı zamanı bildirib.
Dövlət başçısı deyib: "Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan ağır illərdə, müstəqilliyin ilk illərində ayaqda dayana bildi. Düzdür, energetika sistemimiz köhnəlmişdi, amma yenə də öz istismar müddətini uzada-uzada generasiya davam edirdi. O illərdə biz böyük böhranla üz-üzə idik, bir çox hallarda elektrik enerjisi kəsilirdi, rayonlarda ümumiyyətlə elektrik enerjisi fasilələrlə verilirdi, gündə iki saat, Bakı şəhərində də həmçinin.
Ona görə bu stansiyanın xüsusi əhəmiyyəti var. İki il bundan əvvəl burada qəza baş verəndə, əlbəttə, bunun ölkəmizə nə qədər böyük zərbə vurduğunu hər kəs gördü, ölkəmiz zülmətə büründü, qaranlığa qərq oldu, metro dayandı, bütün hərəkət dayandı. Bu qəza yalnız məsuliyyətsizlik, səhlənkarlıq, vicdansızlıq nəticəsində baş vermişdir. O qəzadan sonra mənə verilən məlumatdan və bu stansiyadan çəkilmiş şəkillərdən dəhşətə gəldim, bu qədər vicdansızlıq olarmı?! Ona görə dərhal göstəriş verdim, kadr dəyişikliyi edildi, “Azərenerji”nin rəhbərliyi möhkəmləndirildi, təlimatlar verildi. Göstəriş vermişdim ki, bu İstilik Elektrik Stansiyasının generasiya gücləri qısa müddət ərzində yenidən yaradılmalıdır. O vaxt 800 meqavat generasiya gücü itirilmişdi, - bu stansiya cəmi 1600 meqavatla işləyirdi. Generasiya gücü yavaş-yavaş itirilirdi və belə bir fikir var idi ki, bunu bağlamaq, yaxud da söküb yenidən tikmək lazımdır, təmir etmək mümkün deyil. Bu 2400 meqavat gücü yenidən bərpa etmək neçəyə başa gələr, bunu hamı yaxşı bilir - milyardlarla dollara, milyardlarla. Ona görə mən “Azərenerji”nin bu sahədə fəaliyyətini xüsusi qiymətləndirirəm ki, stansiya cəmi 2 ildən az bir müddətdə yenidən quruldu, səkkiz blokun səkkizi də işlək vəziyyətdədir. 2400 meqavat generasiya gücü bərpa edildi, kanal tikildi, qəza baş verən yarımstansiyalar yenidən quruldu, müasir idarəetmə mərkəzi yaradıldı. Beləliklə, bu stansiyanın ömrü ən azı 20-30 il, bəlkə də 50 il uzadıldı. Bu, bizə nə verəcək? Bizə onu verəcək ki, bundan sonra da enerji təminatı sahəsində heç kimdən asılı olmayacağıq".