Dünyanı cənginə almış koronavirus pandemiyası Azərbaycandan da yan keçməyib. Bu çətin dönəmdə “Görünməyən qəhrəmanlar” adlandırılan bir çox peşə sahibləri kimi kütləvi informasiya vasitələrinin nümayəndələrinin də rolu danılmazdır.
Teleqraf.com xəbər verir ki, "Gilavar” Azərbaycan Foto Klubu fərqli sosial layihə ilə çıxış edərək, “Evdə qal, evdə yarat” təşəbbüsünə qoşulub və “Koronavirus” adlı virtual foto sərgi hazırlayıb.
Sərginin birinci hissəsi bir müddət öncə pandemiya dövründə fədakarlıqları ilə seçilənlər sırasında mətbuatda çalışan fotoqrafların xüsusi yeri olduğunu, onların öz sağlamlığını təhlükəyə ataraq karantin günlərində virusun yaratdığı fəsadları əks etdirən fotolara həsr olunmuşdu.
Sərgiyə olan maraq nəzərə alınaraq layihənin davamı kimi “Koronavirus 2” adlı ikinci bir virtual sərgi ərsəyə gətirilib.
Layihənin rəhbəri, fotoqraf Rəşad Mehdiyevin sözlərinə görə, bu dəfə foto klub tərəfindən fərqli mövzuda virtual foto sərgi hazırlanıb: "Virtual sərginin yaradılmasında məqsəd heç bir çətinliyə baxmayaraq xəstəlik riskini göz önünə alaraq kadr arxasında qalmaqla peşə fəaliyyətini davam etdirən insanları cəmiyyətə tanıtdırmaqdır.
Eyni zamanda bu insanların çəkdiyi zəhmətə cüzi də olsa dəyər və dəstək verməkdir. İlk virtual sərgidən fərqli olaraq bu sərgidə adi və sərt karantin günlərində yalnız iş başında olan media nümayəndələrinin fotoları sərgilənir.
Virtual sərgidə 5 mətbuat katibi, 19 jurnalist, 19 fotoqraf və 12 video operatorun 55 şəxsi fotosu yer alıb”.
Qeyd edək ki, “Gilavar” Azərbaycan Foto Klubu tərəfindən hazırlanan “Koronavirus” adlı ilk virtual sərgidə 19 azərbaycanlı fotoqrafın pandemiya dövründə çəkdiyi 56 fotosu sərgilənib.