Pandemiya təkcə Azərbaycanın deyil, bütün dünyanın bəlasıdır. Faktiki olaraq koronavirus pandemiyası ilə mübarizəni müharibə ilə müqayisə edirlər. Bu müharibədə iki cəbhə var: pandemiya cəbhəsi və hədəfə aldığı bəşəriyyət.
Bunu Teleqraf.com-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib.
O bildirib ki, pandemiya ilə mübarizədə ən yaxşı halda Azərbaycan döyüşü udub:
"Lakin döyüşdə qalib gəldikdən sonra müəyyən mənada rahatlanaraq, məsuliyyəti azaltmışıq. Düşmən isə məkrlidir, o bunu hiss edir və hücumdadır. Belə olan halda bütün dünya ölkələrinin nə qədər ki, bu vaksin tapılmayıb, 3 mühüm silahı var: birlik, həmrəylik və məsuliyyət. Bu, birbaşa olaraq Azərbaycana da aiddir. Azərbaycan dövlətinin ali rəhbərliyi pandemiyaya qarşı mübarizə prosesində çox ciddi addımlar atıb. Ölkə Prezidenti cənab İlham Əliyevin atdığı addımlar önləyici xarakterli, ardıcıl və sistemlidir. Bu addımlar üç istiqamətdədir: milli səviyyə, regional səviyyə və beynəlxalq səviyyə. Milli səviyyədə atılan addımlar da üç istiqamətidir. İlk olaraq insanların sağlamlığının qorunması istiqamətində atılan addımlardır. Bu istiqamətdə sərt karantin rejimi tətbiq edilib. Şəraitə uyğun olaraq karantin rejimi yumuşaldıldı və yenidən sərtləşdirildi. İkincisi isə sosial yönümlü addımlardır ki, əhalinin sosial müdafiəsi istiqamətində atıldI. Aprel-may aylarında 600 min işsiz və pandemiyaya görə işini itirən insana birdəfəlik 190 manat müavinət ödənildi. İndi isə iyun ayı üçün də karantin rejimi tətbiq olunan ərazilərdə yaşayan həmin şəxslərə bu vəsait ödəniləcək. Eyni zamanda ünvanlı sosial yardımlar da proqramda saxlanılır".
Millət vəkilinin sözlərinə görə, Azərbaycan beynəlxalq və regional səviyyədə də bu istiqamətdə ciddi işlər görür:
"Türk ölkələri əməkdaşlarının zirvə görüşü ölkə başçısının təşəbbüsü ilə keçirildi. Qoşulmama hərəkatına üzv olan ölkələrin kontakt qrupunun görüşü də cənab prezidentin təşəbbüsü ilə keçirildi. Paralel olaraq Ümumdünya Səhiyyə Təşkilatı ilə çox sıx əməkdaşlığımız var. Azərbaycan bu təşkilatın koronavirusla mübarizə fonduna daha 10 milyon dollar vəsait ödəyib. Eyni zamanda Qoşulmama hərəkatına kasıb ölkələrə dəstək məqsədilə daha 5 milyon dollar vəsait ayırıb. Bütövlükdə Azərbaycan 29 kasıb dünya ölkələrinə bu yardımları həyata keçirir. Bunu bütün dünya görür. Sözün həqiqi mənasında bu günlərdə hər bir dövlətin siması bir daha açıldı ki, hər bir dövlət bu vəziyyətdə özünü necə aparır. Azərbaycan doğurdan da ən yüksək səviyyədə etimadı doğruldub. Xalqımızın cənab Prezidentə təşəkkür məktubları, beynəlxalq səviyyədə olan bu etimad dediklərimi təsdiqləyir".
Elman Nəsirov hesab edir ki, virusun yayılmasının artmasında başlıca səbəb insanlardakı məsuliyyətsizliklə bağlıdır:
"Bir nəfər yüzdən artıq şəxsi yoluxdura bilir. Bu gün olduqca məsuliyyətli olmaq lazımdır. Bəzən deyirdilər ki, heç tanışlardan yoluxan adam yoxdur. Amma indi təəssüf ki, bütün tanıdığımız insanlar arasında belə yoluxma halları var. Məsuliyyətsizlik bu gün də var. Məsələn, mənə dünən məlumat gəldi ki, hansısa avtobusda posta yaxınlaşmazdan əvvəl sürücü sərnişinlərə deyir ki, maskalarınızı taxın. Postu keçdikdən sonra isə maskalarını çıxarırlar. Son dərəcə məsuliyyətsiz sürücüdür. Bunu mənə sərnişinlərdən biri söylədi. Bu nə deməkdir? Kimi aldadırıq? Hesab edirəm ki, bu məsələlərdə çox ciddi intizam olmalıdır".