26 İyun 2020 11:19
1 420
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə xüsusi karantin rejimi avqustun 1-dək uzadılıb. Karantin rejimində vətəndaşlara xidmət göstərən dövlət qurumları fəaliyyətini davam etdirir.

Teleqraf.com vətəndaşlarla sıx təmasda olan qurumlar arasında sorğu keçirərək, pandemiya dövründə işçilərini necə təlimatlandırdıqlarını ilə maraqlanıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, yanvarın 28-dən etibarən COVID-19 pandemiyası ilə bağlı kompleks tədbirlər həyata keçirilib: "Yalnız işçilərimizin istifadə edə biləcəyi elektron korporativ portalımız var. Portalda həm ictimaiyyətlə əlaqədar, həm də metro daxilində olan məsələlərlə bağlı müxtəlif məlumatlar verilir. Həmçinin burada əməkdaşlarımızın səhhəti, sağlamlıq durumları barədə məlumatlar yer alır. Eyni zamanda hər bir sahənin özünəməxsus xüsusiyyəti nəzərə alınmaqla işçilərin maariflənməsi, maska, dezinfeksiyaedici vasitələrlə təmin olunması, iş yerlərinin gigiyenik vəziyyəti, yəni əmək şəraitinin müvafiq olması ilə bağlı bütün məqamlar nəzərə alınır. Nazirlər Kabineti yanında Operativ Qərargahın, həmçinin TƏBİB-in metodiki göstərişlərinin tələbləri ilə metropolitendə daimi olaraq xüsusi nəzarət mexanizmlərindən tutmuş, tövsiyələrin verilməsi, yoxlamaların aparılması istiqamətində işlər görülür. Nəzərə alaq ki, metro böyükdür, 140-dan artıq peşə var, hər sahə fərqlidir. Sahələrin dezinfeksiya olunmasında mütləq şəkildə hər bir sahənin özünəməxsus xüsusiyyətləri nəzərə alınır. Təkcə ofis deyil, eyni zamanda işçilərin işlədiyi yerlər dezinfeksiya olunur. Əsaslı, icari və növbədənkənar dezinfeksiya işləridir və bunlar da öz qaydasında və nəzarət altında aparılır".

Qurum rəsmisi qeyd edib ki, hazırda metropolitenin 22 əməkdaşı müxtəlif tibbi müəssisələrdə müalicə alır: "6 nəfər tam sağalıb və metodiki göstərişlərə uyğun olaraq onların tam bərpa müddəti keçməsi nəzərə alınır. 7 işçi simptomatik xüsusiyyətlərə görə testdən keçirilib və neqativ cavab gəlib. Bir nəfər dünyasını dəyişib. Ümumilikdə hansısa sahədə kütləvi yolxuma halı qeydə alınmayıb. Yoluxmanın səbəbi metropolitendə olan fəaliyyət deyil".

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev qeyd edib ki, qurumun əməkdaşları mütəmadi olaraq COVID-19 analizindən keçirilir və onların arasında narahatedici məqam qeydə alınmayıb: "Ümumiyyətlə, pandemiya ilə əlaqədar BNA tərəfindən bir neçə istiqamətdə iş aparılır. Həmin işlərdən biri ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin sağlamlığının qorunmasıdır. Eyni zamanda sərnişinlərə xidmət edən sürücülər, dispetçerlər və digər əməkdaşların sağlamlığının qorunması ilə bağlı dövlət tədbirləri həyata keçirilir. Bu tədbirlər Nazirlər Kabineti yanında Operativ Qərargahın və TƏBİB-in tövsiyələri əsasında icra olunmaqdadır. Vaxtında dezinksiya işləri aparılır. Sürücülər xəttə çıxmamış onların tibbi müayinəsi daha da ciddiləşdirilib. Bununla bağlı daşıyıcılara da göstərişlər verilib ki, onlar tərəfindən də eyni addımlar atılsın. Binaya daxil olan zaman əməkdaşların temperaturu ölçülür. Həmçinin mərkəzi aparatda da dezinfeksiyaedici məhlullar qoyulub. Lazım olan bütün qaydalar icra olunub".

Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) mətbuat katibi Natavan Bayramova vurğulayıb ki, qurumda pandemiya ilə mübarizə tədbirlərinə Azərbaycan Dəmir Yollarının həkim-sanitar xidməti nəzarət edir: "ADY İnsan Resursları İdarəsi işçilərimizə xəbərdarlıq üçün müvafiq elektron məktublar göndərir. Həmin məktublarda 60 yaşdan yuxarı işçilərin işə gediş-gəlişinin təmin edilməsi, hər gün gigiyena qaydalarına əməl olunması, maskadan istifadə ilə bağlı məlumatlar yer alır. Termovizor adlanan aparat vasitəsilə uzaq məsafədən idarənin inzibati binasına daxil olan şəxsin temperaturu ölçülür. Hərarəti yüksək olan əməkdaşlarımızla bağlı tədbir görülür. Həmin əməkdaşlardan COVID-19 testinin götürülməsi təmin edilir. Bütün şöbələrdə fəaliyyət məhdud sayda işçi və növbəli iş rejimi əsasında qurulub. Əməkdaşların sosial izolyasiyaya əməl olunması ilə əlaqədar xəbərdarlıq olunub. Eyni zamanda, pandemiya şəraitində yükdaşımalarımız fasiləsiz olaraq davam edir. Yükdaşıma əməliyyatları həyata keçirən əməkdaşlar, bu şöbənin işçiləri, beynəlxalq və regional sərnişin daşıma dayansa da, Abşeron dairəsi üzə hərəkətdə olan qatarların işçiləri, bələdçilərimiz, kassada əyləşən heyət, bir sözlə ki, insanlarla təmasda olan əməkdaşlarımız hər gün mütəmadi yoxlanışdan keçir. Şübhəli hal qeydə alınan şəxslər dərhal nəzarətə götürülür".

Natavan Bayramova əlavə edib ki, ADY işçiləri arasında da yoluxma halı qeydə alınıb və onlarla təmasda olan şəxslər müəyyənləşdirilərək nəzarətə götürülüb: "Yoluxan şəxslər həkim müşayətində saxlanılır. Yoluxma halı qeydə alınanda, bu barədə dərhal TƏBİB-ə məlumat verilir. Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə aparılan mübarizə tədbirlərinə qoşulmuşuq, ona dəstəyik. Ümid edirik qısa zamanda birgə səy nəticəsində bu bəladan xilas olarıq. Yenə də əvvəlki iş rejimində, tam heyətlə birlikdə işləmək hamımıza xoş olar.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib ki, “ASAN xidmət” tərəfindən COVID-19 pandemiyasına qarşı mübarizə tədbirləri davam etdirilir. Belə ki, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində mütəmadi olaraq xüsusi dərman məhlullarından istifadə olunmaqla dezinfeksiya işləri həyata keçirilir: "Bütün mərkəzlər insan hərarətini ölçən cihaz və müvafiq gigiyenik vasitələrlə təmin edilib. Mərkəzlərin inzibati binasına daxil olan bütün əməkdaşlar, o cümlədən vətəndaşlar ilkin olaraq hərarətləri yoxlanıldıqdan sonra buraxılırlar.

Eyni zamanda Nazirlər Kabinetinin sərt karantin rejiminin tətbiqi ilə əlaqədar müvafiq qərarının icrası ilə bağlı olaraq mərkəzlərdə vətəndaşların qəbulu istiqamətində interval müddətinə zəruri dəyişikliklər və limitlər həyata keçirilib ki, başlıca məqsəd karantin rejimi tələblərinə uyğun olaraq sosial məsafə gözlənilməklə izolyasiya qaydalarına əməl olunsun və vətəndaşlarımızın sağlamlığı təmin edilsin".

O bildirib ki, Dövlət Agentliyinin və tabeliyində olan qurumların ("İnnovasiyalar Mərkəzi", "Elektron Hökumətin İnkişafı Mərkəzi", "ABAD") əməkdaşlarının sağlamlığına olan təhlükənin aradan qaldırılması və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri nəzərə alınmaqla “işlərin evdən idarə olunması” (work from home) sisteminin tətbiqi reallaşdırılıb: "Dövlət Agentliyinin daxilində yaradılmış “Böhran qrupu”nun nəzarəti altında "Məişət şəraitində iş rejimi üzrə Təlimat" hazırlanıb və əməkdaşların həmin Təlimatla tanışlığı təmin edilib.

Əməkdaşlar evdən işin təmin edilməsi məqsədilə hazırlanmış təlimatı yerinə yetirməklə iş prosesini əvvəlki qaydada həyata keçirə bilərlər. Koronavirus pandemiyasına qarşı təhlükəsizliyin təmin edilməsi məqsədilə "Google", "Microsoft", "Twitter", "Apple", "Amazon" kimi nəhəng şirkətlərdə də tətbiq olunan bu model böhran şəraitlərində işin effektivliyini təmin edir".

Elnur Niftəliyevin sözlərinə görə, “ASAN xidmət” koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə dəstək məqsədi ilə loqotipində müvəqqəti dəyişiklik edib: "#Məsafəniqoru insanları qoru sosial çağırışı verilən müvəqqəti dəyişiklikdə loqotipin kənar hədlərarası məsafəsi genişləndirilib. Bu sosial təşəbbüsdə "Ürəklər birdirsə, məsafələr əngəl deyil" mesajı diqqətə çatdırılıb. Bununla da "ASAN xidmət" vətəndaşları karantin tədbirlərinə əməl etməyə bir daha çağırıb. Həmçinin, “ASAN xidmət"də öncədən növbə tutmaq üçün qaydalar tərtib olunub. Bundan başqa pandemiya dövrü, açıq və qapalı məkanlarda infeksiya ilə mübarizə tədbirləri çərçivəsində davranış qaydaları ilə bağlı bir sıra sosial çarxlar hazırlanıb".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər