Xızı rayon polis şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman respublika ərazisində elan edilmiş xüsusi karantin qaydalarını pozaraq Bakı şəhərindən ölkənin şimal rayonlarına kəndlərarası yollarla sərnişin daşımağa cəhd edən Eldəniz Qurbanovu saxlayıblar.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan bildirilib.
Məlum olub ki, E.Qurbanov sanitariya-gigiyena və karantin qaydalarını pozaraq, istifadələrində olan “Opel” markalı avtomobillə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti almaqla onları ölkənin şimal rayonlarına aparacağını vəd edərək, qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olub.
Faktla bağlı Xızı rayon polis şöbəsində toplanmış materiallar qanunvericiliyin tələblərinə əsasən qərar qəbul edilməsi üçün aidiyyəti üzrə Xızı rayon məhkəməsinə göndərilib və məhkəmənin müvafiq qərarlarına əsasən E.Qurbanov inzibati məsuliyyətə cəlb olunub.