Şəki sakinləri kəndlərdə kombayn olmadığı üçün taxıl sahələrini biçə bilmədiklərindən şikayət edirlər. Onlar bildirirlər ki, şəhərdə olan özəl kombaynlarla da yalnız müəyyən sahibkarların əraziləri biçilir, ya da xüsusi sifarişlər qəbul olunur. Digər sahələrin biçini isə gecikir.
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov Teleqraf.com-a açıqlamasında deyib ki, Şəkidə bir neçə gündür müşahidə olunan yağıntılı hava şəraiti səbəbilə biçinə başlanılmayıb:
"Şəkidə iyulun 1-dən etibarən kütləvi taxıl biçini başlayacaq. Ölkənin kombaynlarının 15 faizi hazırda buradadır. Bu ildən başlayaraq biçin prosesində növbəlilik prinsipi yaratmışıq. Məsələn, bir kənddə 50 nəfər varsa, hamısı deyir ilk mənim sahəm biçilsin. Bir kəndə eyni anda 50 kombayn göndərmək mümkün deyil. Buna görə əvvəlcədən növbə tutulub və növbəli şəkildə biçin aparılacaq. Bütün fermerlərə də bildirilib ki, hansı tarixdə sahələri biçiləcək".
Vüqar Hüseynov bildirib ki, aran rayonlarında demək olar ki, biçin başa çatıb:
"Təxminən 14 rayonda arpa biçini tamamilə başa çatıb. Biçin əvvəl aran rayonlarında başlayır, çünki o ərazilər isti olduğu üçün, taxıl tez yetişir. Daha sonra dağətəyi, sonra isə dağlıq rayonlara keçid edilir. Hazırda 3-4 gündür ki, dağətəyi rayonlarda kütləvi biçin başlayıb. O cümlədən də Şəkinin aran hissəsində".
Onun sözlərinə görə, Şəki taxılçılıq üzrə əsas iki ən böyük rayondan biri olduğuna görə, 67 min hektar sahədə taxıl əkilib:
"Mən Şəkidəyəm, sahələr hələ yaşıldır, taxıl tam yetişməyib. 4 gündür yağış yağdığı üçün kombaynlar sahəyə daxil ola bilmir. Biçin bitən rayonlarındakı kombaynları buraya dislokasiya etmişik. Fürsət başlayan kimi növbəlilik əsasında biçin aparılacaq.
Nə ötən il, nə də bu il kombayn çatışmazlığından söhbət gedə bilməz. Bizdə olan kombaynlarla 3 Azərbaycan qədər ərazi biçmək olar. Nəinki Şəki, heç bir rayonda kimsə deyə bilməz ki, kombayn çatışmazlığı var. Azərbaycan üzrə əkin sahələrinin 60 faizi biçilib".
Vüqar Hüseynov əlavə edib ki, sahələrin biçilməsi üçün Aqrolizinq ASC tərəfindən 38 manat qiymət müəyyənləşdirdirib:
"Kəndlərdə özəl kombaynlar həddindən artıq çoxdur. Onlar ötən illərdə 60-70 manata sahələrdə biçin aparırdılar. Hazırda vahid qiymət müəyyənləşdirildiyi üçün, qiymət artımı edə bilmirlər, ən çətin ərazini 40 manata biçirlər. Kombayn kifayət qədərdir. Kombayn sahibləri də istəyirlər ki, ərazi olsun, biçib pul qazansınlar. Özüm də hazırda Şəkidəyəm, belə problem ola bilməz. Haranı biçək? Məhsul yetişməyib, leysan yağış yağıb. Sahə qurumalıdır ki, biçinə başlanılsın. Biçin 1 iyuldan başlanılacaq, təxminən ayın 15-nə dək başa çatacaq".